Reyxstaqa adını yazmış qəhrəman

post-img

Yaxud 3 qat şöhrətin Lerik ünvanı

Faşizm üzərində qələbənin əldə edilməsində uca dağlar qoynunda yerləşən Lerikin mərd, cəsur, igid, vətənpərvər övladlarının misilsiz xidmətləri olub. Müharibə illərində Lerikdən 6 min 500 nəfər cəbhəyə yola salınıb. Onlardan 1584 nəfər döyüşlərdə həlak olub, 3 min 314 nəfər müxtəlif dərəcədə yaralanıb. Düşmənlə ölüm-dirim savaşında göstərdiyi hünərə, fədakarlığa, qəhrəmanlığa görə 600 nəfər yüksək təltiflərə layiq görülüb.

Lerikin çağdaş tarixinin gözəl bilicisi, rayon veteranlar şurasının sədri Hidayət Bəşirov faşizm üzərində tarixi qələbədə Qafqazdan Berlinə kimi döyüş yolu keçmiş, “Lenin” ordenli kapitan Həmzə Şıxəliyevin, “Qırmızı ulduz” ordeni ilə təltif olunmuş Bağı Bəşirov və Feyruz Şıxəliyevin, “Şöhrət” ordenli Əli Hüseynovun, müxtəlif orden və medallara layiq görülmüş Kamran Əliyevin, Ağadədə Novruzovun, Soltan Mirzəyevin, Şahmirzə Əliyevin, Atamalı Şıxəliyevin, Mehdi Məmmədovun və başqalarının adlarını iftixarla çəkərək xatirələrinin ürəklərdə əbədi yaşadıqlarını bildirdi. Hər biri Vətənimiz Azərbaycanın, doğma Lerikin adını şərəfləndirib, şöhrətini uzaq ellərə yayıb,-dedi.

Yuxarıda adını çəkdiyimiz Əli Hüseynov Stalinqraddan Berlinədək şanlı, şərəfli döyüş yolu keçib. Reyxstaqın divarına adını, soyadını, Lerikin və doğma Daster kəndinin adını yazıb.

O, keçmiş İttifaqda “Şöhrət” ordeninin hər 3 dərəcəsinə layiq görülən 2 min 200 nəfərdən, o cümlədən 30 nəfər azərbaycanlıdan biridir. O illərdə sovetlər ittifaqının ən nüfuzlu nəşrlərindən olan “Pravda”, “Krasnaya zvezda”, “Leninskoye znamya”, “Znamya pobedı” qəzetlərində, Azərbaycanda “Kommunist”, “Sovet kəndi” və digər qəzetlərdə cəbhədə göstərdiyi şücaət, qəhrəmanlıqlar barədə yazılar dərc olunub. Görkəmli rus şairi Konstantin Simonovun ssenari müəllifi olduğu və Moskvada çəkilmiş “Əsgər getdi...” sənədli filminin yeganə azərbaycanlı qəhrəmanıdır.

Əli Hüseynov 1918-ci ildə Lerik rayonunun Daster kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. Səkkizinci sinfi bitirdikdən sonra kolxozda mühasib işləyib. 1939-cu ildə ordu sıralarına çağrılıb, artilleriya polkunda xidmət edib. Qvardiya kiçik çavuşu rütbəsində ordudan tərxis edilib.

İkinci Dünya müharibəsinin başlanması xəbərini eşidəndə silaha sarılaraq cəbhəyə yollanıb. Müharibənin ilk günlərindən topçu olub. 63-cü atıcı diviziyasının tərkibində döyüş yoldaşı Pyotr Sitnikovla Stalinqrad uğrunda döyüşlərdə düşmənin 2 tankını yandırıb, 3 pulemyotçunu və avtomatçılar dəstəsini məhv ediblər.

Cəbhədən evə göndərdiyi məktubda yazıb ki, Stalinqradın alınmasında, feldmarşal Paulsun əsir düşməsində bizim topçular igidlik göstərdilər. Uğurlu əməliyyata görə ona “İgidliyə görə” medalı və təşəkkürnamə verilib.

1944-cü il iyulun 18-də Mejilovo yaşayış məntəqəsi uğrunda döyüşlərdə düşmənin güclü artilleriya və minamyot hücumlarına baxmayaraq, Əli Hüseynov öz topunu birbaşa atəş xəttinə çıxararır, düşmənə sarsıdıcı zərbələr endirir. O, yaralansa da döyüş tapşırığını axıradək yerinə yetirir. Kursk ətrafında almanların 2 topunu, həkim məntəqəsini, 59 nəfər canlı qüvvəsini məhv etdyinə görə Əli Hüseynov 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.

1944-cü ilin oktyabrında Ə.Hüseynovun xidmət etdiyi polk Şimali Dvina cəbhə xətti boyunca hücuma keçdi. Düşmənin təyyarələr və zirehli texnikanın müşayiəti ilə apardığı ağır döyüşlərdə xeyli itki versələr də geri çəkilmədilər. Qormaz döyüşçü gah mərmi daşıdı, gah nişançı oldu və döyüş zamanı bir neçə nəfəri əvəz etdi.

Əli Hüseynovun topçuları düşmənin 4 ağır və 3 yüngül pulemyotunu, 75 millimetrlik topunu sıradan çıxardı, düşmənin minaatan batareyasını susdurdu və birbaşa atəşlə bir tağım piyadanı məhv etdi. Göstərdiyi qəhrəmanlığa görə qvardiya çavuşu Əli Hüseynov 5 noyabr 1944-cü ildə 2-ci dərəcəli “Şöhrət” ordeni ilə təltif edildi.

1945-ci il aprel ayının 21-də Əli Hüseynovun xidmət etdiyi 52-ci qvardiya atıcı diviziyası şimaldan Berlinə hücum əmrini aldı. Düşmən inadla müqavimət göstərirdi. Əli Hüseynov və yoldaşları sərrast atəşlə almanların müşahidə məntəqəsini, istehkam divarlarını dağıdaraq piyada qoşun üçün yol açdılar. O, Pyotr Sitnikovla birlikdə 2 tankı sıradan çıxardı, 3 pulemyotu məhv etdi və təxminən 20 faşisti öldürdü.

Döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və Berlinin alınmasında göstərdiyi igidliyə görə Əli Hüseynov 1945-ci ilin mayında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 1-ci dərəcəli “Şöhrət” ordeni ilə təltif olundu. Beləliklə, “Şöhrət” ordeninin hər 3 dərəcəsinə, 1-ci dərəcəli “Vətən Müharibəsi” və “Qırmızı Ulduz” ordenlərinə, çoxlu medallara layiq görüldü.

Müharibədə 3 dəfə ağır yaralansa, kontuziya alsa da, həkimlərin şəfalı əlləri sayəsində sağalaraq yenidən cəbhəyə qayıdıb, düşmənlə axıradək vuruşub. 1945-ci ilin yayında müharibədən qayıdıb. Qonşu Hoveridə kənd sovetinin sədri, sonra doğma kəndində kolxoz sədri işləyib. Çətin, ağır dövrdə təsərrüfatı dirçəldib, əhalini aclıqdan çıxarıb. Lakin bədxahların gözü götürməyib, yuxarılara ondan haqsız şikayətlər ediblər.

Müharibənin od-alovundan qəhrəmanlıqla çıxmış Əli Hüseynov həyatda heç vaxt əyilməyib, haqsızlığın aradan qaldırılacağını, ədalətin zəfər çalacağını ümidlə gözləyib. 1969-cu ilin iyul ayında ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri seçiləndən sonra müharibə veteranlarına qayğı və diqqət artırıldı, onların xidmətləri layiqincə qiymətləndirildi.

Ulu öndərin Sovet İttifaqı Qəhrəmanı adına və “Şöhrət” ordeninə layiq görülmüş müharibə veteranları ilə görüşündə Əli Hüseynova da söz verildi. Dahi rəhbər onu diqqətlə dinləyib “belə insanları yaddan çıxarmaq olmaz” – dedi və lerikli seçicilərə onun deputatlığa namizəd irəli sürülməsini məsləhət gördü. Həmyerliləri onu Çayrud seçki dairəsindən Respublika Ali Sovetinə deputat seçdilər, Ali Sovetin birinci sessiyasında isə Rəyasət Heyətinin üzvü seçildi. Respublika partiya təşkilatının qurultayında, digər mötəbər məclislərdə Leriki layiqincə təmsil etdi. Doğma kəndində 9 il kolxoz sədri, 20 ildən çox kənd sovetinin sədri vəzifələrində işlədi.

1987-ci il fevral ayının 12-də 69 yaşında dünyasını dəyişdi.

Daster kənd orta məktəbi Əli Hüseynovun adını daşıyır. Məktəbdə nəsillərə örnək olan cəsur döyüşçünün, sadə, zəhmətkeş, cəfakeş insanın xatirə güşəsi yaradılıb. Əməkdar jurnalist Həmzə Vəliməmmədov onun şərəfli ömür yolu haqqında “Əsgər şöhrəti” kitabını nəşr etdirib. Qəhrəmanın xoş xatirəsi yaddaşlarda yaşayır.

Əlisəfa HƏSƏNOV,
XQ-nın bölgə müxbiri

Sosial həyat