Heydər Əliyev və memarlıqda milli üslub

post-img

Ulu öndər Heydər Əliyev hələ gənclik illərindən memarlığa böyük həvəs göstərib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb, amma İkinci Dünya müharibəsinin başlanması ona orada təhsilini sona çatdırmağa imkan verməyib. Bununla belə, Ümummilli liderin memarlığa sevgisi və diqqəti könlündə həmişəlik yurd salıb.

Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib. “Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib”, – deyərək, memarlıq və inşaat sahəsində də böyük tərəqqi əldə edilməsini prioritet sayıb. Paytaxtımızda və digər şəhərlərimizdə memarların yüksək ustalığına ünvan olan ictimai və yaşayış binaları, parklar, memarlıq ansamblları meydana gəlib. Bu sahədə həm kəmiyyətə, həm də keyfiyyət və bədii-estetik səviyyəyə tələb artıb.

Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq, qısa bir dönəmdə Azərbaycan memarlıq və şəhər salnaməsində artıq estetik dəyişikliklərə start verildi. Ümummilli liderin Azərbaycan memarları qarşısında qoyduğu ilk tapşırıq belə idi ki, tikilinin formasından asılı olmayaraq, milli üslub, milli kolorit, tarixi, klassik memarlıq adət-ənənələri davam etdirilməlidir. Baxmayaraq ki, həmin dövrlərdə SSRİ məkanında o cür formatda tikililərin layihələndirilməsinə belə icazə verilmirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu öndər konseptual həllini özü təyin etdiyi layihələrin həyata vəsiqə almasına nail olurdu. O tikililərin layihələndirməsində, necə deyərlər, süjet xəttini özü verir və hətta memarlarımız tərəfindən layihələr işləndikcə mütəmadi olaraq müzakirələr aparırdı. Yəni demək olar ki, layihələri özü memarlarımızla birgə işləyirdi. Bu, dünya tarixində müşahidə olunmamış bir hadisədir. Məhz bunun nəticəsində həmin dövrlərdə müasir şəhərsalma prinsiplərinə və xalq təsərrüfatının tələbinə uyğun olaraq, şəhərlərimizin yeni baş planları işləndi, yaşayış məntəqələrinin siması köklü şəkildə dəyişdi. Əgər ona qədər Azərbaycanda cəmi 37 şəhərin baş planı vardısa, 70–80-ci illərdə 60 şəhərin və bir sıra şəhər tipli qəsəbələrin baş planları işlənildi. Beləliklə də, bir-birindən gözəl, milli üslubda ucaldılan tikililər epoxası başlandı.

Ümummilli lider tikililərin layihələndirilməsi ilə yanaşı, onların yerini də özü seçir, ətraf mühitlə harmoniyanı nəzərə alırdı. Bu isə memarlıqda ən əsas amillərdəndir. Buna misal olaraq “Respublika” sarayı və qarşısındakı geniş ərazinin təmizlənib abadlaşdırılması oldu. Həmin sarayın konsert salonu 2500 tamaşaçı üçün nəzərdə tutulmuşdur. Mühüm ictimai-siyasi toplantıların keçirildiyi binanın dekorativ tərtibatında bahalı materiallardan istifadə edilmişdir. Sarayın qarşısındakı geniş meydan və bağ, eləcə də vağzalyanı meydanın formalaşması Bakının Baş planı üzrə reallaşan bulvarın yaradılması istiqamətində həyata keçirilən ilk tədbirlərdən olmuşdur. Götürək Gülüstan Sarayını. Bu abidə də Heydər Əliyev ideyasının təcəssümüdür. Sarayın ərsəyə gəlməsində tapşırıq birmənalı milli üslub və ərazinin düzgün seçimi idi. Heydər Əliyev bu sarayların ucaldılmasına, onların memarlıq və tərtibatına xüsusi diqqət yetirir və bütün böyük tikintilərdə olduğu kimi, burada da işlərin gedişini şəxsi nəzarətində saxlayır, bir sıra prinsipial məsələlərin həllində şəxsən iştirak edirdi.

