“Gadamly” quru yük gəmisi Xəzərdə reysə çıxıb
Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına yan alıb. Bu münasibətlə dünən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında yeni gəminin rəsmi qarşılanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən ADY sədrinin müavini Arif Ağayev Orta Dəhliz boyunca regional əməkdaşlığın gücləndirilməsi, limanlararası əlaqələrin genişləndirilməsi və Xəzər hövzəsində dayanıqlı nəqliyyat-logistika ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.
Bunu əlamətdar hadisə kimi dəyərləndirən sədr müavini Türkmənistanda istehsal olunmuş quru yük daşıyıcısının Xəzər sularında üzməyə başlaması münasibətlə Azərbaycan və Türkmənistandakı həmkarlarına təbriklərini çatdıraraq deyib: “Bu təkcə bir gəminin istehsalı və suya buraxılması deyil, həmçinin bizim əlaqələrimizin daha da sıx olması üçün bir addımdır. Bildiyiniz kimi, Orta Dəhliz artıq bir ciddi alternativə çevrilməyə doğru gedir, onun əhəmiyyəti artır. Və bu dəhliz üzərində olan ölkələrin hər biri öz infrastrukturunu təkmilləşdirməli, artan yük həcminin daşıyacaq bir vəziyyətə gətirməlidir. Biz Azərbaycan Dəmir Yolları olaraq, Bakı Beynəlxalq Dəniz Limanı olaraq öz infrastrukturumuzu genişləndiririk. Əsas dəmir yolu üzərindəki yollar təkmilləşdirilir, yeni lokomotivlər, vaqonlar alınır”.
Bakı Dəniz Limanının ötürücülük qabiliyyətinin 150 min TEU təşkil etdiyini bildirən A.Ağayevin sözlərinə görə, hazırda həyata keçirilən tədbirlər nəticəsində dibdərinləşdirmə işləri və yeni alınacaq avadanlıqların köməyilə bu həcm 260 min TEU-ya çatdırılacaq. ADY rəsmisi onu da deyib ki, təmsil etdiyi qurum infrastrukturu genişləndirir, xüsusilə əsas dəmir yolları təkmilləşdirilir, yeni lokomotivlər və vaqonlar alınır.
Qeyd edilib ki, hazırda Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımaları üçün növbəti gəmi istehsal olunur. Orta Dəhlizdə yük daşımaları həyata keçirmək üçün inşa edilən növbəti gəminin adı isə “Mənzil” olacaq: “Bu, əlamətdar hadisədir, Orta Dəhlizə, Avrasiya nəqliyyat marşrutuna artan inamın, etimadın bariz nümunəsidir. “Gadamly” gəmisinin ardınca yaxın aylarda yükqaldırma gücü 240 TEU təşkil edən daha bir gəminin suya buraxılması nəzərdə tutulur. Düşünürəm ki, bu, 2026-cı ilin payız ayının sonlarına təsadüf edəcək. Bir neçə gün öncə limanın heyəti Türkmənbaşıda səfərdə idi və biz Türkmənistan Prezidentinin bilavasitə iştirakı ilə “Gadamly” gəmisini səfərə yola saldıq və bu gün onu qarşıladıq”.
Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov çıxışı zamanı “Gadamly” quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanına ilk səfərini iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafında mühüm hadisə kimi qiymətləndirib. Türkmənistanın Xəzər regionunda tərəfdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayan səfir deyib: “Bu gəminin ilk səfərini Bakı Limanına etməsi təsadüfi deyil. Bu, Türkmənistanın qardaş Azərbaycanla ikitərəfli münasibətlərinin inkişafına, xüsusən də nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini göstərir və iki qardaş xalqın dostluğunun rəmzidir”.
Yüksək səviyyəli danışıqların və görüşlərin Türkmənistan–Azərbaycan əməkdaşlığının gücləndirilməsində əsas rol oynadığını vurğulayan səfir bu baxımdan nəqliyyat da daxil olmaqla bütün sahələrdə strateji və mehriban qardaşlıq münasibətlərinin inkişafına şəxsi töhfələrini və əhəmiyyətli dəstəyini verən Prezidentlər Serdar Berdiməhəmmədova və İlham Əliyevə, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADY, o cümlədən “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin rəhbərliklərinə minnətdarlığını çatdırıb.
“Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru Eldar Salahov isə bildirib ki, bu il Bakı Limanında aşırılacaq konteynerlərin həcminin ötən illə müqayisədə 13 min TEU çox, yəni 120 min olması hədəflənir. Hazırda isə 4 aylıq aşırma göstəriciləri ilə bağlı operativ məlumatların hazırlandığını vurğulayan baş direktorun sözlərinə görə, Türkmənistan istehsalı olan gəminin istifadəyə verilməsi, 7-ci körpünün fəaliyyətə başlaması limanın konteyner əməliyyatlarının daha sürətli, daha çevik idarə olunmasına xidmət edəcək. Bununla yanaşı, İtaliya istehsalı olan 125 ton yükqaldırma imkanına malik mobil liman kranının istifadəyə verilməsi yükaşırma imkanlarının artırılmasına imkan yaradacaq.
Qeyd edək ki, yükgötürmə qabiliyyəti 6 min 100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək. Gəmi Bakı–Türkmənbaşı istiqamətində konteyner daşımalarının optimallaşdırılmasına xidmət etməklə yanaşı, Orta Dəhliz üzrə artan yük tələbatının qarşılanmasına əlavə imkan yaradacaq.
Yeri gəlmişkən, “Gadamly” Türkmənistanın Balkan Gəmiqayırma Zavodunda tikilmiş ilk dəniz gəmisidir. Layihənin 2024-cü ilin payızında Cənubi Koreya şirkəti ilə birgə həyata keçirilməsinə başlanılıb. Konteyner daşınması üçün nəzərdə tutulan gəmi Xəzər regionundakı marşrutlarda fəaliyyət göstərəcək. Yerli quru yük gəmisinin suya salınması milli donanmanın inkişafında, dəniz infrastrukturunun modernləşdirilməsində və ölkənin logistika əlaqələrinin genişləndirilməsində mühüm addım kimi qəbul edilir. Onun Xəzər dənizində nəqliyyat əməliyyatlarının bir hissəsinə çevriləcəyi və beynəlxalq marşrutlara daxil olmaqla yükdaşımanın effektivliyini artıracağı gözlənilir.
Mirbağır YAQUBZADƏ
XQ


