Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı, bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.
Heydər ƏLİYEV,
ümummilli lider
DTK sədri Heydər Əliyev Xankəndidə azərbaycanlılara qarşı sui-qəsdlərin qarşısını aldı
1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə əl atırdılar. Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatmışdı, nəzarət itirilmiş, hadisələr öz axarından çıxmışdı.
1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndidə gərginliyi son həddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndidə baxılması üçün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədrliyi ilə məhkəmə prosesi başlanır.
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndiyə gəlir. Bakıdan və Moskvadan gələn dövlət məmurları, İttifaq miqyaslı hüquq-mühafizə orqanlarının ali rütbəli zabitləri Xankəndi şəhərində hər an təhlükə ilə üzləşmək ehtimalını nəzərə alaraq, Şuşada qalırdılar. Heydər Əliyev isə bütün təhlükələrə baxmayaraq, Dağlıq Qarabağa ezam olunduğu günlərdə Xankəndi şəhərində qalaraq xidməti vəzifəsini icra edirdi. Ən başlıcası isə o, bir azərbaycanlı kimi baş vermiş hadisələri araşdırmağı, millətçi ermənilərin cinayət əməllərini ifşa etməyi özünün ümdə borcu sayırdı…
Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndidə baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da bilirdi ki, Xankəndidə baş verən hadisələr Dağlıq Qarabağı Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.
Həmin ağır günlərdə bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.
Beləliklə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməsi və erməni millətçilərinin planlarını alt-üst etməsi hadisələrin qarşısını aldı. Heydər Əliyev, sözün əsl mənasında, erməni daşnakları üçün keçilməz maneəyə çevrildi.
Həmin ərəfədə hadisələrə rəvac verənlərdən biri də Dağlıq Qarabağ Muxtar vilayətinin birinci katibi Qurgen Melkumyan olub. Təbii ki, Heydər Əliyev Melkumyanın bu cür millətçi mövqeyini unutmayıb. Sonralar, 1973-cü il noyabrın 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə Xankəndi şəhərinə səfər edəndə öz qətiyyətini nümayiş etdirib və elə həmin il də Melkumyan öz vəzifəsini itirib.
Sonralar Heydər Əliyev müsahibələrində həmin səfəri haqqında fikirlərini belə bildirib: “…Mən Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm. Bir faktı xatırladım. Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illik yubileyi idi, vilayət “Xalqlar dostluğu” ordeni ilə təltif olunurdu. Oradakı çıxışımdakı bəzi məqamları erməni millətçiləri indi də mənə bağışlaya bilmirlər. Mən bəzi əhval-ruhiyyələri hiss edərək demişdim ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq…”
Heydər Əliyevin vətənpərvərliyi və qətiyyəti ermənilərin anti-Azərbaycan siyasətinə sipər çəkdi
Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova məktubunda bildirirdi ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8x9 sm ölçüdə 300 vərəqə yayılmışdı. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi tələb edilir və xalqımıza qarşı mənfur fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.
Heydər Əliyevin 1967-ci ilin yekunlarına dair SSRİ DTK-ya göndərdiyi hesabatda Ermənistan SSR-də fəaliyyət göstərən millətçi qüvvələrin Dağlıq Qarabağdakı təxribat fəaliyyətinə dair konkret faktlar öz əksini tapıb. DTK-nın arxivindəki bu sənəddə sovet rəhbərliyinə məlumat verilir ki, son beş ildə Qarabağla heç bir əlaqəsi olmayan millətçi ermənilər mütəmadi muxtar vilayətə səfərlər edir, buraya Ermənistan SSR-də hazırlanan və millətçi çağırışlar əks olunan vərəqələr gətirir, şər və təxribat xarakterli fikirlərlə yanaşı, Qarabağın yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə təbliğat aparır, yerli ermənilərin bu istiqamətdə müraciətləri hazırlanır və imzaları toplanılır, Ermənistanda tarixin saxtalaşdırılması istiqamətində işlər görülür, bu istiqamətdə əsərlərin yazılması və dərsliklərə salınması təşkil olunur.
Heydər Əliyevin respublika DTK-sına rəhbərlik etdiyi dövrdə erməni millətçilərinin Azərbaycan əleyhinə təbliğat, təşviqat, təxribat, pozuculuq fəaliyyətinin məhdudlaşdırıldığı da arxiv sənədlərində öz əksini tapmışdı. Komitənin vilayət şöbəsinin rəisi polkovnik D.Bıstrovun məruzəsində qeyd edilir ki, verilmiş tapşırıqlarla əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 1967-ci ilə nisbətən 1968-ci ildə milliyyətçi vərəqələrin hazırlanması və yayılması, eləcə də ermənilərin azərbaycanlılara qarşı hücumları kəskin azalmışdır. Keçirilən tədbirlər zamanı yenə millətçi qrupların aşkar edilərək ləğv olunduğu, onlardan çoxlu miqdarda vərəqələr və həmin vərəqələri hazırlamaq üçün lazım olan avadanlıqlar aşkar edilərək götürüldüyü bildirilirdi.
Respublika rəhbəri seçildikdən sonra ulu öndər Heydər Əliyev Qarabağda milli mənafelərin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi, Ermənistandakı millətçi dairələrin təxribatlarının qarşısının alınması istiqamətində məqsədyönlü və təsirli tədbirlər görürdü. O, Azərbaycanı gözləyən təhlükələri fitri istedadı ilə qabaqcadan görür, siyasi-ideoloji vasitələrdən, mövcud qanunvericiliyin imkanlarından məharətlə istifadə edərək bu təhlükələri vaxtında önləyə bilirdi.
Ermənistan, o cümlədən Azərbaycanla sərhəd olan bəzi əraziləri də ələ keçirmək istəyirdi. Moskvanın təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR ilə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi dərhal bu məsələni ön plana çəkdi və sözügedən qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev, nə qədər təhlükəli olsa da, təzyiqlərə sinə gərərək, prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.
1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi “erməni millətçiləri” adlı əməliyyat keçirərək “Daşnaksütyun” təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi.
1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən ermənilər yenidən fəallaşaraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldırdılar, Moskvaya, SSRİ mərkəzi orqanlarına kütləvi ərizələrlə müraciət etməyə başladılar. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-yə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdı. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdu.
Qərarda qeyd edilirdi ki, DQMV-nin yaradılmasından keçən 50 ildə vilayətin çoxsahəli sənayesi yaradılmış, kənd təsərrüfatı inkişaf etdirilmişdir. Sənaye istehsalı artmış, elektroenergetika, mədən sənayesi, ayaqqabı istehsalı və digər yeni sahələr yaradılmışdır. Kolxoz və sovxozların müasir texnika ilə təchizat səviyyəsi yüksəlmiş, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılmışdır.
Qərarda həmçinin, sonrakı illərdə də vilayətin sosial-iqtisadi inkişafı ilə bağlı konkret tapşırıqlar müəyyən olunmuşdu.
Bu dövrdə Şuşanın İttifaq miqyaslı kurort mərkəzinə çevrilməsi barədə qərar qəbul olundu. Şuşada Cıdır meydanında böyük Azərbaycan şairi Molla Pənah Vaqifin böyük məqbərəsi ucaldıldı. Heydər Əliyev məqbərənin açılışı münasibətilə keçirilən tarixi tədbirdə çıxış etdi. Yuxarıda adıçəkilən qərar və Mərkəzi Komitənin, Nazirlər Sovetinin müəyyən etdiyi əlavə tədbirlərin reallaşması nəticəsində vilayətin sosial-iqtisadi göstəriciləri yaxşılaşırdı. Qeyd edim ki, vilayətin inkişafının əsas göstəriciləri respublikamız və Ermənistanın müvafiq gəstəricilərindən yüksək idi.
O dövrdə Dağlıq Qarabağda olan vəziyyətin yaratdığı narahatlıq doğuran məsələlərdən biri azərbaycanlı əhalinin bölgəni tərk etməsi idi. Bunu nəzərə alan Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, azərbaycanlı əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaradan olduqca mühüm addım idi.
Ermənilərin əzəli Azərbaycan torpaqlarına çox yaxın tarixdə köçürüldüyünü onların özlərinin əli ilə əbədiləşdirmək ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdu. Belə ki, Dağlıq Qarabağ erməniləri 1978-ci ildə əvvəlki Mardakert - indiki Ağdərə rayonunun Marağa kəndində ucaltdıqları abidə ilə bu torpaqlara 150 il əvvəl gəldiklərini təsdiqləmişlər.
Torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işləri dahi strateq Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kursun uğurlu davamının məntiqi nəticəsi idi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Buna qədər Ermənistan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına nail olmaq üçün SSRİ-nin dağılmasından sonra, faktiki olaraq, Azərbaycana qarşı açıq və elan edilməmiş müharibəyə başladı. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərini işğal etdi. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı.
Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Xocavəndin Qaradağlı kəndini ələ keçirdilər və burada Qarabağ müharibəsi dövrünün ilk soyqırımı cinayəti törədildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisələrindən biri - Xocalı soyqırımı baş verdi.
1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı işğal etdilər. 1992-ci ilin may ayında Laçını da işğal edən düşmən Ermənistandan Qarabağa gedən strateji yollara nəzarəti ələ keçirdi. Beləliklə, Azərbaycanın digər rayonlarının işğalı üçün münbit şərait formalaşdı.
1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu. Bununla da ermənilər Dağlıq Qarabağın Ermənistanla tam coğrafi birləşməsinə nail oldular.