Ümummilli lider memarlıqda milliliyin tərənnüm olunmasını hətta yeraltı keçidlərdə, metro stansiyalarında da tətbiq etdirdi. Daha dəqiq desəm, metro stansiyalarını tunel anlamından yeraltı muzey formatına qaldırdı: başdan-başa milli üslub, milli kolorit. Mozaikadan yığılma rəngarəng milli ornamentlərlə zəngin elementlər, təsvirlər. Elə “Nizami” metro stansiyasına baxmaq yetər ki, bu barədə qənaət birmənalı möhkəmlənsin. Təsadüfi deyil ki, Bakının sürətli yeraltı ictimai nəqliyyat aləmi bu gün dünya səviyyəsində memarlıq zənginliyini özündə əks etdirməkdə birincilər sırasındadır.

Milli heykəltəraşlığın inkişafı da Heydər Əliyevin uca adı ilə bağlıdır. O dövrlərdə mədəniyyətimizin klassiklərinə, görkəmli ədiblərimizə, dünya şöhrətli incəsənət xadimlərimizə, qəhrəmanlarımıza ardıcıl olaraq bir-birindən gözəl monumental abidələr, abidə kompleksləri ucaldıldı. Heykəltəraşlıq tariximizdə xüsusilə qəhrəmanlıq mövzulu heykəllərin varlığı gənclərimizin vətənpərvər ruhda böyüməsinə təkan verdi. Bir memar kimi deyə bilərəm ki, Ümummilli liderimiz vətənpərvirlik tərbiyəsinin yeni formulasını yaratdı. Bir var, qəhrəmanlıq mövzusunda film – buna insanlar il ərzində 1 və ya 2 dəfə baxa bilirlər – bir də var, hər gün rast gəlinib göz-könül oxşayan heykəllər, abidə komplekslərinin yaratdığı ruhi assosiasiya.

Ulu öndərin təşəbbüsü ilə ucaldılan abidələr Azərbaycan heykəltəraşlıq məktəbinin intibahı ilə yanaşı, tariximizin yaddaşlara yazılması, dünya ictimaiyyətinə çatdırılması baxımından da önəmlidir. Milli memarlığın layiqli urvata çatması sayəsində onlarca Azərbaycan heykəltəraşı yetişdi, çoxu da sonrakı dövrlərdə dünya heykəltəraşlıq elitası səviyyəsinədək yüksəldi.

Reklam, şəhər tərtibatı məsələləri də diqqətdən kənarda qalmayıb. Sovetlər birliyi dövründə belə tikilmiş binaların damlarında, sağ və sol fasadlarında mozaikadan iri həcmli kompozisiyalar, ornametlər, zəhmətkeşliyi, beynəlmiləlçiliyi tərənnüm edən xeyli sayda yeni memarlıq formatı yarandı. Bu işlərdən ötrü yüzlərlə rəssam, dizayner tələb olunurdu və bunun da nəticəsində çoxsaylı sənətkarlar meydana gələrək, işlə təmin edildilər, mozaik istehsalı müəssisələri yaradıldı. Beləliklə, bədii tərtibat işləri o vaxt nəinki Bakıda, respublikamızın bütün şəhər və rayonlarında tətbiq edilməyə başladı ki, bu da şəhərlərimizin özünəməxsus estetik görkəminin formalaşmasına gətirib çıxardı.

Onu da qeyd edim ki, bu gün dünyanın üzləşdiyi problemlərdən biri yaşıl şəhər məsələsidir. Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə məhz Ümummilli liderimizin uzaqgörən fəhmi və təşəbbüsü ilə Bakının yaşıl şəhərə çevrilməsi üçün real zəmin yaradılıb. Heydər Əliyev bu problemlə də şəxsən məşğul olurdu. 1971-ci ildə qəbul edilmiş “Bakının və Abşeron yarımadasının daha da yaşıllaşdırılması tədbirləri haqqında” qərara əsasən yaradılan meşə-park zonası geniş ərazilərdə mikroiqlimin yaxşılaşmasına, təmiz hava rezervuarı yaradılmasına, ərazini küləkdən və təbii erroziyadan qorumağa kömək edib. 70-ci illərdə yaşıllaşdırma işlərinin geniş vüsət alması nəticəsində paytaxtımızda bağların və parkların sahəsi 3 dəfədən çox artıb. Yeni, yeni park və xiyabanlar salınıb. Həm ekoloji, həm də memarlıq və şəhərsalma kontekstində ilkin etibarlı bünövrə qoyulub. Bakının infrastrukturu, vizual siması rəngarəng olub, təbiət naxışları ilə bəzədilib.

Eyni zamanda, mənzil tikintisinin genişlənməsi şəhər ərazilərinin abadlaşdırılması, sosial və mədəniyyət obyektləri şəbəkəsinin inkişafı ilə müşayiət olunub. Gəncədəki Yeni Gəncə, Naxçıvandakı Yeni Naxçıvan massivləri, Sumqayıtdakı 13-cü, 17-ci mikrorayonlar memarlıq və kompozisiya həllinə görə həmin dövrün ən uğurlu yaşayış məkanları hesab edilir.

Maddi-mədəni irsimizə vətənpərvər yanaşmanı əks etdirən daha bir sənədin –1981-ci ildə “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarın qəbul edilməsi də abidələrimizin tədqiqi və mühafizəsi üçün böyük əhəmiyyət kəsb edib. Sovet ideologiyasına əsasən İslam dini abidələrinə mənfi münasibət bəslənməsinə baxmayaraq, Heydər Əliyev sərgilədiyi böyük vətənpərvərlik və cəsarət nümunəsi ilə belə ziyarətgahların qorunub saxlanması məsələlərini önə çəkmişdir. Həmin qərarla müqəddəs dini abidələrimizin – Naxçıvanda Qarabağlar türbəsinin, Qusar rayonunda Həzrə türbəsinin, Şamaxıda Cümə məscidinin təmir-bərpa işləri reallaşıb. Həm də abidələrin tədqiqi, aparılan elmi işlərin genişləndirilməsi və bu istiqamətdə təbliğatın güclənməsi üçün bütün mətbuat orqanlarına, kütləvi informasiya vasitələrinə müvafiq tapşırıqlar verilib, Azərbaycan və xarici dillərdə çoxlu nəşrlər meydana gəlib.

Maddi-mədəniyyət abidələrimizə hər zaman qayğı ilə yanaşan Heydər Əliyevin “Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı da böyük əhəmiyyət daşıyıb. Bu qərar bütün ictimaiyyətin diqqətini dağılan tarixi-memarlıq abidələrimizə cəlb edib və İçərişəhərin, sonra isə digər abidələrimizin müasir dövrün tələblərinə uyğun idarə olunmasının əsasını qoyub. Bu gün xarici qonaqlar, turistlər İçərişəhəri heyranlıqla gəzir, qədim tariximizə qayğı və sevgi dolu yanaşmamızı ürəkdən təqdir edirlər.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət yenidən milli-mənəvi dəyərləri dirçəltdi, bütün sahələr kimi, memarlığı da layiq olduğu səviyyəyə qaldırdı. Çətinliklərə baxmayaraq, Yeni Azərbaycanda yenidən quruculuq işləri geniş vüsət aldı. Memarların qarşısında bütün işlərində milli memarlıq irsi elementlərini tətbiq etmək tələbi qoyuldu və bu yaradıcılıq sahəsi özünün yeni intibah dövrünü yaşadı.

Milli memarlığa Heydər Əliyevin fenomenal qayğı ənənəsini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. İllər uzunu erməni işğalı altında olan torpaqlarımıza Böyük Qayıdış konsepsiyası, dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası ölkəmizdə memarlıq və inşaat fəaliyyətinin daha da genişlənməsinə rəvac verib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir. Abidələrin ilkin siması özünə qaytarılır, məhz dünənlə bu günün arxitektura vəhdətində XXI əsrin yeni Azərbaycan kənd və şəhərlərinin obrazı yaradılır. Qürur doğuran bu milli təəssübkeşliyin kökündə isə Ulu öndərin milli-mənəvi dəyərlərimizə, maddi mədəniyyətimizə böyük məhəbbəti dayanır.

Cahid HƏSƏNOV,
Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türk Ölkələri Beynəlxalq Araşdırmalar Akademiyasının fəxri doktoru, professor



Siyasət