“Yarımçıq qalmış ömürləri yaşadıram”

post-img

Onunla çox görüşmüşəm. Dəfələrlə qonağı olmuşam. Söhbətcil adamdır. Müharibə xatirələrini elə ürəklə danışır ki… Bir də görürsən söhbət etdiyi yerdə kövrəldi, gözlərindən yaş gəldi. Neçə il bundan əvvəl söhbət zamanı dediyi sözlər bu gün də qulaqlarımda səslənir: “Oğul, o ağır, qanlı günlər tez-tez yuxuma girir. Keçdiyim döyüş yolunu xatırlayıram, hey xatırlayıram. Bu yollada bir-birindən igid, qəhrəman dostlarımı itirmişəm. Mən bu gün onların yarımçıq qalmış ömürlərini yaşayıram”. Bu onun – 101 yaşlı balakənli İosif Pavloviç Perekrestovun yaddaşıma hopmuş sözləridir.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Faşizm üzərində tarixi Qələbənin əldə edilməsində Balakənin də qəhrəman oğul və qızlarının böyük əməyi var, qəhrəmanlıq nümayiş etdirib, rəşadət göstəriblər. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Ön cəbhələrə yola salınan 6 minə yaxın balakənli döyüşçünün yarıdan çoxu müharibədən geri qayıtmayıb.

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 81-ci ildönümü münasibətilə Balakən Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin və “Yeni Balakən” qəzetinin rəhbərliyi İosif Perekrestovu evində ziyarət ediblər. Veteran yenə də müharibə illərində şahidi olduqları məhrumiyyət və çətinliklərdən, keçdiyi döyüş yolundan xatirələr danışıb.

Müharibə veteranlarının ailə üzvlərinin də iştirak etdiyi görüşdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hər il 9 May Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Hazırda müharibə veteranlarına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.

Veteran döyüşçü və ailə üzvləri müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

İ.MUSAOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat