“O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.
Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”.
Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin bu fikirləri ilə yazıya körpü salmaq istədik. Çünki Azərbaycanı canından artıq sevən, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya Vətəni sevməyi öyrədən, dövlətə, xalqa xidmət nümunəsini göstərən ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi və dahi rəhbərin bunun gerçəkləşdirilməsi istiqamətində atdığı addımların miqyası ölçüyəgəlməzdir.
Ulu öndər ölkənin ən çətin günlərində, müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayanda, torpaqlarımız işğal ediləndə, sabaha ümid itəndə xalqının səsinə səs verdi. Ümummilli lider canından artıq sevdiyi Azərbaycanı xilas etmək üçün xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda qarşısında bir sıra həlli vacib məsələlər dayanırdı ki, onlardan biri torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi.
Bunun üçün Azərbaycan bütün sahələrdə güclənməli, müstəqil dövlət kimi özünü təsdiqləməli, diplomatik mübarizədə üstünlük qazanmalı, müstəqilliyinin və suverenliyinin qarantı olan ordusunun Qələbəyə hazırlığını təmin etməli, bir sözlə, ulu öndər Heydər Əliyevin təbirincə desək, dünyaya Günəş kimi doğmalı idi. Ümummilli lider düşünülmüş siyasəti ilə Azərbaycanı dünyaya belə təqdim etdi.
Xilaskarlıq missiyası
Tariximizin bu səhifəsini də unutmamalıyıq ki, 1991-ci ildən 1993-cü ilin iyun ayına qədərki dövr Azərbaycanın dövlətçilik salnaməsində fəlakət illəri kimi xarakterizə edilir. Qısa müddətdə bir neçə dəfə dəyişilən, Azərbaycanı idarə etmək bacarığında, səriştəsində olmayan səbatsız “rəhbərlərin” bağışlanılmaz səhvləri üzündən təhlükə ilə üzləşən ölkəmizi parçalamaq istəyən xarici qüvvələr daxili satqınlardan istifadə etməklə istəklərinə nail olmağa məqam axtarırdılar.
AXC–Müsavat cütlüyünün hakimiyyəti illərində yaranan vəziyyət isə daha acınacaqlı və dözülməz idi. Xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdi. Müstəqilliyimizə təhlükə olan Gəncə hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən o dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu öndərin hakimiyyətə qayıdışında gördü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində, öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC–Müsavat iqtidarının özü də xilas üçün sonda ümummilli lider Heydər Əliyevdən imdad dilədi.
1993-cü il iyunun 9-da dünya şöhrətli siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı.
Ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ulu öndər Heydər Əliyev müstəqil Azərbayan Respublikasının Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının Ümummilli liderə sonsuz sevgisinin təsdiqidir. Müstəqil dövlətimizin memarı Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.
Heydər Əliyev gəlməsəydi…
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Müstəqillik tariximizin hər bir mərhələsini müqayisəli təhlil əsasında indiki və gələcək nəsillərə çatdırmalıyıq. Bugünün gəncləri həmin dövrün reallıqları barədə çox da məlumatlı deyillər. Bu baxımdan Prezident İlham Əliyev böyük Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışında dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən, Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı faciələrdən bəhs edərək demişdir:
“Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər.
Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?”
Dövlət başçısı həmin çıxışında onu da qeyd etmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Zamanın fövqünə yüksəlmiş dahi
Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə özünün yüksək idarəçilik bacarığı və vətənpərvərliyi, polad iradəsi, uzaqgörən, məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.
Müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdi. O, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və həyata keçirdi.
Yeni Azərbaycanın qurucusu bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi.
Ulu öndərin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin il sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı.
Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi.
Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi.
Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Onun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması mükəmməl quruculuq proqramının tərkib hissələrindən oldu.
Zəfər zirvəsinin təməli
Xalqımız ümummilli lider Heydər Əliyevin Vətəninə, dövlətinə, xalqına sevgisinin fonunda Azərbaycanın bugününü və gələcəyini aydın görürdü. Xalqından güc alan dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın addım-addım Zəfər zirvəsinə yüksəlməsini təmin edən möhkəm təməlin əsasını qoydu. Onun hər birimiz üçün bir çağırış olan “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dövlətimiz, xalqımız üçün gördüyü misilsiz işlərin məcmusudur. Bu çağırış hər kəsdən Onun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsini, hər bir anını dərindən öyrənməyi bir tələb kimi qarşımızda qoyur.
İllər keçdikcə Ulu öndərlə bağlı nə qədər kitablar dərc edilsə də, onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri araşdırılsa da yenə də tədqiqata ehtiyac vardır. Ümummilli lider Heydər Əliyev Azərbaycanı yenidən qurdu, xalqına ən güclü, qüdrətli, hər birimizin qürur duyacağı Azərbaycan kimi təqdim etdi. Hakimiyyətə qayıdışının ilk günlərində Azərbaycanın o çətin günlərinin fonunda xalqına çağırışında belə bir inamı ifadə etdi ki, gün gələcək hər kəs belə güclü, qüdrətli Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyacaq. Qısa zamanda xalqımız o qüruru yaşadı.
Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi və Azərbaycanın reallıqları bu platformadan dünya azərbaycanlılarına çatdırıldı. Vətənin bir olduğu, hər birimizin bu Vətən üçün çalışmağımız əsas hədəflər sırasında oldu. Ümummilli lider Azərbaycanın bugünkü Zirvəyə, Zəfərlərə gəlib çatması üçün necə təkmil inkişaf strategiyasını müəyyənləşdirdi. Bu, onun liderliyinin, yüksək idarəçilik bacarığının göstəricisi, dövlətinə, xalqına sevgisinin nümayişi idi.
