IV MƏQALƏ
Müstəqil dövlət identikliyi
İlk baxışdan müstəqil dövlətin identikliyi əsasən xarici siyasət kontekstində beynəlxalq miqyasda dövlətin digər dövlətlərlə münasibətlərinin formalaşmasına aid məfhum təsiri bağışlayır. Bir çox mənalarda bu, doğrudan da belədir.
Ancaq müstəqil dövlətin identikliyini beynəlxalq aləmdə təqdim edən dövlət başçısı, liderdir. Buna görədir ki, alimlər liderin həm də dövlət identikliyini təmsil etdiyindən yazırlar. Deməli, real olaraq dövlətin identikliyi həm də cəmiyyətin kimliyi ilə sıx bağlıdır.
Toplum-lider-dövlət identikliyi zənciri nəzəri-konseptual və praktiki-faktiki semantik məna kəsb edir. Buradan liderin müstəqil dövlət identikliyini konseptual müəyyən etməsi ilə yanaşı, dünyanı həmin identikliyə gerçəkdən sahib olduğuna inandırması önəmli məsələ kimi qarşıya çıxır.
Bu baxımdan, Heydər Əliyevin fəaliyyətində uğurlu müstəqil dövlət identikliyinin konseptual müəyyən edilməsi ilə yanaşı, onu dünya miqyasında çox ləyaqətli təmsil etməsi bacarığının liderliyin mühüm kodları kimi yer alması xüsusi əhəmiyyət daşıyır. Həmin müstəvidə Azərbaycan liderinin “Əsrin müqaviləsi” kontekstində dövləti necə təmsil etməsi prinsipial məna kəsb edir.
Ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi” aspektinin hər bir incə məqamında Azərbaycan Respublikasının sülhsevər və sülhyaradıcı, beynəlxalq hüququn norma və standartlarına dəqiq əməl edən, qarşılıqlı faydalı əməkdaşlığı, mehriban qonşuluğu, dünyanın hər bir regionunda ixtilafların danışıqlar yolu ilə həllini təşviq edən dövlət kimliyini ortaya qoymuşdur.
Tarixi faktdır ki, “Əsrin müqaviləsi”nə yaranan hər bir təhlükəli situasiyada aparıcılığı Ümummilli lider öz üzərinə götürmüşdür. Heydər Əliyev Azərbaycanın yeni enerji strategiyasını dövlət identikliyinin bütün parametrlərinə uyğun olaraq davamlı həyata keçirmişdir.
Bununla yanaşı, siyasi varisi kimi Prezident İlham Əliyevin həmin strategiyanı mükəmməl formada inkişaf etdirməsinin bütün lazımi təməllərini hazırlamışdır. Ümumiyyətlə, Heydər Əliyev liderliyində özündən sonrakı mərhələdə uğurlu olacaq siyasi xəttin, diplomatik zəminin və liderlik nümunəsinin hazırlanması çox əhəmiyyətli kodlardan biridir.
Beləliklə, “Əsrin müqaviləsi” və müstəqil dövlət identikliyi funksional kodlar kimi güclü dövlət idealı, milli sərvət və ərazi bütövlüyünün aktual və vacib faktorlar olaraq formalaşmasında ciddi rol oynamışlar. Buna görə də azərbaycançılığın əsas prinsipləri sırasında vurğulanan faktorların aşağıdakı bağlılıqda formulə edilməsi tamamilə elmi əsaslıdır: “Güclü dövlət, demokratik prinsiplər, milli sərvət, iqtisadi inkişaf və hərbi qüdrət Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasıdır”. Bu parametrlərin üzərində ayrıca dayanmaq lazımdır.
Güclü dövlət idealı
Heydər Əliyev bu kodu müstəqil Azərbaycan dövlətinin qurulmasının strateji hədəfi olaraq müəyyən etmiş və onun həyata keçməsi üçün fəaliyyət göstərmişdir. Güclü dövlət idealı ümumi formada bütövlükdə hər bir müstəqil dövlətin məqsədidir. Ancaq Azərbaycanın keçən əsrin son onilliyində düşdüyü çox ağır vəziyyət kontekstində güclü dövləti uğurlu qurma kursunu müəyyən etmək olduqca çətin bir vəzifə idi. Heydər Əliyev liderliyinin bu kodunu məharətlə həm müəyyən etdi, həm də eksklüziv olaraq onu reallaşdırmağa başladı. Bu kontekstdə Heydər Əliyevin Çinə səfəri çox rezonans doğurmuşdu. Çünki həmin mərhələdə bütün keçmiş sovet respublikaları öz “xoşbəxt gələcəklərini” Qərb liberalizm modelində axtarırdılar. Bunun fonunda isə Azərbaycanın o dönəmdəki Prezidenti və xalqın ümummilli lideri Heydər Əliyev qəfil Çinə səfər etməyə qərar vermişdi. Səfər Azərbaycan üçün qanlı-qadalı illərdən biri olan 1994-cü ilin martında baş tutdu.
Səfər çərçivəsində Pekində iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalandı. Bu, artıq Azərbaycanın müstəqil dövlət kimi strateji istiqamətini müəyyən etməsi demək idi. Çoxları Azərbaycandan liberalizm kodunun açılmasını gözlədiyi bir zamanda, Ulu öndər güclü dövlət qurmaq seçimini ortaya qoydu.
Həmin anlamda 1994-cü ildə Pekində imzalanan bəyanat bu inqilabi yanaşmanın ilk müjdəçisi idi. Bu bağlılıqda martın 9-da Prezident Heydər Əliyevin Pekində Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsindəki çıxışı zamanı ifadə etdiyi aşağıdakı fikirlər tarixi və strateji seçimin qətiyyətlə edildiyi və qarşıya dəqiq məqsədlərin qoyulduğunun ifadəçisi kimi dərk edilə bilər.
Ulu öndər demişdir: “Üçüncü gündür ki, ölkənizdə, onun paytaxtı - gözəl şəhər olan Pekindəyik və bu üç gündə bir çox məsələlər barəsində fikir mübadiləsi etməyə və hətta bir sıra mühüm sənədlər imzalamağa macal tapmışıq. Bu sənədlər Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin, ən əvvəl ticarət sahəsində və iqtisadiyyatın digər sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldilmişdir”.
Fikirlərinə davam edərək Azərbaycan lideri Heydər Əliyev böyük səmimiyyətlə xüsusi vurğulamışdır: “Açığını deyirəm, biz özümüzü evimizdəki kimi hiss edirik. Bu, olduqca vacibdir, çünki biz Çin Xalq Respublikası ilə dostluq münasibətləri yaratmağa çalışırıq. Odur ki, bu səfər, Azərbaycan prezidentinin Çinə ilk səfəri məhz belə münasibətlər yaradılmasının və bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən irəli gəlir”.
Səfərin yekunlarını isə Heydər Əliyev belə dəyərləndirmişdi: “...belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, “Böyük Ipək yolu» və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir”.
Buradan aydın görünür ki, Ulu öndər üçün güclü dövlət quruculuğu olduqca əhəmiyyətli idi və onu strateji kontekstdə yüksək qiymətləndirirdi. Açığını deyək ki, həmin dönəmdə Heydər Əliyevin bu xətti seçməsinin real mahiyyətini çox az siyasətçi dərk etdi. Lakin Heydər Əliyevin müəyyən etdiyi kurs sayəsində azərbaycanlıların güclü dövlət idealı tədricən reallığa çevrildi. Son bir neçə yüz ildə Azərbaycan cəmiyyəti güclü dövlət haqqında idealda təsəvvürlərini yaradırdılar.
Şanlı dövlətçilik keçmişinə müəyyən nostalji də vardı. Ancaq bu xalq güclü dövlət quracağına inamını itirmədi. Xalqın Ümummilli lideri isə arzu edilən, idealda formalaşdırılan, “yetişdirilən” güclü Azərbaycan obrazını əyaniləşdirmənin fəlsəfi-siyasi konsepsiyasını hazırladı. Azərbaycanlılar XX əsrin son onilliyində uzun müddətdən sonra güclü Azərbaycan dövlətinin ideal obrazından gerçək müstəqil idarəetmə sisteminin yaradılma dinamikasının iştirakçısı və şahidi oldular!
Müstəqil dövlət milli sərvət kimi
Heydər Əliyevin liderlik fəlsəfəsi güclü dövlət quruculuğunda bütövlükdə cəmiyyətin fəal iştirakını təmin etdiyindən müasir azərbaycanlılar müstəqil dövlətçiliyi milli sərvət olaraq dərk edirlər. Hər bir müasir qövm üçün bu transformasiya çox ciddi hadisədir. Çünki XXI əsrin çağırışlarının xarakteri göstərir ki, öz müstəqilliyini və milli dövlətçiliyini qoruya biləcək toplumlar həyatda qala biləcəklər. Dövlət artıq bütövlükdə cəmiyyətin, mədəniyyətin, milliliyin və müstəqil yaşamanın birinci atributuna çevrilmişdir. Toplum ideya olaraq bu qavrama malikdirsə, dövlətin mövcudluğunu qoruyub saxlaya biləcək və onu inkişaf etdirəcək. Bu, Azərbaycanda siyasi liderlik tarixində möhtəşəm uğurdur. Liderlik kontekstində həmin məqam üzərində dayanaq.
Öncə “milli sərvət” anlayışına nəzər salaq. Fəlsəfi-elmi ədəbiyyatda milli sərvət unikal maddi və mənəvi dəyərlərin toplusu kimi tərif edilir. Həmin dəyərlər xalqa aid olmalıdırlar. Eyni zamanda, ümummilli əhəmiyyət kəsb etməlidirlər. Əsas funksiyası isə dövlətin dayanıqlı mövcudluğunun və inkişafının əsasını təşkil etməkdən ibarət olmalıdır. Bu bucaq altında baxanda intellekt də müasir cəmiyyətin və dövlətin qiymətli milli sərvəti kimi görünür. Çünki bilik müasir dünyada başlıca milli resursdur. Təbii ki, həmin keyfiyyətdə bilik cəmiyyətin və dövlətin mövcudluğunda birinci dərəcəli rol oynamalıdır.
İndi milli sərvətə liderlik fəaliyyəti kontekstində diqqət edək. Liderlikdə intellekt də daxil olmaqla milli sərvət hesab edilən bütün faktorları aktuallaşdırmaq və reaktuallaşdırmaq (təkrar aktuallaşdırmaq) prinsipial əhəmiyyət kəsb edir. Bunun üçün lider ölkənin maddi və mənəvi-mədəni tarixini dövlətçilik kontekstində dərindən bilməklə yanaşı, yaşadığı dövrün siyasi və geosiyasi ruhuna uyğun həmin faktorlar arasında ziddiyyətsiz məntiqi bağlar qurmalıdır. Onun reallaşması isə maddi və mənəvi-mədəni faktorların intellektual fakt kimi kodlara, memlərə çevrilməsi gərəkdir. Konkret desək, vurğulanan faktor-memlər liderin fəaliyyəti sayəsində kodlara çevrilməlidir. O kodlar sistemi isə dövlətin milli sərvət kimi kollektiv tərəfindən dərk edilməsinin “açarları”dırlar!
Azərbaycan dili milli sərvətdir
Milli sərvət kontekstində bir mühüm məqamı da vurğulamağımız gərəkdir. Dövlətin milli sərvət kimi dərk edilməsində azərbaycançılığın digər iki vacib prinsipləri əsaslı rol oynayırlar. Həmin prinsipləri Ulu öndər Heydər Əliyevin fikirləri əsasında akademik İsa Həbibbəyli “Azərbaycan dili” və “milli-mənəvi dəyərlər” kimi müəyyən etmişdir. Dil məsələsi bütövlükdə dövlətçilik aspektində hər bir qövm üçün prinsipial əhəmiyyət kəsb edir. Dilin formalaşması, inkişafı, yerinə yetirdiyi çoxşaxəli funksiyaları həmişə fəlsəfə və elmin aktual mövzularından olmuşdur.
Azərbaycançılığın əsas prinsiplərindən biri kimi Azərbaycan dilinin Ulu öndər Heydər Əliyevin “Ana dilimiz – Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!” kəlamının semantik və funksional özəlliklərinin “çətir”i altında müəyyən edilməsi vurğulanan baxımdan çox əsaslıdır.
Məsələ xüsusilə ana dili və milli dil statusunda dövlət dilinin cəmiyyətin həyatında və ayrıca, onun idarə edilməsində yeri və rolu prizmasında son dərəcə böyük aktuallıq kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev dilin saflığının təmin edilməsi məsələsini də bütün ziyalılar qarşısında mühüm vəzifə kimi qoyması qətiyyən təsadüfi deyildir.
Bütün bunların fonunda Azərbaycan dilinin azərbaycançılıq prinsipi olaraq aşağıdakı alttezislərin kompleksi kimi dərk edilməsinin elmi anlamı mövcuddur. Həmin alttezislər aşağıdakılardır:
“1. Azərbaycan dili – Azərbaycan Respublikasının dövlət dilidir.
2. Azərbaycan dili türk mənşəli qədim və zəngin dildir.
3. Azərbaycan dili – Azərbaycan xalqının ana dili və ölkədə yaşayan bütün millətlərin, azsaylı xalqların vahid ünsiyyət vasitəsidir”.
Bu üç komponentin birgə prinsip yaratması və onun semantik-funksional anlamı müasir müstəqil dövlətçilik və toplumun mənəvi, əxlaqi, mədəni, ideoloji bütövlüyü fonunda aktualdır. Həmin komponentlərin təhlili göstərir ki, dilin prinsip statusunda özünütəsdiqi üçün üç faktor aparıcı rol oynayır. Onlar Azərbaycan dilinin mənşəyi, bütövlükdə cəmiyyətin vahid ünsiyyət vasitəsi rolunu oynaması və, nəhayət, dövlət dili funksiyasını yerinə yetirməsidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

