Keçmiş SSRİ-də 1941-1945-ci illər müharibəsinin iştirakçısı Mirzəxan Hüseynov yaşasaydı, bu il 100 yaşı tamam olacaqdı.
1926-cı il mayın 20-də Kürdəmir rayonunun Çarlı kəndində anadan olan Mirzəxan Həsən oğlu Hüseynov ilk təhsilini Şamaxı şəhərində almışdır. Müharibə başlayanda əsgəri xidmətə yaşı çatmasa da, rayon hərbi komissarlığına müraciət edərək könüllü cəhbəyə getmişdi. Onun cəbhə yolu Tbilisi şəhərində 6 aylıq tankçılıq kursundan başlamışdı. Hərbçi yoldaşlarından yaşca kiçik olan Mirzəxan kursu başa vurduqdan sonra tankçı kimi Kuban şəhərində gedən döyüşlərə qatılmış, qısa müddətdə peşəkar tankçı kimi tanınmışdı. O, döyüşlərin birində sağ qolundan yaralanmış, Soçi şəhərində hərbi xəstəxanada müalicədən sonra yenidən tankçı kimi çətin və məsuliyyətli döyüş tapşırıqlarını yerinə yetirmişdi.
Müharibənin acılarını və çətinliklərini yaşamış Mirzəxan Hüseynov Vətənə döndükdən sonra cəmiyyətin inkişafı üçün müxtəlif sahələrdə xidmət etmiş, şərəfli ömür sürmüşdü.
Sinəsini I və II dərəcəli Vətən müharibəsi ordeni və 12 döyüş medalı bəzəyən soydaşımız sonrakı illərdə müəllimliyə başlamışdı. Əvvəlcə Şamaxı rayonu Xınıslı kənd ibtidai məktəbinin direktoru olmuşdu. Sonra onu Bakıda yeni açılmış hüquq məktəbinə göndərmişdilər. Burada təhsilini başa vurduqdan sonra Culfa Rayon Məhkəməsinə hakim təyin edilmişdi.
Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirdikdən sonra Mirzəxan müəllim ömrünün qalan hissəsini pedaqoji fəaliyyətə həsr etmişdi. O, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edərək 1965-ci ildən hər il yerli sovetə deputat seçilmişdi. Ömrünün 56 ilini təhsilə həsr edən Mirzəxan Hüseynov “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı,” “Sosializm yarışının qalibi” döş nişanları, SSRİ Mədəniyyət Nazirliyinin medal və nişanları və digər ali mükafatlarla təltif olunmuşdu.
Mirzəxan Hüseynov kimi şərəfli ömür yaşamış insanların döyüş və əmək cəblərində keçmiş həyatları indiki nəsillər üçün də örnəkdir.
L.TƏHMƏZ
XQ

