Azərbaycan paytaxtı WUF13-ü yüksək hazırlıqla qarşılayır

post-img

Paytaxt Bakı bir neçə gün sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu isə o deməkdir ki, Odlar Yurdu Azərbaycan yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevriləcək.

2001-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilmiş və BMT-Habitat tərəfindən çağırılan Dünya Şəhər Forumu (WUF) davamlı urbanizasiya üzrə aparıcı qlobal konfransdır. Hər iki ildən bir keçirilən bu tədbir sürətli urbanizasiyanın şəhərlərə, icmalara, iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirlərini araşdırır. Yarandığı gündən bəri WUF dünyanın müxtəlif şəhərlərində ev sahibliyi edir və ilk sessiyası 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib.

Forum məzmunu və əhatə dairəsi baxımından BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyət daşıyan qlobal platforma hesab olunur. Azərbaycanın belə mötəbər bir tədbiri yüksək səviyyədə təşkil edəcəyinə heç bir şübhə yoxdur. 2024-cü ilin noyabrında Bakıda baş tutan COP29-un beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi də bu fikri əsaslandırır.

WUF13 BMT-nin İnsan Məskənləri Proqramı — “UN-Habitat” və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” olaraq müəyyənləşdirilib. WUF13 qlobal mənzil böhranına həll yollarını inkişaf etdirmək və Yeni Şəhər Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirmək üçün hökumətləri, şəhərləri, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri və vətəndaş cəmiyyətini bir araya gətirəcək. WUF13 xüsusilə qlobal mənzil böhranı, dayanıqlı şəhər idarəçiliyi, iqlim dəyişikliklərinə qarşı şəhər dayanıqlılığı, əlçatan yaşayış infrastrukturu və “ağıllı şəhər” modelləri üzərində fokuslanacaq.

Qeyd olunmalıdır ki, ölkəmiz iqlim dəyişiklikləri və şəhərsalma ilə bağlı qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşdırılmasında etibarlı tərəfdaş kimi tanınır. WUF13-ün ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunun və beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması isə Azərbaycanın bu foruma ev sahibliyi etdiyi dövrdə şəhərsalma siyasətinə verdiyi xüsusi önəmin və bu sahəni strateji prioritet kimi müəyyənləşdirdiyinin təzahürüdür.

Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17–22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri ilə tanış olub. Qeyd edək ki, forumun keçirildiyi ümumi ərazi 53 hektardır. Bunun 43 hektarı əsas tədbir zonası, 10 hektarı isə nəqliyyat, transfer və parklanma sahələridir. Bütün funksional istiqamətlər – qeydiyyat, sessiyalar, sərgi, media, könüllülər və texniki xidmətlər vahid əməliyyat sistemi üzrə təşkil olunub. Açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan zal 6000 nəfərlikdir. Paralel tədbirlər zonasında gündə təxminən 300 sessiya və görüşün keçirilməsi planlaşdırılır. Burada BMT-nin 6 rəsmi dili ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək, həmçinin əlilliyi olan şəxslər üçün işarə dili xidməti olacaq.

Son məlumatlara əsasən, forum proqramı artıq ictimaiyyətə təqdim olunub. Proqram çərçivəsində yüksək səviyyəli siyasi dialoqlar, tematik panel müzakirələri, urban innovasiya sessiyaları və praktik həll platformaları təşkil ediləcək. Forumun əsas məqsədlərindən biri şəhərlərin gələcəyi ilə bağlı qlobal siyasətlərin formalaşdırılmasına töhfə verməkdir. Hazırda forum üçün qeydiyyat prosesi davam edir. Təşkilatçılar həm fiziki, həm də onlayn iştirak imkanları yaradıldığını açıqlayıblar. Forum çərçivəsində Urban Expo adlı beynəlxalq sərgi də keçiriləcək. Burada müxtəlif ölkələrin şəhərsalma layihələri, innovativ həlləri və dayanıqlı inkişaf modelləri nümayiş etdiriləcək.

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb. WUF13 mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yeni bir komponent - Biznes və İnnovasiya Mərkəzini təqdim edib. Bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq. O, WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək və əsas diqqəti innovasiya, investisiya və icra məsələlərinə yönəldəcək.

Qeyd edək ki, Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədləri mənzil təminatının real təcrübədə necə həyata keçirildiyini göstərmək və səmərəli əməkdaşlıq və əlaqələndirmə üçün platforma yaratmaqdır.Proqram innovativ mənzil təminatı və əsas xidmətlər üzrə həll yollarının inkişafı ilə məşğul olan özəl sektor nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirəcək. Biznes və İnnovasiya Mərkəzinin səhnəsində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək. Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq.

Bütün dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı edəcəyi pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.

Ümumiyyətlə, qlobal miqyasda foruma qatılımın yüksək olması gözlənilir. WUF13-də 178 ölkədən 30 mindən çox iştirakçının qatılması gözlənilir. Tədbirdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi şəhərsalma, “ağıllı şəhər” və “yaşıl enerji zonası” layihələri beynəlxalq platformada təqdim ediləcək. WUF13 tarixində ilk dəfə Liderlər Sammiti də keçiriləcək.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat