Stolüstü tennisin qalibləri

post-img

Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, 4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

Nəticələrə əsasən, U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. U-15 yaş qrupunda isə Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Qoşa yarışlarda Adil Əhmədzadə - Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə - Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütü isə U-15 yaş qrupunda birinci yeri tutub.

Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata layiq görülüb.

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib.

Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Qabil YUSİFOĞLU
XQ

İdman