Bu gün böyük maarifçi Həsən bəy Zərdabinin doğum günüdür

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, ictimai xadim və alim Həsən bəy Zərdabinin doğum günüdür. Onun zəngin irsi və xalqın maariflənməsi naminə göstərdiyi misilsiz xidmətlər bu gün də böyük ehtiramla yad edilir.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya göz açıb. İlk təhsilini doğma kəndində alan Zərdabi daha sonra Tiflisdə təhsilini davam etdirib və ali təhsilini Moskva Universitetində başa vurub. Təbiət elmləri üzrə mütəxəssis olsa da, o, həyatını yalnız elmə deyil, xalqın maariflənməsinə, milli oyanışa və mədəni inkişafına həsr edib.

1869-cu ildən etibarən Bakıda müəllim kimi fəaliyyət göstərən Həsən bəy Zərdabi gənc nəslin savadlanması üçün böyük səylər göstərib. O, təhsilin cəmiyyətin inkişafında əsas amillərdən biri olduğuna inanır, insanları elmə və müasir düşüncəyə təşviq edirdi.

Azərbaycan milli teatrının formalaşmasında da onun mühüm rolu olub. 1873-cü ildə Mirzə Fətəli Axundzadənin əsərlərinin səhnələşdirilməsində yaxından iştirak etməsi ölkədə peşəkar teatr sənətinin yaranmasına mühüm təkan verib.

Həsən bəy Zərdabinin tariximizdə ən böyük xidmətlərindən biri isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan "Əkinçi"ni nəşr etdirməsidir. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" milli mətbuatın təməlini qoydu, xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ictimai fikrin inkişafına əvəzsiz töhfə verdi. Qəzetdə elm, kənd təsərrüfatı, təhsil, mədəniyyət və cəmiyyətin müxtəlif problemlərinə dair yazılar dərc olunur, insanlarda yenilikçi düşüncə tərzi formalaşdırılırdı.

"Əkinçi"nin bağlanmasından sonra da Həsən bəy Zərdabi publisistik fəaliyyətini davam etdirərək müxtəlif qəzet və jurnallarda Azərbaycan və rus dillərində yüzlərlə elmi, maarifçi və ictimai məqalə ilə çıxış edib. Onun yazıları cəmiyyətin tərəqqisinə, savadlı nəslin yetişməsinə və milli dəyərlərin qorunmasına xidmət edirdi.

Maarifçi ziyalı qadınların təhsil almasının vacibliyini də xüsusi önəmli hesab edən Zərdabi 1901-ci ildə Bakıda ilk azərbaycanlı qız məktəbinin açılmasına mühüm dəstək göstərib. Bu addım ölkədə qadın təhsilinin inkişafında tarixi mərhələlərdən biri kimi qiymətləndirilir.

Ömrünün son illərində Bakı Şəhər Dumasının maarif şöbəsində çalışan Həsən bəy Zərdabi ömrünün sonunadək xalqına xidmət etməkdən geri qalmayıb. O, 1907-ci il noyabrın 28-də vəfat edib. Əvvəlcə Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunan görkəmli ziyalının məzarı sonradan Fəxri xiyabana köçürülərək xalqın dərin ehtiramının rəmzinə çevrilib.

Aradan uzun illər keçməsinə baxmayaraq, Həsən bəy Zərdabinin ideyaları bu gün də aktuallığını qoruyur. Onun maarifçilik fəlsəfəsi, söz və mətbuat azadlığı uğrunda apardığı mübarizə, elmə və təhsilə verdiyi dəyər Azərbaycan jurnalistikasının və milli mədəniyyətinin inkişaf yolunda əbədi örnək olaraq yaşayır.

Mədəniyyət