2026-cı ildən etibarən Azərbaycan məktəblərində şagirdlərin oxu savadlılığının artırılmasına yönəlmiş “Öyrənmək üçün oyna” adlı yeni layihənin icrasına başlanılır.
Layihə oyun əsaslı öyrənmə (gamification) və qeyri-formal təhsil metodlarının tətbiqi ilə şagirdlərin dərslərə marağını artırmağı, oxuyub-anlama bacarıqlarını inkişaf etdirməyi və məktəblərdə davamlı öyrənmə mədəniyyəti formalaşdırmağı hədəfləyir.
XQ xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, İRƏLİ İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Azərbaycan Gənc Müəllimlər Asossasiyasının tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi Azərbaycan məktəblərində oyun əsaslı öyrənmə metodları ilə təhsilverənləri gücləndirmək, şagirdləri dərs prosesinə aktiv şəkildə cəlb etmək və bununla da oxuma-anlama səviyyəsinin yüksəldilməsinə nail olmaq, eyni zamanda gənclər vasitəsilə məktəblərdə daimi “Play to Learn” liderlik ənənəsini yaratmaqdır.
Şagird və müəllimləri dəstəkləmək məqsədi daşıyan “Öyrənmək üçün oyna” layihəsi çərçivəsində müxtəlif məktəblərdən seçiləcək 25 müəllim üçün oyun əsaslı öyrənmə metodları üzrə 5 günlük intensiv təlim-düşərgə təşkil olunacaq, eləcə də düşərdən əvvəl və sonra onlayn təlimlər vasitəsi ilə onların mövzu üzrə bilik və bacarıqları artırılacaq. Müəllimlər bu mərhələdə hazır modullarla yanaşı, öz fənlərinə uyğun oyun əsaslı dərs modelləri hazırlayacaqlar.
Layihənin davamlılığında həmin müəllimlər məktəblərdə 200–400 şagirdi “Play to Learn” dərsləri və klub formatında proqramlara cəlb edəcəklər. Dərslər həftəlik məşğələ və klub fəaliyyəti əsasında qurulacaq. Layihənin bu mərhələsində şagirdlərin oxuyub-anlama bacarıqları əvvəl və sonra testləri ilə ölçüləcək, aylıq sorğular vasitəsilə motivasiya səviyyəsindəki dəyişikliklər izləniləcək.

