Vətən qurbanına el ehtiramı

post-img

Ölkəmizin hər yerində olduğu kimi, Masallıda da şəhid ruhlarına sonsuz ehtiram bəslənilir. Bu günlərdə rayon rəhbərliyi Birinci Qarabağ müharibəsi şəhidi Rüstəm Qənimət oğlu Qasımovun məzarının təmiri, yenidən qurulması və ətrafının səliqəyə salınması üzrə görülən işlərlə tanış olub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bundan əvvəl də eyni missiya ilə Ərkivan, Həsənli, Təzə Alvadı, Boradigah, Türkoba, Sərçuvar, Öncəqala, Təzəkənd, Göyəçöl, Çaxırlı, Qızılavar, Şərəfə, Güllütəpə, Bədəlan və başqa kəndlərdə olub, Vətən uğrunda canından keçmiş igidlərin məzarlarını ziyarət edib, şəhid ailələrinin sosial qayğıları ilə maraqlanıb. Rayon rəhbərliyinin şəhər xəstəxanasında müalicə alan şəhid atası Aqil Nağıyevlə və Hişkədərə kəndində səhhətində problem yaranmış şəhid atası Həzrətqulu Lələyevlə görüşləri də xəstələrə mənəvi dəstək olub. Viləş kəndində şəhid qardaşlar – Nurlan və İntiqam Əsgərlilərin ev-muzeyi ziyarət edilib, Aprel döyüşlərinin qəhrəmanı olan Nurlanın anım mərasimi keçirilib.

İgid vətən oğlu Rüstəm Qasımovun dəfn olunduğu Xırmandalı kənd qəbiristanlığında şəhid ruhlarına əbədi ehtiram duyğuları ifadə edilib. Rüstəmin məzarının üstünün abadlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin başa çatdığı bildirilib. Eyni zamanda, şəhidin qardaşı üçün fərdi yaşayış evinin inşa edildiyi vurğulanıb.

Ziyarət zamanı rayon icra hakimiyyətinin başçısı orada uyuyan digər şəhidlərin də məzarlarının vəziyyəti ilə maraqlanıb. O, şəhidlərin xatirəsinin əziz tutulmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və bu sahədə görülən işlərin davamlı xarakter daşıdığını qeyd edib.

Həmin gün ziyarətçilər Yeyənkənd ərazisinin Xəlfələr kəndindəki qəbiristanlığa da baş çəkərək, şəhidlərin məzarüstü abidələri önünə tər gül dəstələri düzüblər. Şəhidlərin valideynləri, din xadimləri, ziyalılar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat