Azərbaycanda axtarılan cinayətkarlar haralarda gizləniblər?

post-img

İnsan alverinə qarşı mübarizə üzrə illik hesabatın müdhiş mənzərəsi

Mayın 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Sahibə Qafarova iclasda mühüm tarixi ildönümləri və beynəlxalq təmaslara dair çıxış etdi. Spiker çıxışında mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı ümummilli liderin müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı misilsiz xidmətlərindən bəhs etdi.

Sahibə Qafarova çıxışında, həmçinin faşizm üzərində Qələbənin 81-ci ildönümünə toxunaraq, Azərbaycanın İkinci Dünya müharibəsindəki həlledici rolunu bir daha diqqətə çatdırdı. O, dövlətin müharibə veteranlarına göstərdiyi diqqəti xüsusi qeyd edərək, həyatını itirənlərin xatirəsinə ehtiramını dilə gətirdi. Parlamentin fəaliyyətinin beynəlxalq müstəvidəki uğurları barədə də məlumat verən Milli Məclis sədri mayın 6-dan 8-dək Monteneqroya işgüzar səfəri və onun nəticələrindən söz açdı.

Sonra cari məsələlər ətrafında müzakirələr aparıldı. Deputat Vüqar Bayramov bildirdi ki, Azərbaycan Zəfərdən keçən qısa müddətdə işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir: “Bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kubmetrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyin töhfə verən dövlətdir. Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşı əhatə edən 5 sosial paket reallaşdırılıb”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov son dövrlər bir sıra anti-Azərbaycan dairələrində ölkəmizlə Ermənistan arasında gedən sülh prosesinə qısqanc yanaşmadan danışdı. “Siyasi, hüquqi və diplomatik müstəvidə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq birliyə çatdırıb ki, daha “Dağlıq Qarabağ” deyilən bölgə mövcud deyil və Azərbaycanın suveren ərazisi olan Qarabağ iqtisadi rayonunun bu terminlə təsvir olunması qəbuledilməzdir”. Deputat onu da diqqətə çatdırdı ki, Azərbaycan ərazilərində yerləşən bütün tarixi və dini abidələr milli-mədəni irsimizə aiddir, mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq onlar etibarlı formada qorunur və heç bir xarici qüvvə dövlətimizin suveren səlahiyyətlərinə aid məsələlərə müdaxilə edə bilməz.

Çıxışlardan sonra gündəlikdəki məsələlər müzakirə edildi. İlk olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair hesabatı təqdim olundu. Məlumatı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov səsləndirdi. Bildirildi ki, 2025-ci ildə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində bir sıra mühüm göstəricilər əldə olunub. Hesabat dövründə görülən işlərin statistik mənzərəsi aşağıdakı kimidir:

Məşğulluq və əmək münasibətlərinə nəzarət sahəsində 18,368 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı kurslarına cəlb edilmiş, tikinti obyektlərində keçirilən 39 səyyar yoxlama zamanı 1.047 işçidən rəsmi qeydiyyatı olmayan 75-i aşkarlanıb. Nəticədə 1 işəgötürən barəsində materiallar Baş Prokurorluğa göndərilib, 18-i isə 92,200 manat cərimə edilib. Eyni zamanda, reydlər zamanı nəzarətsiz qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn müəyyən olunaraq aidiyyəti orqanlara 510 material göndərilib, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülüb.

İnsan alveri ilə mübarizə çərçivəsində 198 (-8) cinayət faktı (o cümlədən 152 (-9) insan alveri, 45 (+1) sənəd qanunsuzluğu) qeydə alınb, bunların 97 faizi açılıb və 6 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllər üzrə 10 (-5) cinayət işi başlanılıb, 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb edilib, 12 nəfər (11-i qadın) məhkəməyə verilib və 14 insan alverçisi (4 kişi, 10 qadın) azadlıqdan məhrum edilib. Axtarışda olan 31 (+1) nəfərdən 15-i (-1) tutulub, hazırda 10 (-1) şəxsin (7-si Türkiyə, 1-i Pakistan, 1-i Rusiya, 1-i BƏƏ) beynəlxalq axtarışı davam edir.

Qurbanların müdafiəsi və reabilitasiyası istiqamətində müəyyən edilmiş 46 (-45) nəfərin (hamısı qadın; 33-ü Türkiyə, 10-u BƏƏ, 3-ü Pakistanda istismara məruz qalanlar; 4-ü 18-25, 28-i 25-35, 14-ü 35+ yaşlı) hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, onlar sığınacaqlara yerləşdirilərək tibbi və hüquqi yardımla təmin olunub. Qurbanlardan 16-sı peşə kursuna, 9-u işə, 11-i sosial yardıma yönəldilib, 23-ü ailəsinə qaytarılıb, həmçinin 45 nəfərə müxtəlif QHT-lər tərəfindən sosial xidmətlər göstərilib. Onların uşaqlarından 11-i tədris ləvazimatı, 5-i təhsil proqramı, 11-i sənədləşmə, 8-i isə alimentlə təmin edilib.

Sonda illik hesabat səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

***

Daha sonra gündəlikdəki digər məsələ olan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək. Həmçinin sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək. Bildirildi ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edildi.

“Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər də birinci oxunuşdan keçdi. Yeni qaydalara görə, əkin və çoxillik əkmələr altındakı kənd təsərrüfatı torpaqlarında kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə artıq bərpa dəyəri ödənilməyəcək. Sənəddə ağac və kol anlayışları dəqiqləşdirilərək, kolların kəsilməsi üçün xüsusi məlumatlandırma icraatı müəyyən edildi. Bu prosedura əsasən, ərizəçi informasiya sistemi vasitəsilə müvafiq sənədləri və fotoşəkilləri təqdim etməli, dövlət qurumu tərəfindən 10 təqvim günü müddətində əsaslandırılmış irad bildirilmədikdə kəsimi həyata keçirə bilər. Qanun layihəsində həmçinin yalan və ya təhrif olunmuş məlumatların verilməsi qəti qadağan edilir.

“Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeniliklərə əsasən, müddətli hərbi xidmətə çağırılan diplomatik xidmət əməkdaşlarına orta aylıq məvaciblərinin 3 misli miqdarında müavinət ödəniləcək, hərbi xidmətdən buraxıldıqdan sonra 60 gün ərzində müraciət edənlər isə əvvəlki və ya analoji vəzifələrinə bərpa olunacaqlar. Əməkdaş vəfat etdikdə və ya məhkəmə tərəfindən itkin düşmüş və ya ölmüş elan edildikdə, onun vərəsələrinə məvacibinin 4 misli həcmində müavinət veriləcək. Həmçinin dövlət məvacibinin strukturu yenidən müəyyən edilərək vəzifə maaşı, diplomatik rütbə, təmsilçilik, əlavə iş saatları və xüsusi əmək şəraiti ilə bağlı digər əlavələrdən ibarət olacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Gündəlikdəki digər qanun layihələrinin də müvafiq oxunuşlarda qəbul edilməsindən sonra Milli Məclisin plenar iclası işini yekunlaşdırdı.

Tacir SADIQOV
XQ

Siyasət