Orta Dəhliz qlobal böhranlar fonunda nicat yoluna çevrilir
Son illər dünyada baş verən geosiyasi qarşıdurmalar və regional münaqişələr beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyini ciddi şəkildə sual altına qoyub. Rusiya–Ukrayna müharibəsi, Qırmızı dənizdə artan təhlükələr və İran ətrafında yaranan gərginlik ənənəvi nəqliyyat xətlərinin fəaliyyətinə ciddi təsir göstərib. Bu isə Asiya ilə Avropa arasında alternativ və etibarlı daşınma marşrutlarına ehtiyacı daha da artırıb. Bu vəziyyətdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz strateji əhəmiyyəti ilə ön plana çıxmağa başlayıb.
Azərbaycan ərazisindən keçən bu marşrut Şərqlə Qərb arasında yükdaşımaların fasiləsiz təmin olunmasında mühüm rol oynayır. Orta Dəhliz yalnız logistika baxımından deyil, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından da xüsusi əhəmiyyət daşıyır. Son illərdə tranzit yüklərin həcminin artması bu dəhlizə beynəlxalq marağın sürətlə yüksəldiyini göstərir. Mövcud geosiyasi reallıqlar fonunda Orta Dəhliz artıq qlobal ticarətin əsas strateji bağlantılarından biri kimi qiymətləndirilir. 2026-cı ilin əvvəlində ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması və İranın Hörmüz boğazını bağlamasından sonra Orta Dəhlizin əhəmiyyəti daha da artıb. Xüsusilə, “Şimal–Cənub” dəhlizi ilə Avropadan Mərkəzi Asiyaya daşınan yüklərin bir hissəsi də bu marşruta yönləndirilib. Son dövrlər İran ərazisində risklərin artması səbəbindən Mərkəzi Asiyaya yük daşıyan TIR-lar Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Qazaxıstan və Türkmənistana göndərilir.
* * *
Vaşinqtondakı Xəzər Siyasət Mərkəzinin elmi əməkdaşı, enerji təhlükəsizliyi, dövlət idarəçiliyi, geosiyasi risklər və Mərkəzi Asiyanın siyasi iqtisadiyyatı üzrə ixtisaslaşmış analitiki Akbota Karibayeva Meyer ABŞ-ın nüfuzlu “Stars and Stripes” hərbi nəşrində dərc olunan məqaləsində yazır ki, Birləşmiş Ştatlar bu dəhlizin dəstəklənməsi və inkişafı üçün təxirəsalınmaz addımlar atmalıdır.
Amerikalı analitik yazır ki, Rusiyanın ərazisindən keçən quru marşrutu – Şimal dəhlizi – Moskvanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən Qərb yükdaşıyanları üçün bağlı olaraq qalır. Hind okeanına çıxışı təmin edən İranın cənub limanları – Çabahar və Bəndər-Abbas bombardmanlara məruz qalıb. Qırmızı dəniz isə 2023-cü ildən etibarən husilərin hücum təhlükəsi altındadır; 2022–2025-ci illər arasında bu marşrutdan keçən gəmilərin sayı və ümumi tonnajı iki dəfə azalıb. Bu şəraitdə Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirən multimodal marşrut – Orta Dəhliz tranzit yük daşımalarını qəbul etməyə davam edir. “Müxtəlif böhranların ard-arda yaşandığı bir dövrdə bu marşrut Şərqlə Qərb arasında ən sabit və təhlükəsiz yol halına gəlib. Vaşinqton dəhlizin əhəmiyyətini anlayıb və regiona real diplomatik sərmayələr yatırıb. İndi isə bu diplomatiyanı qanunvericilik və kapital ilə möhkəmləndirməlidir”, – deyə müəllif vurğulayır.
Müəllif qeyd edir ki, Donald Tramp administrasiyası son bir ildə Cənubi Qafqaz və Mərkəzi Asiyaya mühüm diplomatik investisiyalar edib. Tramp Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması mərasiminə rəhbərlik edib, ötən ilin noyabrında isə Ağ Evdə “C5+1” sammiti çərçivəsində Mərkəzi Asiyanın bütün 5 dövlətinin liderləri ilə görüşüb. Qazaxıstan, Özbəkistan və Azərbaycan Sülh Şurasına daxil olub, Özbəkistan və Qazaxıstan liderləri 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunub, Qazaxıstan isə Avraam sazişlərinə qoşulub. ABŞ-ın Mərkəzi Asiya və Azərbaycanla münasibətləri son onilliklərdə görünməmiş səviyyəyə yüksəlib.
Meyer xatırladır ki, Azərbaycanın eksklavı olan Naxçıvanı Ermənistanın cənubu vasitəsilə ölkənin əsas hissəsi ilə birləşdirəcək “Tramp marşrutu” Orta Dəhlizin qərb qolunun bir hissəsi kimi nəzərdən keçirilir. Lakin ABŞ qanunvericiliyi bu dəhlizin inkişafına mane olur. ABŞ Konqresi hələ də 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişi ləğv etməyib. Bu səbəbdən ABŞ Prezidenti hər il həmin düzəlişin qüvvəsini müvəqqəti dayandırmağa məcbur olur ki, Azərbaycana hərbi yardım göstərə bilsin.
