Goranboyda Novruz ruhu

post-img

Goranboy rayonunda BaharFest və İlaxır çərşənbə münasibətilə təşkil olunan Novruz şənliyi bu il də xüsusi coşqu və yüksək əhval-ruhiyyə ilə yadda qaldı. Gənclər və İdman Nazirliyi, Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi çərçivəsində təşkil olunmuşdu. Şəhərin Heydər Əliyev Parkında keçirilən ümumrayon tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının və müxtəlif xidmət sahələrinin nümayəndələri, şəhid ailələri, qazilər, eləcə də rayon ictimaiyyəti və ölkəmizin müxtəlif bölgələrindən gəlmiş fəal gənclər iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad etdilər.    

Bayram proqramı olduqca rəngarəng və zəngin idi. Ərazidə qurulan gənclər düşərgələrinə baxış keçirildi, tanınmış incəsənət ustalarının və yerli mədəniyyət işçilərinin ifasında musiqi nömrələri təqdim olundu. Folklor nümunələri, milli rəqslər və səhnəciklər Novruz ənənələrinin ruhunu dolğun şəkildə əks etdirdi. Müxtəlif idman növləri üzrə nümayişlər, rəsm və əl işlərindən ibarət sərgilər tədbirə gələnlərin böyük marağına səbəb oldu.      

Eyni zamanda, milli mətbəximizin inciləri və qədim adət-ənənələrimizi yaşadan kompozisiyalar nümayiş etdirildi ki, bu da bayramın milli koloritini daha da gücləndirdi. Axşam saatlarında yandırılan bayram tonqalı tədbirin ən yaddaqalan məqamlarından biri oldu. Sonda isə möhtəşəm atəşfəşanlıq səması işıqlandıraraq bayram sevincini zirvəyə çatdırdı.          

Hamlet Qasımov,

XQ-nin Gəncəbasar müxbiri



















Sosial həyat