Xalqın sevgisində yaşayan lider

post-img

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mərasim keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndərin zəngin həyat yolundan, dövlətə, dövlətçiliyə sədaqətlə xidmətindən bəhs olunub.

Kollecin direktoru Xatirə Məlikova qeyd edib ki, müdrik dövlət xadimi, uzaqgörən, qətiyyətli strateq, xalqımızın tarixində əvəzsiz yeri olan dahi şəxsiyyət Heydər Əliyevin sayəsində Azərbaycan müstəqil və suveren dövlət kimi formalaşaraq möhkəm təməllər üzərində inkişaf yoluna qədəm qoymuş, beynəlxalq arenada layiqli yer tutmuşdur.

Natiq vurğulayıb ki, Ümummilli liderin bütün fəaliyyəti dövlət müstəqilliyimizin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deyən Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, sarsılımaz lider-xalq-ordu birliyi nəticəsində 30 il düşmən tapdağı altında qalmış tarixi ərazilərimiz 2020-ci ildə işğaldan azad olundu. Qarabağ Zəfəri dünya şöhrətli siyasətçi Heydər Əliyev ideologiyasının təcəssümü, Prezident İlham Əliyevin inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının möhtəşəm təntənəsidir.

Çıxış edənlər belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli dəyərlərin təbliği, tarixi şəxsiyyətlərin irsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Tələbələrin ifasında dahi liderin xatirəsinə həsr olunmuş mahnılar, milli rəqs nümunələri böyük qarşılanıb.

Tədbirdə Şirvan rayonunun dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, pedaqoji kollektiv və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

XQ



Sosial həyat