Bundan əlavə, 1974-cü ildə Sovet İttifaqına yəhudilərin mühacirəti ilə bağlı təzyiq göstərmək məqsədilə qəbul edilmiş Cekson–Venik düzəlişi hələ də Qazaxıstan və Özbəkistanı ABŞ-la daimi normal ticarət münasibətləri statusundan məhrum edir. Halbuki hər iki ölkə onilliklərdir miqrasiya standartlarına əməl edirlər. Vaxt keçdikcə müxtəlif ABŞ administrasiyaları 2003-cü ildə Azərbaycan və Qazaxıstanla dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə yaradılmış Xəzər Sahil Mühafizəsi Təşəbbüsünə də prioriteti azaldıblar.
Analitikin fikrincə, əgər bu əlverişsiz qanunvericilik aktları ləğv edilməsə, ABŞ-ın regionda əldə etdiyi son diplomatik uğurlar puça çıxa bilər. “İmkan pəncərəsi daralır. Orta Dəhlizlə daşınan yüklərin əsas hissəsini Çindən Avropaya yönələn mallar deyil, Mərkəzi Asiyadan Qərbə daşınan enerji resursları və xammal – neft, faydalı qazıntılar, kənd təsərrüfatı məhsulları təşkil edir. Bu, dünyanın ciddi ehtiyac duyduğu resurslara malik region üçün suveren ixrac kanalıdır. Dəhlizin inkişaf dinamikası realdır, lakin imkan pəncərəsi məhduddur. Əgər Rusiyaya qarşı sanksiyalar aradan qaldırılsa və Moskva yenidən qlobal ticarət marşrutlarına qayıtsa, hazırda yükdaşıyanları Transxəzər marşrutuna yönəldən rəqabət məntiqi dəyişəcək”, – deyə müəllif xəbərdarlıq edir.
Meyerin sözlərinə görə, İranla müharibə Orta Dəhlizin əhəmiyyətini bir daha təsdiqləyib. Bu marşrut boyunca yerləşən ölkələrin hökumətləri sabitdir; infrastruktur investisiyaları modernləşdirilir və sürətləndirilir; siyasi rəhbərlik isə Vaşinqtonun diplomatiyada təklif etdiyi, lakin qanunvericilik və kapital ilə kifayət qədər dəstəkləmədiyi səviyyədə Qərb tərəfdaşları ilə fəal əməkdaşlıq qurmağa çalışır.
Politoloq Ramiyə Məmmədova mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, mövcud geosiyasi reallıqlar fonunda Orta Dəhliz artıq yalnız alternativ nəqliyyat marşrutu deyil, Avrasiya məkanında strateji güc balansına təsir edən əsas geoiqtisadi platformalardan birinə çevrilib. Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə artan hərbi risklər və İran ətrafında yaranmış qeyri-müəyyənlik göstərdi ki, qlobal ticarət sistemi ənənəvi marşrutlardan həddindən artıq asılı vəziyyətdədir: “Bu baxımdan Azərbaycandan keçən Orta Dəhliz həm Avropa, həm Mərkəzi Asiya, həm də Çin üçün təhlükəsiz və siyasi baxımdan daha dayanıqlı alternativ rolunu oynayır. Vaşinqtonun son dövrdə Cənubi Qafqaz və Mərkəzi Asiyaya marağının artması təsadüfi deyil. ABŞ anlayır ki, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin şaxələndirilməsi və Rusiyanın regional təsir imkanlarının məhdudlaşdırılması baxımından Orta Dəhliz mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan bu marşrutun əsas logistik və siyasi mərkəzi kimi çıxış edir. Bakı son illərdə liman, dəmir yolu və tranzit infrastrukturuna böyük investisiyalar yatırmaqla regionun əsas nəqliyyat qovşağına çevrilməyi bacarıb”.
Ekspert qeyd etdi ki, 907-ci düzəliş məsələsinin yenidən gündəmə gəlməsi də məhz bu geosiyasi zərurətlə bağlıdır. ABŞ üçün Azərbaycanla münasibətlərin dərinləşdirilməsi artıq yalnız ikitərəfli əməkdaşlıq məsələsi deyil, daha geniş strateji maraqların tərkib hissəsidir. Əgər Vaşinqton regionda uzunmüddətli təsir imkanlarını qorumaq istəyirsə, diplomatik jestlərlə kifayətlənməməli, bunu real iqtisadi və siyasi qərarlarla dəstəkləməlidir. Əks halda, yaranmış imkan pəncərəsi bağlana və Orta Dəhliz uğrunda geoiqtisadi rəqabətdə üstünlük digər güclərin əlinə keçə bilər.
Səxavət HƏMİD
XQ


