Millət qurucusu olan dahi

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi sessiya keçirilib.

Mərasimi giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov Ulu öndərin həyatını bütövlükdə xalqına, dövlətinə və milli maraqlara xidmət nümunəsi adlandırıb. Onun yalnız siyasi lider deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin memarı, strateji düşüncənin və uzaqgörən siyasətin simvolu olduğu bildirib.

Akademik Rafael Hüseynov vurğulayıb ki, Heydər Əliyev bütün mahiyyəti ilə millət qurucusu olan dahi insandır. Ulu öndərin uzaqgörən siyasəti müstəqil Azərbaycanın möhkəm əsaslar üzərində formalaşmasında həlledici rol oynayıb. O, Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, istiqlalını məhv olmaqdan xilas etməsini, onu möhkəmləndirməsini dahi liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən olduğunu diqqətə çatdırıb.

Muzey direktoru ümummilli lider Heydər Əliyevin yüksək natiqlik qabiliyyəti, siyasi uzaqgörənliyi, cəsarəti və dövlət rəhbəri kimi müstəsna keyfiyyətlərindən başqa, həm də böyük mədəniyyət adamı olduğunu söyləyib. Vurğulayıb ki, Heydər Əliyev yaradıcı insanlara daim diqqət və qayğı ilə yanaşıb, milli mədəniyyətin inkişafına böyük töhfələr verib.

Akademik Rafael Hüseynov respublikamızda qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb. Əlavə edib ki, dahi liderin qurduğu yol, açdığı xətt davam etdirilir. O, Ulu öndərin quruculuq missiyasının, strateji inkişaf kursunun bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi deyib. Natiq vurğulayıb ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır və onun müəyyən etdiyi yol ölkəmizi daha böyük uğurlara, daha güclü Azərbaycana aparır. O, gələcəklər içərisində də Ulu öndərin həmişə Azərbaycan xalqı ilə birgə olacağını, Heydər Əliyevin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

Daha sonra muzeyin digər əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova məruzə ilə çıxış ediblər.

Q.YUSİFOĞLU
XQ

Sosial həyat