Reuters: Tramp Si Cinpinlə Rusiyanın gəlirlərini müzakirə etmək niyyətindədir

post-img

ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Çin sədri Si Cinpinlə müzakirə edəcəyi mövzulardan birinin Çinin Rusiyaya dəstəyi olacağı gözlənilir. "Reuters" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Trampın Pekinin Moskvaya göstərdiyi maliyyə dəstəyi məsələsini qaldıracağı ehtimal olunur. Bundan əlavə, Amerika prezidenti bu görüşdən İran mövzusunda Çinə təzyiq göstərmək üçün də istifadə edə bilər.

Agentliyə danışan amerikalı rəsmilərdən biri bildirib: “Prezident ÇXR sədri Si Cinpinlə İran və Rusiya mövzusunu, o cümlədən Çinin hər iki ölkəyə təmin etdiyi gəlirləri, habelə ikili təyinatlı mallar, komponentlər və hissələri, hətta potensial silah ixracını dəfələrlə müzakirə edib. Gözləyirəm ki, bu dialoq davam edəcək”.

Eyni zamanda, "Reuters"in məlumatına görə, Ağ Ev bu görüşdə Pekinlə nüvə silahlarına nəzarət barədə dialoqa başlamaq, həmçinin Çində hazırlanan süni intellekt modelləri ilə bağlı artan narahatlıqları ifadə etmək niyyətindədir. ABŞ rəsmiləri hesab edirlər ki, süni intellekt səbəbindən yarana biləcək münaqişələrin qarşısını almaq üçün tərəflər arasında rabitə kanalı zəruridir.

Gözlənilir ki, ABŞ və Çin qarşılıqlı ticarət və investisiyalara kömək edəcək forumların yaradılması barədə razılığa gələcəklər. Mənbələrdən birinin qeyd etdiyinə görə, bu forumların yaradılması planları görüşdə rəsmi şəkildə elan edilə bilər, lakin bu mexanizmlərin tətbiqindən əvvəl əlavə təkmilləşdirmələrə ehtiyac duyula bilər. Həmçinin iki ölkənin nümayəndələri ticarət müharibəsində atəşkəsin uzadılmasını müzakirə edəcəklər.

İki siyasətçinin görüşü 14–15 may tarixlərində baş tutmalıdır. Bu səfər cənab Trampın 2017-ci ildən bəri Çin paytaxtına ilk rəsmi ziyarəti olacaq.

S.ELAY

XQ

Dünya