Xalqın sevgisindən, iqtidarla birliyindən bəhs edərkən 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdləri yada salmamaq olmur. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı həmin o çətin günlərdə xilaskarının ətrafında sıx birləşdi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da, Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gələrək müstəqilliyimizin əbədi müəllifi adını qazandı.
Bu xidmətlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz, eyni zamanda, bir yazıda əhatə etmək mümkün olmaz. Buna görə də “Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi” sözləri Ulu öndərin həyat fəlsəfəsinin ana xəttini təşkil edirdi. Onun ali dövlət idarəçiliyi təcrübəsi, potensial imkanları kontekstində formalaşan Azərbaycan dünyaya əsl Liderin prinsipiallıq fəlsəfəsini təqdim etdi.
Onun gələcəyə, yeniliyə hesablanmış müdrikliyi cəmiyyətə, dünyaya bitkin fəlsəfi dünyagörüşü aşılayır, problemlərin həllində yeni mərhələlərə yol açırdı. Hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu bütün millətlərə, dinlərə hörməti, ehtiramı ilə bildirdi.
Ulu öndərin alternativsiz dövlət siyasəti təkcə iqtisadi məsələlərin həllində deyil, cəmiyyətin ideoloji hazırlığı baxımından da nümunə idi. Dahi şəxsiyyət təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə bacarıqlı mütəxəssislərin, təcrübəli kadrların hazırlanmasını təmin etdi.
Azərbaycanın müasir siyasi sistemi də məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin 21 noyabr tarixində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya Sədr seçilməsi Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədi ki, iqtidar partiyasına çevrildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının da həyatında yeni səhifə açdı.
Bütün vədlər yerinə yetirilib
2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Baş nazir İlham Əliyev andiçmə mərasimində qarşıda duran vəzifələri açıqlayarkən bildirdi ki, bütün bunlara nail olmaq üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Prezident İlham Əliyev andiçmə mərasimində, həmçinin Ümummilli liderə bu müraciəti etdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, gücləndirəcək, zəfərələrə doğru aparacağıq.
2024-cü ilin fevral ayında Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi” söyləyərək onu da əlavə etdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi.
Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Prezident İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” açıqlaması Prezident İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin ona olan inamını, etimadını yüksək səviyyədə doğrulmasından keçirdiyi hissləri xalqımıza çatdırdı.
Son 23 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi dövrə qədər əsas hədəf kimi Azərbaycanı daha da gücləndirməyi, bütün sahələrdə uğurlu inkişafa nail olmasını, informasiya cəbhəsində üstünlüyünü, ordumuzda qələbə əzmini gücləndirməyi qarşıya qoydu.
Böyük Qayıdış Proqramının uğurlu icrası bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Artıq 9 şəhər, onlarla kənd və qəsəbə sakinlərinə qovuşub. Azad edilmiş ərazilərimizdə görülən işlər Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir.
Bu gün Qarabağ dirçəlir, Şərqi Zəngəzur dirçəlir, doğma torpaqlarımızda qururuq, yaradırıq. Ölkə rəhbəri İlham Əliyevin çağırışlarında bu məqamlar xüsusi qeyd edilir ki, necə ki, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.
Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir, söydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Dövlətimizin başçısı bu çağırışı da edir ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq, o qədər də səsimiz eşidiləcək. Bizim işimiz haqq işidir.
Heydər Əliyev irsi quruculuq məktəbidir
Sadalamaqla bitməyən uğurlarımız Heydər Əliyev yolunun Aərbaycana qazandırdıqlarıdır. Bu yol Azərbaycanı hər zaman inkişafa, zəfərlərə aparacaq. Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim açıqlamaq məqsədilə yaradılan Heydər Əliyev Fondunun Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsinə töhfələri davamlıdır.
Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin ölməz ideyalarının reallaşması istiqamətində uğurla irəliləyir. Bu xidmətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirdi. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun fəaliyyət coğrafiyası ölkəmizin sərhədlərini aşmış, onun dəstəyi ilə dünyanın bir çox ölkələrində humanitar layihələr reallaşmışdır. Fondun hazırda Böyük Qayıdış Proqramının icrasına töhfələri diqqətdən kənarda qalmır.
Tarixi, mədəni və dini irsimizin bərpası və qorunması istiqamətində unikal layihələri uğurla reallaşdırması hər kəsdə böyük iftixar və sevinc hissi yaradır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin, həmçinin digər mühüm tədbirlərin keçirilməsi Zəfərimizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın birgə səyləri nəticəsində qalib Azərbaycan qarşısında dayanan bütün hədəflərə yüksək səviyyədə nail olacaq.
Azərbaycanın sülh, təhlükəsizlik modeli
Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Artıq 9 aydır sülh şəraitində yaşayırıq. Ötən ilin avqust ayında ABŞ-da Prezident Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə edilməsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin əsasıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir: “Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”. Azərbaycanın sülhə, təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Bu sülh razılaşması Avropada bir sülh hekayəsi kimi dəyərləndirilir.
Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək mümkün deyil. Qeyd etdiklərimizin fonunda bu qənaəti böyük qürur hissi ilə bildiririk ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır!
Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı

