Baş ucaldan mərd oğul

post-img

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Fəridə Ləmanın yeni kitabı “Şuşa fatehi – Yunis Kazımov” adlanır. O, Qarabağ savaşı başlanan gündən qələmini süngü edən şairlərdəndir. Dəfələrlə cəbhə bölgələrində olub, vətən üçün can verən əsgərlərimiz haqqında dəyərli əsərlər ortaya qoyub.

Şair-publisistin yeni poeması şəhid baş leytenant, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenli igid Yunis Kazımov haqqındadır. Ötən günlərdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda, eləcə də Qazaxda kitabın təqdimat mərasimi keçirilib.

Mərasimlərdə poema qəhrəman Vətən oğlunun örnək ömrünə işıq saçan bədii mənbə kimi dəyərləndirilib. İlk səhifələrdən oxucunu əsl vətənpərvərlik duyğularının sardığı vurğulanıb.

Yunis dünyaya gələndə nankor ermənilər onun ata yurdunu işğal etmişdilər.

İşğal üstündən işğal,
Qacqın, köckün harayı.
Uçmuşdu ömrümüzün,
Tale adlı sarayı.

Yunis böyüdükcə hərbi geyimli əsgərlərə həsrətlə baxır, “mən də belə bir əsgər olacağam”, - deyə düşünürdü. Nəhayət, hərbi qulluq dönəmi gəldi. Arzusu Xüsusi Təyinatli Qoşunlarda əsgər olmaq, ömrümüzün tale sarayını yenidən ucaltmaq idi. İstəyinə yetincə onun sevinci aşıb-daşdı. Yunis ilk gündən özünü bacarıqlı zabit, əsgər kimi tanıtdı. Müdafiə Nazirliyi tərəfindən III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olundu.

Kitabın redaktoru – Türkiyənin Muş şəhərindəki Alparslan Universitetinin kafedra müdiri, professor Tamella Abbasxanlı–Əliyeva əsər haqqında düşüncələrini böyük sevgi ilə qələmə alıb. O yazır ki, Fəridə xanım onlarla şəhid haqqında dəyərli əsərlər yaradıb. Bu poema da o sıradandır. Poemanı oxuyan hər kəs, sanki, Yunisə qoşularaq savaşa gedir və Qarabağ uğrunda döyüşlərə qatılır. Ön sözün müəllifi şəhid ruhlarını sevindirən belə əsərlərin daha da çox olmasını arzulayır.

Vətən müharibəsi başlananda Yunisin sorağı Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Qırmızı Bazardan gəldi. Güllələr yağış kimi əsgərlərin üzərinə yağırdı. Baş leytenant tabeliyində olan döyüşçüləri qoruyurdu, az qala onlardan ötrü canını qurban verməyə hazır idi. O günlərdə Yunisin I Qarabağ müharibəsi veteranı olan cəsur polis atası Qasım Kazımov onun igidliyi haqqında xəbərlər alır, Allaha dua edir ki, balası sag-salamat qayıtsın. Fəridə Ləmanın bədii təsvirində atanın həyəcanları oxucunun göz yaşına səbəb olur.

Mərd atadan mərd oğul,
Yada düşmən, mərdə qul.
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul.

Şair əsərdə Yunisin uşaqlığını, orta və ali məktəbdə oxuduğu illəri ustalıqla yazıb, dilimizin gözəlliklərindən bacarıqla istifadə edib. Fəridə Ləman Yunisin cəbhədə keçirdiyi günləri həyəcanla təsvir edib. Yunis bəyaz saclı anasını, gecələr uyumayan atasını, sübhədək səksəkədə olan ömür-gün dostu Zöhrəni, yeganə oğlunu düşünüb kövrəlsə də, hissiyyata qapılması tez ötür, o, “Öncə Vətən!” deyərək, bir aslan kimi irəli atılır.

Yunis dəstəsi ilə Kəlbəcərə yollanır. 3000 metr yüksəklikdəki mövqeləri düşmənlərdən təmizləmək üçün əsgərlərini ruhlandırır, “su uyuyar, düşmən uyumaz” – deyərək ayıq-sayıq olmağa çağırır. Onlar tapşırığı uğurla yerinə yetirirlər.

Bu da Şuşa! Cənab Prezidentə zəfər haqqında məruzə edən dəstədə qurur hissi keçirən Yunis də vardı. Haqq-ədaləti hər şeydən üstün tutan Ali Baş Komandan iğid Yunis Kazımovu Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşanın azad olunmasına görə medallarla təltif etdi. Daha sonra “Azərbaycan Bayrağı” və III dərəcəli “Rəşadət” ordenləri, “Vətən Uğrunda” medalı gəldi.

…2022-ci il sentyabrın 13-də məğlub düşmənin silahlı tör-töküntüləri yenidən Kəlbəcər dağlarında təxribat yaradır. Yunis tabeliyində olan əsgərlərlə savaşa girir. Və o savaşda iğid komandir snayper atəşinə tuş gələrək şəhid olur. Bütün bunlar poemada ustalıqla qələmə alınıb.

Fəridə Ləman Yunisin 2021-ci ildə ailə həyatı qurduğu Zöhrə xanımla son söhbətini də təsirli boyalarla təqdim edib. O söhbət yarımçıq qalsa da, şair özünün bədii təxəyyülü ilə dialoqu tamamlayır: Yunis son sözündə Zöhrəsinə deyir ki, balamız Əlini qoruyun. O da mənim kimi qəhrəman olsun.

Zöhrə tez-tez Əlini də dogma Qazax rayonunun Kəmərli kənd məzarlığında uyuyan Yunisin ziyarətinə aparır. Hər dəfə Əli anasından soruşur ki, atam nə zaman evə gələcək? Zöhrə üzündəki solğun təbəssümlə: - Sən də onun kimi komandir olanda atan evə qayıdacaq, - deyir. Bu yalana oğlu Əli də, o özü də inanır…

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat