Azərbaycan elmi xalqımızın intellectual sərvətidir

post-img

27 Mart Azərbaycanda Elm Günüdür

Bu gün Azərbaycanın xalqı ölkəmizdə elm gününü intellektual inkişaf sahəsində son 1 əsrdə əldə edilmiş tarixi tərəqqidən doğan qurur, milli elmin dövlətçiliyimizə verdiyi töhfələrin yüksək dəyərləndirilməsi duyğu-düşüncələri və elmi-texnoloji sahə kollektivlərindən daha böyük gözləntilərlə qarşılayır. 

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün ölkəmizdə elmin inkişafına, alimlərin cəmiyyətdəki nüfuzunun artırılmasına və bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğını əks etdirir. Bu tarix öz başlanğıcını 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunnmasından götürür. Ötən 81 ildə respublikada elmin təşkilati strukturu formalaşıb, araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. 

XX əsrdə Azərbaycan elminin sistemli şəkildə formalaşması və beynəlxalq miqyasda tanınması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər elmi xalqın milli sərvəti hesab edərək, akademiyanın müstəqil dövlətçilik maraqlarına xidmət edən bir qurum kimi inkişafına nail olub. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət nəticəsində Azərbaycan elmi təkcə fundamental araşdırmalarla məhdudlaşmır, həm də ölkənin iqtisadi və hərbi qüdrətinin artırılmasına önəmli töhfə verir.

Keçən il ölkəmizdə AMEA-nın yaradılmasının 80 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunub. Yubiley yığıncağında dövlətimizin başçısı tərəfindən müəyyən edilən hədəflər çərçivəsində, elmi fəaliyyətin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tədqiqat proseslərinə inteqrasiyası 2026-cı ilin əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli milli elmin təşkilatlanmasının 80 illiyinin ölkəmizdə təntənə ilə qeyd edilməsinin elm tariximizə baxışla, qazanılmış uğurlara qiymət verilməsi və qarşıda duran vəzifələrin iri planda gündəmə gətirilməsi ilə əlamətdar olduğunu qeyd edərək  bildirdi:

-- Milli akademiyamızın 80 illiyi Azərbaycanda intellectual quruculuğun, təxminən, 800 ilə yaxın böyük bir epoxasının məntiqi yekunu və sabaha doğru inkişafının hərəkətverici qüvvəsidir. Planetimizin birinci akademik elmi qurumu bizim eradan əvvəl IV əsrdə fəaliyyət göstərmiş Platon Akademiyasıdır. Afrika qitəsində 1137-ci ildə yaradılan Efiopiya Akademiyası bizim eranın ilk akademik qurumu hesab edilir. 

Azərbaycanda isə ilk dəfə 1259-cu ildə Nəsirəddin Tusi tərəfindən yaradılan Marağa Rəsədxanası ilə universal elmi fəaliyyətlə məşğul olan elmi-tədqiqat müəssisəsinin bünövrəsi qoyulub. Bundan bir müddət sonra meydana çıxmış Təbriz Darüş-Səfa Akademiya şəhərciyinin salınması ilə Azərbaycan akademiya quruculuğunda bir addım da irəli getmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası isə yarandığı 8 onillikdə çətin, məsuliyyətli və şərəfli yol keçib. Akademiyanın 1969-1982-ci illər dövrü ölkəmizin elm tarixinə Heydər Əliyev mərhələsi, yaxud intibah dövrü kimi daxil olub. Bu illərdə Akademiyada müxtəlif elm sahələri üzrə elmi məktəblər yaranıb, elmimiz Sovet İttifaqının hüdudlarını aşaraq dünyada tanınıb. 

Ulu öndər SSRİ-nin yüksək rəhbərliyinə irəli çəkildikdən sonra bu inkişaf tempi, təəssüf ki, qorunub saxlanılmayıb. Hətta müstəqilliyin başlanğıc illərində Akademiyanı ləğv etmək haqqında bəyanatlar səsləndirilib. Ona görə də 1983-1993-cü illər Elmlər Akademiyasının tənəzzül və böhran dövrü hesab olunur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə respublikanın digər sahələrində olduğu kimi, Akademiyada da böyük dirçəliş prosesləri başlanıb, ölkə maraqları ön mövqeyə çəkilib. Ulu öndərin 2001-ci il 15 may tarixli sərəncamı ilə Akademiyaya “Milli Elmlər Akademiyası” statusu verilib. 1993-2003-cü illər elm tariximizə Milli Elmlər Akademiyası quruculuğu mərhələsi kimi daxil olub.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-cü ildən başlanan möhtəşəm inkişaf dövründə Akademiyanın fəaliyyəti iki mərhələyə ayrılır: 2003-2021-ci illəri əhatə edən modernləşmə və innovasiya dövrü və indiki eniləşmə və islahatlar mərhələsi.

Hazırda Milli Elmlər Akademiyası Dünya Akademiyaları Cəmiyyətinin bərabərhüquqlu üzvü kimi Azərbaycan elmini beynəlxalq miqyasda təmsil edir. Ölkəmizin inkişafına, xüsusən xalqımızın milli-mənəvi dirçəlişinə öz töhfələrini verməkdə davam edir.

Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubiley mərasimindəki nitqində Azərbaycan elminin ötən dövrdə əldə etdiyi uğurları. Yaradılmış elmi potensialı çox yüksək qiymətləndirdi. Elmin həyata inteqrasiyası sahəsində, milli-mənəvi irsin öyrənilməsi və zənginləşdirilməsi sahəsində növbəti vəzifələrə mötəbər yön verdi. Artıq bizim qarşımızda 4-cü sənaye inqilabı, rəqəmsallaşma ilə bağlı konkret hədəflər var.

Dövlətimizin başçısının nitqində onu da bildirdi ki, “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq”. Dövlət başçısı tariximizin araşdırılaraq cəmiyyətdə, gənclər arasında təbliğini qarşımıza önəmli vəzifə kimi qoydu.

Akademik dedi ki, Prezident İlham Əliyevin alimlərimizə çağırışı yalnız bir dövrü deyil, bütün Azərbaycan tarixinə yenidən qayıtmağımıza və dərindən tədqiq etməyimizə əsas və stimul verir. Hazırda AMEA-nın Tarix və Etnologiya İnstitutunda 15 cildlik “Azərbaycan tarixi”nin müstəqilliyin çağırışları işığında müəyyən edilmiş “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” yenidən yazılır. Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası AMEA-nın Rəyasət Heyətində ötən il tarixçi alimlərlə birgə müzakirə olunaraq müəyyənləşdirilib.

Tarix və Etnologiya İnstitutunda müasir dövrün reallıqlarından irəli gələrək “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsi yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, ermənilərin tariximizi saxtalaşdırma siyasətinə qarşı ikicildlik nəşr hazırlanıb.

Prezident İlham Əliyevin Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimlərin saxtalaşdırılması ilə bağlı tapşırığına diqqət çəkən akademik İsa Həbibbəyli Göyçə gölü adının hələ “Kitabi-Dədə Qorqud” dastanında əksini tapdığını, lakin XX əsrdə ermənilər tərəfindən saxtalaşdırıldığını bildirib. Qeyd edib ki, bu gün həm də sovet ideologiyası əsasında yazılmış tariximizi müstəqilliyin çağırışları işığında yenidən yazırıq.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Qərbi Azərbaycanla bağlı Akademiyada ciddi tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli dedi:

-- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyində tarix elmi ilə əlaqədar səsləndirdiyi fikirlərdə ölkə elmi mühitində, o cümlədən də Akademiyanın elmi-tədqiqat institutlarında tarixə dair tədqiqatlarda azərbaycançılıq meyarlarının, qədim tariximizin və müstəqil Azərbaycan dövlətinin maraqlarının və reallıqlarının ön mövqeyə çıxarılmasını şərtləndirmişdir.  

Elmi mühitimiz üçün Prezident İlham Əliyevin 3 noyabr 2025-ci il tarixdə Milli Elmlər Akademiyasının 80 illik yubileyində dərin məzmunlu, proqram xarakterli parlaq nitqi ilə Azərbaycan elminin, AMEA-nın mükəmməl yol xəritəsi müəyyən edilib. Dövlət başçısının Azərbaycan dilinin təhlükəsizliyinin qorunması, daxili imkanlar hesabına zənginləşdirilməsi haqqındakı çağırışlarına cavab olaraq elmi-tədqiqat institutlarında bu məsələ ön mövqeyə çıxarılmış, bir çox əhəmiyyətli tədqiqatların icrası daha da aktivləşdirilmişdir.

AMEA insitutlarında Qərbi Azərbaycan tarixi, folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbələri yaradılıb, bir sıra sanballı tədqiqat əsərlərinin ortaya qoyulub, Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan Ensiklopediyası hazırlanıb. Azərbaycan tarixi ilə bağlı tədqiqatlar və maarifləndirmə işləri aparılarkən bu gün dövlətimiz üçün aktual məsələlərdən olan süni intellekt və rəqəmsal texnologiyalardan da istifadə etməliyik. Azərbaycan tarixi və Azərbaycanın dövlətçilik tarixinə dair müstəqilliyin açdığı yeni ideyalar əsasında multidissiplinar tədqiqatlara başlanılıb.

Elmimizin tarixində ilk dəfə olaraq Milli Dil Korpusunun yaradılması, Orfoqrafiya lüğətinin yeni nəşrinin planlaşdırılması, ilk dəfə olaraq Orfoepiya lüğətinin hazırlanması, şəxs adları soraq-məlumat kitabının tərtib edilməsi Prezidentimizin ana dili dərslərinin işığında meydana çıxmış mühüm elmi nəticələrdir. Eyni zamanda, noyabr ayından sonra Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” və “Onomastika” şöbələrinin yaradılması Prezident İlham Əliyevin Dil siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edən addımlardır.

AMEA rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında” sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində çap olunmuş monoqrafik tədqiqatlar, keçirilmiş konfranslar da mahiyyət etibarilə dövlət başçısının həyata keçirdiyi ana dili siyasətinin elmi təzahürləridir:

-- Ölkəmizdə və ümumən Türk dünyasında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası 2024-cü ildə qəbul edilmiş ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr etmişdir. Qalib ölkənin Qalib liderinin ana dili – dövlət dili siyasətinə, ortaq latın əlifbasının qəbul edilməsinə verdiyi dəstəyə əməli töhfəmizdir.

Akademiya kollektivi bundan sonra da dövlət başçısının uzaqgörən, müdrik siyasətini qətiyyətlə dəstəkləyəcək, cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin inkişafına öz töhfələrini verməyə davam edəcəklər.  Milli elm günü münasibətilə ölkənin elm qurumlarının kollektivlərini və bütün alimlərimizi təbrik edir, onlara səmərəli fəaliyyət və yeni uğurlar arzulayıram.

Hazırladı: Tahir AYDINOĞLU

XQ

 

 

Elm