Məlumat təhlükəsizliyi və siyasi müttəfiqliyin rəqəmsal təməli
Qlobal güclərin rəqabət meydanına çevrilən kiberməkan və məlumat axını dövlətlərin müstəqil siyasi qərarlar qəbuletmə qabiliyyətinə bilavasitə təsir göstərir. Belə şəraitdə regional təşkilatların fəaliyyət dairəsini rəqəmsal sahəyə genişləndirməsi, sadəcə, texnoloji zərurət kimi qiymətləndirilməməlidir. Mövcud vəziyyət dövlətlərin xarici asılılıqdan qurtulması və suverenliyini qoruması yolunda atılan strateji siyasi addımdır. Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə Toplantısında imzalanan və üzv ölkələr tərəfindən ratifikasiya edilən Rəqəmsal İqtisadiyyat Tərəfdaşlıq Sazişi məhz regional təhlükəsizlik və siyasi inteqrasiyanın yeni mərhələsini təşkil edir.
Ankaranın rəqəmsal tərəfdaşlıq sazişini “Rəsmi qəzet”də yayımlayaraq daxili təsdiq prosesini tamamlaması mühüm siyasi hadisədir. Türkiyə Bakı və Daşkənddən sonra sazişi qüvvəyə mindirən üçüncü üzv dövlət oldu. Azərbaycan və Özbəkistan ötən il daxili hüquqi prosedurları tamamlamış, Qırğızıstan və Qazaxıstanın da yaxın zamanda prosesi yekunlaşdıracağı gözlənilir. Sözügedən ratifikasiya dalğası təşkilatdaxili siyasi iradənin nə dərəcədə güclü olduğunu nümayiş etdirir. TDT-nin, sadəcə, mədəni və tarixi bağlara əsaslanan platformadan real siyasi və hüquqi öhdəliklər daşıyan bloka çevrilməsi prosesi sürətlənir.
Texnoloji asılılıq müasir dövrdə dövlətlərin daxili və xarici siyasətinə bilavasitə müdaxilə vasitəsinə çevrilə bilər. Qlobal rəqəmsal platformaların və texnologiya nəhənglərinin hegemonluğu milli dövlət strukturunu zəiflətmək potensialına malikdir. Məhz qeyd olunan səbəbdən, Türk dünyasının rəqəmsal infrastrukturunu birləşdirmək və məlumat axınını birgə qaydalarla tənzimləmək dövlətlərin suverenliyini təmin edir. Saziş rəqəmsal xidmətlərin və sərhədlərarası məlumat əsaslı fəaliyyətlərin qarşısındakı maneələri aradan qaldırarkən, eyni zamanda, kənar güclərin məlumat manipulyasiyası imkanlarını məhdudlaşdırır. Coğrafi olaraq Orta Dəhliz vasitəsilə fiziki nəqliyyat və logistika xətlərini birləşdirən TDT bu addımla rəqəmsal Orta Dəhlizin təməlini qoyur. Siyasi nöqteyi-nəzərdən rəqəmsal dəhliz Avrasiyanın geosiyasi balansında TDT coğrafiyasını həlledici tranzit və rəqəmsal idarəetmə qovşağına çevirmək hədəfi güdür.
Sazişdə yer alan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müddəaları bilavasitə milli təhlükəsizlik strategiyalarının sinerjisidir. Müasir müharibələr və siyasi münaqişələr ilk növbədə kiberhücumlarla, kritik infrastruktura edilən müdaxilələrlə başlayır. TDT-yə üzv dövlətlərin kibertəhlükəsizlik sahəsində vahid platformadan çıxış etməsi, təhdidləri öncədən müəyyən etməyə və onlara qarşı kollektiv müdafiə sistemi qurmağa imkan verir. Məlumatların mühafizəsi və elektron imza sistemlərinin qarşılıqlı tanınması dövlət idarəçiliyinin rəqəmsal müstəvidə asılılığını azaldır, milli rəqəmsal sistemlərin suverenliyini gücləndirir. Eyni zamanda, milli təchizatçı məlumat bazalarının yaradılması və elektron ödəniş mexanizmlərinin inkişafı, qlobal maliyyə və informasiya sistemlərindən gələ biləcək siyasi təzyiqlərə və sanksiyalara qarşı dayanıqlıq yaradır.
TDT-nin rəqəmsal məkanda müstəqil gücə çevrilməsi qlobal güc mərkəzlərinin diqqətindən kənarda qala bilməz. Şərqdə Çinin rəqəmsal modeli və texnoloji yayılma siyasəti, Qərbdə isə ABŞ və Avropa İttifaqının rəqəmsal qayda və standartları arasında Avrasiya dövlətləri çox vaxt seçim etmək məcburiyyətində qalırdı. Rusiya isə regional informasiya sahəsində üstünlüyünü qorumağa çalışır. TDT-nin rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişi imzalayaraq ortaq standartlar müəyyən etməsi, kənar rəqəmsal diktatura modellərindən uzaqlaşmaq və müstəqil tərəfdaşlıq platforması yaratmaq iradəsidir.
Sözügedən sazişin formalaşması və qəbulunda Azərbaycanın və Türkiyənin strateji liderliyi mühüm rol oynadı. Bakının təşəbbüsü, xüsusilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin fəaliyyəti sənədin hazırlanmasında əsas hərəkətverici qüvvə oldu. Azərbaycanın rəqəmsal transformasiya sahəsində qabaqcıl layihələri və regional təşəbbüsləri TDT çərçivəsində rəqəmsal standartların formalaşdırılmasına önəmli töhfə verdi. Türkiyənin isə rəqəmsal infrastruktur imkanları və qlobal səviyyədə texnoloji rəqabət qabiliyyəti sazişin siyasi və strateji çəkisini əhəmiyyətli dərəcədə artırdı. Ankara və Bakı arasındakı strateji tərəfdaşlıq və Şuşa Bəyannaməsi ilə rəsmiləşən müttəfiqlik indi rəqəmsal müstəvidə bütün Türk dünyasını əhatə edəcək şəkildə genişlənir. İki dövlətin rəqəmsal sahədəki koordinasiyası digər üzv dövlətlərin də daxili islahatlarına təkan verir, rəqəmsal idarəetmə standartlarını yaxınlaşdırır.
Daşkəndin sazişə verdiyi dəstək və daxili təsdiq prosesini sürətlə tamamlaması Mərkəzi Asiyanın geosiyasi dinamikasında ciddi dönüş nöqtəsidir. Özbəkistan son illər həyata keçirdiyi xarici siyasət kursunda regional əməkdaşlığa və TDT-yə xüsusi önəm verir. Daşkənd rəqəmsal tərəfdaşlığı daxili modernləşmə və regional liderlik strategiyasının ayrılmaz hissəsi sayır. Eyni zamanda, Bişkek və Astananın da sazişə qoşulmaq istiqamətində atdığı addımlar Mərkəzi Asiyada suveren rəqəmsal ekosistemin qurulmasına xidmət edir. Qırğızıstan parlamentinin qanun layihəsini təsdiqləməsi və Qazaxıstanın həmin istiqamətdəki fəaliyyəti göstərir ki, bölgə dövlətləri xarici güclərin texnoloji monopoliyasından qorunmaq üçün ortaq çətir altında birləşməyin zəruriliyini dərk edir. Hüquqi tənzimləmələrin yaxınlaşması regional siyasi harmoniyanı gücləndirir və TDT daxilində qərar qəbuletmə mexanizmini daha çevik formaya salır.
TDT-nin institusional gücü və katibliyin rolu sazişin icrasında həlledici rol oynayacaq. İstanbulda yerləşən katiblik üzv dövlətlərin rəqəmsal siyasətlərini əlaqələndirən mərkəz funksiyasını yerinə yetirir. Sənədin imzalanmasından sonra katibliyin koordinasiya fəaliyyəti daha da aktivləşdi. Texniki standartların, kibertəhlükəsizlik protokollarının və rəqəmsal ticarət qaydalarının uyğunlaşdırılması üçün yaradılan işçi qrupları dövlətlər arasındakı bürokratik əlaqələri qısaldır. Təşkilatdaxili yeni strukturların yaradılması TDT-ni, sadəcə, sammitlər formatında fəaliyyət göstərən orqandan daimi işlək institusional struktura çevirir. Hüquqi və texniki sahələrdə yaradılan mütəmadi əlaqələr siyasi müttəfiqliyin təməlini daha sarsılmaz edir.
Türk dünyasında rəqəmsal ticarət və rəqəmsal xidmətlər sahəsində yaranan yeni hüquqi dövr, regional dövlətlərin qlobal güc rəqabətindəki mövqeyini kökündən möhkəmləndirir. Rəqəmsal İqtisadiyyat Tərəfdaşlıq Sazişinin tam qüvvəyə minməsindən sonra Avrasiya məkanında kənar rəqəmsal inhisarçıların təsir imkanları sıfırlanacaq. Azərbaycan, Türkiyə və Özbəkistanın ardınca Qırğızıstan və Qazaxıstanın daxili təsdiq prosedurlarını başa çatdırması ilə başlayacaq yeni mərhələ türk ittifaqının rəqəmsal əsrdəki ən böyük qələbəsi hesab olunur. Bu ittifaq beynəlxalq təhlükəsizlik sistemində ədalətli nizamın qurulmasını təmin edəcək.
Yusif ŞƏRİFZADƏ
XQ

