WSJ: İran ABŞ ilə münaqişənin həlli üçün yeni təklifinin detallarını açıqlayıb

post-img

İranın Vaşinqtonla münaqişəni tənzimləmək üçün təqdim etdiyi son təklifə əsasən, rəsmi Tehran ABŞ-ın dəniz blokadasını qaldırması müqabilində Hörmüz boğazını mərhələli şəkildə açmağa razılıq verib. Bu barədə "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

İran tərəfi nüvə obyektlərini sökməkdən imtina edib və uranın zənginləşdirilməsinə ABŞ-ın tələb etdiyindən (20 illik dayandırma) daha qısa müddətli moratorium qoyulmasını təklif edib. Bundan əlavə, Tehran zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə ötürülməsinə icazə verəcək, lakin bir şərtlə ki, danışıqlar iflasa uğrayarsa, həmin ehtiyatların geri qaytarılmasına zəmanət verilsin. İran tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb və nüvə məsələlərinin yaxın 30 gün ərzində razılaşdırılmalı olduğunu vurğulayıb.

İranın "Tasnim" agentliyi isə mənbələrə istinadən yazır ki, Tehran ABŞ sanksiyalarının ləğvini, bütün cəbhələrdə müharibənin dayandırılmasını və Hörmüz boğazı üzərində İranın nəzarətinin bərqərar olunmasını tələb edib. Xüsusilə, İran ABŞ Maliyyə Nazirliyinin ölkə neftinə tətbiq etdiyi sanksiyaların ləğvində israr edir. Sənəddə qeyd olunur ki, ABŞ-ın dəniz blokadası ilkin razılaşma imzalandıqdan dərhal sonra başa çatmalıdır.

Xatırladaq ki, aprelin 8-dən bəri İran və ABŞ arasında atəşkəs rejimi qüvvədədir. Tərəflər bu müddət ərzində yekun sülh sazişinə nail olmalıdırlar. Uranın zənginləşdirilməsi məsələsi tərəflər arasındakı əsas ixtilaf nöqtəsi olaraq qalır. ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Birləşmiş Ştatlar sonda nüvə maddələrinin ehtiyatlarını İrandan çıxaracaq.

S.ELAY

XQ

Dünya