Türkiyədə Azərbaycan Kino Günləri çərçivəsində Bursa şəhərinin Uludağ Universitetində “Qaynana” bədii filmi xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətlə yubiley mərasimində nümayiş etdirilib.
Uludağ Universitetinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Türkiyənin Bursa şəhəri Mədəniyyət və Turizm İdarəsinin təmsilçilərinin, ali təhsil müəssisəsinin müəllim-tələbə heyətinin iştirak etdiyi məclisdə çıxış edənlər Nəsibə Zeynalovanın yaratdığı obrazların tamaşaçıları güldürməklə yanaşı, həm də dərindən düşündürüb islah etdiyini bildiriblər. Sənətkarın Azərbaycan teatr məktəbinin seçkin nümayəndələrindən biri kimi milli səhnə sənətimizin inkişafına verdiyi töhfələrdən də bəhs edilib.
Ekran əsərinin izləyiciləri, xüsusən filmi ilk dəfə seyr edənlər maraqla qarşılayıblar.
Xatırladaq ki, “Qaynana” filmini rejissor Hüseyn Seyidzadə 1978-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırıb.
XQ


