BDU Azərbaycanda “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

post-img

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” kimi elan olunub. Bu münasibətlə ərəb dilinə maraq göstərənlər üçün bir sıra tədbir və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Ayın ilk iki həftəsində ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələri təşkil ediləcək. Bu müsabiqələrdə Azərbaycanda ərəb dili öyrənən hər kəs iştirak edə bilər. Bu, dil bacarıqlarını nümayiş etdirmək və mədəniyyətlərarası ünsiyyətə töhfə vermək istəyənlər üçün əla fürsətdir.

Avqustun üçüncü və ən önəmli həftəsinə Bakı Dövlət Universiteti (BDU) ev sahibliyi edəcək. 18–22 avqust tarixlərində Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru, professor Abdulla Əl-Vaşmi və onu müşayiət edən nümayəndə heyətinin iştirakı ilə “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də ölkəmizdə akkreditə olunmuş bütün ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, ISESCO və digər beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Bundan əlavə, avqustun 18-də ərəb dili üzrə Beynəlxalq forum təşkil olunacaq. Forumda müxtəlif ölkələrdən dəvət edilmiş qonaqlar və Azərbaycanın tanınmış ərəbşünas alimləri çıxış edəcək.

“Ərəb dili ayı”nın tədbirləri avqustun dördüncü həftəsində Bakı Avrasiya Universitetində davam edəcək. Səudiyyə Ərəbistanı Mərkəzinin yerləşdiyi bu universitetdə “Ərəb dili ayı”nın bağlanış mərasimi keçiriləcək.

Hər iki universitetdə müəllim və tələbələr üçün müxtəlif maraqlı mövzularda beynəlxalq təlim və treninqlərin təşkili də nəzərdə tutulur.

Ərəb dili və mədəniyyətinə marağı olan hər kəs bu silsilə tədbirlərdə iştirak etməyə dəvət olunur.







Elm