Bir vaxtlar uğur deyəndə ağla ilk gələn sabit l iş, aylıq maaş və illərlə pillə-pillə yüksələn karyera idi. Valideynlər övladlarına “daimi iş tap”, “dövlət qulluğuna get” kimi tövsiylər verirdilər. Lakin müasir dövrdə bu yanaşma əvvəlki kimi birmənalı qəbul edilmir.
Bu gün gənclərin böyük bir hissəsi üçün uğur anlayışı təkcə diplom və ofis işi ilə ölçülmür. Sosial media platformaları – xüsusilə TikTok, Instagram və YouTube – gənclərə daha sürətli tanınmaq və özünü ifadə etmək imkanı yaradır. Qısa müddətdə geniş auditoriyaya çıxmaq, təsir gücü qazanmaq və maddi gəlir əldə etmək artıq üstün dəyərlər kimi görünür.
Psixoloq Aytən Qasımova qeyd etdi ki, uğur təsadüfi deyil, daha çox düzgün seçimlərin nəticəsidir:
– Uğur qazanmaq düzgün ixtisas seçimi və gerçək karyera planından asılıdır. Sosial media və rəqəmsal mühit gənclərin düşüncə tərzinə ciddi təsir göstərib. Sosial media və sosial şəbəkələrin həyatımızda mühüm rolu var. Bu da gənclərin gələcək karyera fikirlərinin formalaşmasına güclü təsir edir.
Mütəxəssis ənənəvi və müasir uğur modelləri arasındakı fərqi belə izah etdi:
– Ənənəvi karyera üçün illərlə oxumaq, təcrübə toplamaq çox vacib idi və bilirdik ki, bunun sonunda böyük uğur hissi bizi gözləyir. Amma sürətlə dəyişən dünyada uğur anlayışı və bu uğura münasibət daha çox fərdi xarakter daşıyır. Sosial müqayisələri də gənclərin düşüncəsinə təsir edir. Valideynlərin övladlarını başqaları ilə müqayisə etməsi ilk baxışda təsirsiz görünsə də, bu, xüsusilə yeniyetməlik və gənclik dövründə verilən mühüm qərarlara təsir edir.
Bu müqayisələr gəncdə iki formada özünü göstərə bilər – ya rəqabət hissi yaradır, ya da qısqanclıq. Bu gün uğur artıq hamı üçün eyni məna daşımır. Bəziləri üçün bu, stabil həyat və peşəkarlıqdırsa, digərləri üçün azadlıq, yaradıcılıq və sürətli tanınmaqdır. Sosial psixologiya baxımından isə bu dəyişiklik sosial təsir və sosial təsdiq ehtiyacı ilə bağlıdır. İnsanlar uğuru yalnız daxili meyarlarla deyil, cəmiyyətin reaksiyası – “bəyənmə”lər, izləyici sayı və diqqət ilə də ölçməyə başlayıblar. Bununla belə, sürətli populyarlığın davamlı olub-olmaması sual altındadır.
Müsahibimiz sonda qeyd etdi ki, qısa müddətli uğur tez əldə olunsa da, onu qoruyub saxlamaq daha çətin olur:
– Sabit karyera daha uzun yol tələb etsə də, dayanıqlı nəticələr və təminat vəd edir. Nəticə etibarilə, gənclərin uğur anlayışının dəyişməsi bir problemdən çox, yeni reallığın göstəricisidir. Seçimlərin çoxalması fərdiləşməni artırır. Əsas məsələ isə hansı yolu seçmək deyil, bunun nə qədər məqsədyönlü və davamlı olmasıdır. Çünki uğur yalnız sürətlə əldə edilən nəticə deyil, həm də itirilməyən dəyərdir.
Fatimə MƏMMƏDLİ,
III kurs tələbəsi