1993-cü ilin iyun ayında Azərbaycanda siyasi böhran artıq pik həddə çatmışdı. Xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxt artıq ordu dağılmış, Ermənistanın öz işğalçılıq planlarını daha sürətlə həyata keçirə bilməsi üçün əlverişli zəmin yaranmışdı.
Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də əhalinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Ümummilli liderin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.
1992-ci ilin may ayı Azərbaycanın, eləcə də Naxçıvan MR-in müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü təşkil edirdi. Ermənilər yaranmış şəraitdən istifadə edərək, Naxçıvana qarşı məkrli planlarını da həyata keçirməyə çalışır, sərhəd kəndlərinə təcavüzlər edirdilər. Bu amansız təcavüz bir neçə gün davam etmiş, yalnız ulu öndər Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində onun qarşısını almaq mümkün olmuşdu. Dahi rəhbərin uzaqgörən və düşünülmüş siyasəti təpədən-dırnağadək silahlanmış erməni yaraqlılarının məkrli planlarını alt-üst etdi. Həmin günlərdə Ali Məclis sədrinin yorulmaq bilmədən gecəli-gündüzlü apardığı siyasət öz bəhrəsini verdi. O, xarici dövlətlərin başçılarına, beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciət edərək, Ermənistanın Azərbaycan torpaqlarına, eləcə də Naxçıvana hərbi təcavüzü barədə məlumat vermiş, bu təcavüzü dayandırmaq üçün əməli tədbirlər görülməsini tələb etmişdi. Naxçıvan üçün son dərəcə ağır bir zamanda qardaş Türkiyənin birmənalı mövqeyi Ermənistana öz təcavüzkar niyyətlərini həyata keçirməyə mane oldu. 1992-ci il may ayının 18-də Türkiyənin Baş naziri Süleyman Dəmirəlin sədrliyi ilə Türkiyənin Nazirlər Kabineti iclas keçirərək Ermənistanın Naxçıvana təcavüzü ilə bağlı bəyanat verdi. Məhz o dövrdə dahi siyasətçinin səyləri nəticəsində dünya ictimaiyyətində düzgün, obyektiv təsəvvür yaradıldı və Ermənistanın təcavüzkar mövqeyi ifşa edildi. 57 dövlət Ermənistanın təcavüzkarlığını pisləmiş, NATO isə bu barədə xüsusi bəyanat yaymışdı. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri də Naxçıvana gələrək döyüş bölgəsinə, Sədərəyə baş çəkmişdi, həlak olmuş naxçıvanlıların cəsədləri onların vasitəçiliyi ilə ermənilərdən geri alınmışdı.
1992-ci il iyulun 25-də Ali Məclisin Rəyasət Heyətinin iclasında Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin yenidən təşkil olunması və onun bazasında Azərbaycan Müdafiə Nazirliyinin tərkibində müvafiq hərbi strukturun yaradılması zəruri hesab edildi. İki gündən sonra, iyulun 22-də 75-ci sovet diviziyasının əmlakının, silah-sursatının Azərbaycan Milli Ordusuna təhvil verilməsi prosesinə başlanıldı və bu proses avqust ayının 15-də başa çatdırıldı. Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda 5-ci əlahiddə motoatıcı briqadası yaradıldı. 1992-ci il avqustun 18-də keçmiş Sovet Ordusunun 75-ci diviziyasının şəxsi heyətinin son dəstəsi Naxçıvanı tərk etdi.
1992-ci il iyul ayının 28-də Naxçıvan MR Ali Məclisinin təklifi ilə Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvanda 1-ci sərhəd qoşunları dəstəsi yaradıldı. Həmin il sentyabrın 29-da Naxçıvan şəhərində Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti rəhbərliyinin, Rusiya Sərhəd Qoşunları Baş İdarəsinin və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsi nümayəndələrinin iştirakı ilə 41-ci sərhəd dəstəsinin ləğv olunması və onun funksiyalarının, bütün hərbi və təsərrüfat əmlakının yeni yaradılan 1-ci sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalandı. Bununla da Azərbaycan ilə qonşu dövlətlər – İran və Türkiyə arasında Naxçıvan ərazisindəki 215 km-lik dövlət sərhədinin mühafizəsi Azərbaycan Sərhəd Qoşunları tərəfindən həyata keçirilməyə başladı. Bütün sərhəd məntəqələrində və sərhəd dəstəsi qərargahının üzərində Azərbaycanın dövlət bayraqları qaldırıldı.
Bir sözlə, Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvanda müdafiə və hərbi quruculuq sahəsində həyata keçirilmiş tədbirlər bölgənin düşmən əlinə keçməsinin qarşısını aldı, sabitlik və əmin-amanlığın möhkəm təməlini qoydu. Tale Naxçıvanı, Dağlıq Qarabağı və Azərbaycanın digər bölgələrini gözləyən acı qismətdən Heydər Əliyevi bu regiona göndərməklə hifz etdi.
(ardı var)
Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik

