Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də mətbuata bəyanatlarla çıxışları iki ölkə münasibətlərinin humanitar diplomatiyanın, strateji tərəfdaşlığın mühüm sütunlarından birinə çevrildiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin “Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub” fikri Azərbaycan–Türkmənistan münasibətlərinin yeni inkişaf modelini əks etdirir. Müasir beynəlxalq münasibətlərdə dövlətlərarası əməkdaşlığın davamlılığı xalqlar arasında formalaşan etimad və ortaq identiklik hissi ilə ölçülür.
Müasir beynəlxalq münasibətlərdə humanitar diplomatiya xarici siyasətin strateji istiqamətlərindən birinə çevrilib. Xüsusilə geosiyasi rəqabətin sərtləşdiyi, beynəlxalq sistemdə etimad böhranının dərinləşdiyi bir dövrdə dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı anlayış və mənəvi yaxınlıq formalaşdırmaq yolu ilə uzunmüddətli tərəfdaşlıqlar qurmağa çalışırlar. Bu baxımdan Azərbaycan–Türkmənistan münasibətlərində son illərdə müşahidə olunan humanitar dinamika strateji xarakter daşıyan düşünülmüş diplomatik siyasətin tərkib hissəsidir.
Prezident İlham Əliyevin Aşqabadda və Arkadağda keçirilən Azərbaycan Mədəniyyəti Günlərini, həmçinin ötən il Türkmənistanın mədəniyyət nümayəndələrinin Bakı və Gəncəyə səfərlərini xüsusi vurğulaması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Mövcud yanaşmanın strateji əhəmiyyəti ondadır ki, siyasi münasibətlər müəyyən dövrlərdə müxtəlif regional və beynəlxalq amillərin təsiri altında dəyişə bilər, lakin xalqlar arasında formalaşmış qarşılıqlı rəğbət, mədəni yaxınlıq və mənəvi bağlılıq əməkdaşlığın uzunömürlü olmasını təmin edən etibarlı amillərdəndir. Məhz buna görə Azərbaycan və Türkmənistan humanitar diplomatiyanı gələcək strateji tərəfdaşlığın sosial və ideoloji təməlini formalaşdıran mühüm xarici siyasət aləti kimi inkişaf etdirirlər.
* * *
Müasir beynəlxalq münasibətlərdə davamlı əməkdaşlığın formalaşmasında ortaq tarixi yaddaş, mədəni yaxınlıq və kollektiv identiklik də mühüm rol oynayır. İki xalqı əsrlər boyu formalaşmış ortaq türk mədəni məkanı, dil yaxınlığı, ədəbi irs, mənəvi dəyərlər və tarixi təcrübə birləşdirir. Məhz bu amillər ikitərəfli münasibətlərə sırf praqmatik əməkdaşlıq çərçivəsindən daha geniş siyasi və sivilizasion məzmun qazandırır.
Prezident İlham Əliyevin mətbuata bəyanatında “tarixi bağlar”, “mədəni əlaqələr” və “mənəvi əlaqələr” anlayışlarını ardıcıl şəkildə ön plana çıxarması Azərbaycan–Türkmənistan münasibətlərinin ideoloji və konseptual əsaslarını ifadə edir. Verilən mesaj ondan ibarətdir ki, iki ölkə arasında əməkdaşlıq dərin tarixi-sivilizasion təmələ söykənir. Beynəlxalq münasibətlərdə kollektiv yaddaş və ortaq identiklik dövlətlər arasında etimadın formalaşmasını şərtləndirən mühüm amillərdən hesab edilir. Xüsusilə regional inteqrasiya proseslərində ortaq tarix və mədəni irs siyasi dialoqu asanlaşdıran, qarşılıqlı anlaşmanı gücləndirən və əməkdaşlığın legitimliyini artıran resurs kimi çıxış edir. Azərbaycan və Türkmənistan münasibətlərində də bu yanaşma aydın şəkildə müşahidə olunur.
Qlobal geosiyasi rəqabətin gücləndiyi, təhlükəsizlik arxitekturasının dəyişdiyi və beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin artdığı şəraitdə dövlətlərarası etimadın qorunması getdikcə mürəkkəbləşir. Belə bir mühitdə ortaq tarixi yaddaşa və mədəni yaxınlığa əsaslanan münasibətlər daha dayanıqlı xarakter alır. Siyasi konfiqurasiyalar dəyişə, regional maraqlar transformasiyaya uğraya bilər, lakin xalqlar arasındakı mənəvi bağlılıq və qarşılıqlı etimad əməkdaşlığın davamlılığını təmin edən sabit amil olaraq qalır.
* * *
Prezident İlham Əliyevin çıxışında Bakı–Aşqabad və Arkadağ–Füzuli şəhərlərinin qardaşlaşmasını xüsusi vurğulaması siyasi məna daşıyır. XXI əsrdə şəhərlər, regionlar və yerli idarəetmə institutları da xarici siyasətin fəal iştirakçılarına çevrilərək “şəhər diplomatiyası” adlandırılan yeni əməkdaşlıq modelini formalaşdırırlar. Azərbaycan və Türkmənistan münasibətlərində bu konsepsiya məhz belə bir məzmun qazanır. Bakı və Aşqabad arasında qardaş şəhər münasibətləri iki paytaxt arasında idarəetmə təcrübəsinin, şəhər planlaşdırmasının, rəqəmsal xidmətlərin, turizm və investisiya imkanlarının qarşılıqlı mübadiləsi üçün institusional baza yaradır.
Diqqətçəkən digər nüans Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşmasıdır. Hər iki şəhər öz ölkələrinin yeni inkişaf fəlsəfəsini təcəssüm etdirən simvollardır. Türkmənistanın müasir şəhərsalma konsepsiyasının nümunəsi olan Arkadağ innovativ idarəetmə, ekoloji yanaşmalar və yeni urbanizasiya modelini özündə birləşdirir. Füzuli isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma siyasətinin, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının praktik tətbiq olunduğu əsas məkanlardan biridir.
* * *
Azərbaycan və Türkmənistan daha geniş geosiyasi məkan olan Türk dünyasında inteqrasiya proseslərinin mühüm istiqamətlərindən birini təşkil edir. Son illər türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrin sürətlə inkişaf etməsi paralel olaraq ortaq mədəniyyət, təhsil, elm və humanitar əməkdaşlığın da genişlənməsini zəruri edib. Çünki davamlı inteqrasiya cəmiyyətlər arasında ortaq kimlik və qarşılıqlı mənsubiyyət hissinin möhkəmlənməsi ilə mümkündür.
Türk Dövlətləri Təşkilatının fəaliyyətində mədəniyyət, təhsil və ortaq irsin qorunması istiqamətində həyata keçirilən layihələrin artması da məhz bu strateji yanaşmanın göstəricisidir. Ortaq tarixə, dilə və mədəni irsə əsaslanan humanitar təşəbbüslər türk dövlətləri arasında siyasi əməkdaşlığın sosial bazasını genişləndirir və inteqrasiyanın ictimai xarakter almasına şərait yaradır. Hər iki ölkə ortaq türk mədəni irsini ikitərəfli münasibətlərin inkişaf vasitəsinə çevirməklə yanaşı, onu bütövlükdə Türk dünyasının inteqrasiyasına xidmət edən strateji resurs kimi qiymətləndirir.
* * *
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyunun 23-də paylaşdığı Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun birgə gəzintisinə dair video və onu müşayiət edən açıqlama humanitar diplomatiyanın və strateji tərəfdaşlığın dərinləşməsinə verilən siyasi qiymət kimi diqqət çəkir. Hikmət Hacıyevin vurğuladığı kimi, “Azərbaycan və Türkmənistan prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələrinin, ortaq mədəni irsin və qarşılıqlı etimadın parlaq təzahürüdür. Bu, eyni zamanda ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ortaq iradəni əks etdirir”.
Türkmənistan Prezidentinin Şuşada olması və Azərbaycan Prezidenti ilə birlikdə şəhərlə tanışlığı iki ölkə arasında qarşılıqlı etimadın ən yüksək siyasi səviyyədə nümayiş etdirildiyini göstərir. Eyni zamanda, Şuşa ziyarəti Azərbaycan–Türkmənistan münasibətlərinin mədəni komponentini daha da gücləndirir. Hər iki ölkə ortaq türk sivilizasiyasının daşıyıcısı kimi Şuşanı bütövlükdə Türk dünyasının zəngin mədəni irsinin mühüm mərkəzlərindən biri kimi qiymətləndirir.
Son olaraq qeyd edək ki, Azərbaycan–Türkmənistan münasibətlərinin yeni mərhələsində humanitar diplomatiya strateji tərəfdaşlığın əsas sütunlarından biridir. Tarixi bağların, mədəni irsin və mənəvi yaxınlığın dövlət siyasətinin aktiv alətinə çevrilməsi iki ölkə arasında etimadı dərinləşdirir və əməkdaşlığın dayanıqlığını artırır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


