Martın 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdən öncə Səməd Vurğunun həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış olub.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli Sərəncamında Azərbaycan Milli Elmlər Akademiyasına AR Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və aidiyyəti qurumlarla birgə şairin 120 illiyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Rəyasət Heyəti tərəfindən AMEA-nın Tədbirlər planı təsdiqlənib və həmin sənəddən irəli gələrək bugünkü elmi sessiya keçirilir.
Səməd Vurğunun Azərbaycan ədəbiyyatı tarixində ən populyar şəxsiyyətlərdən biri kimi qəbul edildiyini və yeni ədəbi məktəb yaratdığını deyən akademik İsa Həbibbəyli Xalq şairinin 1954-cü ildə Moskvada SSRİ Yazıçılarının II Qurultayında ölkəmizi təmsil edərək geniş məruzə ilə çıxış etməsinin ona verilən yüksək dəyərin ifadəsi olduğunu, ədibin Sovet dövrü ədəbiyyatının ağsaqqallarından biri kimi qəbul edildiyini söyləyib.
Akademik İsa Həbibbəyli Səməd Vurğunun qüdrətli əsərləri, dramaturgiyası, şeirləri, publisistikası ilə ədəbiyyatımızda daim yaşayacaq əsərlər yaratdığını, sənətinin ölməz, əbədi olduğunu, Səməd Vurğunun Azərbaycan xalqının milli sərvəti, böyük mütəfəkkir şəxsiyyəti kimi qəbul edildiyini vurğulayıb.
Səməd Vurğunun 1935-ci ildə yazdığı məşhur “Azərbaycan” şeirinin bu gün də dillər əzbəri olduğunu deyən akademik İsa Həbibbəyli ədibin hələ sağlığında fenomen şəxsiyyət kimi qəbul edildiyini, SSRİ-nin ən ali Dövlət mükafatlarını dəfələrlə aldığını diqqətə çatdırıb.
Səməd Vurğunun elmi fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli onun AMEA-nın 15 əsas təsisçisindən biri olduğunu, həqiqi üzv seçilərək 1954-1956-cı illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifəsini məsuliyyətlə yerinə yetirdiyini söyləyib. Qeyd edib ki, həmin dövr ərzində Səməd Vurğunun da redaktorlarından biri olduğu üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” işıq üzü görüb, həmçinin həmin dövrdə Qobustan qayaları üzərində qədim yazıların dağıdılmasının qarşısını alıb, Nizami Gəncəvinin, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin yaradıcılığına dair mükəmməl məqalələr ortaya qoyub.
“Səməd Vurğun Qasım bəy Zakirin yaradıcılığını tədqiq edərək onun lirikası mövzusunda namizədlik dissertasiyası üzərində çalışmışdır. Ədibin SSRİ Yazıçılarının II Qurultayında poeziya haqqındakı məruzəsi elmlər doktorluğuna bərabər səviyyədədir. Həmçinin o, Azərbaycan SSR EA-nın illik hesabat məruzəsində tarixə, arxeologiyaya, etnoqrafiyaya, ədəbiyyata, sənətşünaslığa, dilçiliyə, əlyazmalara dair mükəmməl fikirlər irəli sürmüşdür və həmin çıxışının stenoqramı bu gün də arxivimizdə qalır”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Səməd Vurğunun “Ədəbiyyat ideal qəhrəmansız ola bilər, amma idealsız ola bilməz”, - sözlərini xatırladan AMEA rəhbəri bugünkü elmi sessiyada təqdim ediləcək məruzələrin onun haqda düşüncələrin inkişafına daha da kömək edəcəyini bildirib, tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.
Elmi sessiyada Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxananın hazırladığı “Səməd Vurğun elektron bazasını” təqdim edib.
Daha sonra tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy “Səməd Vurğun irsi mühit, müəllif və mətn kontekstində”, filologiya elmləri doktoru Vaqif Yusifli “Səməd Vurğun”, professor Asif Rüstəmli “Səməd Vurğun yaradıcılığının Gəncə dövrü”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Səməd Vurğun dramaturgiyasında müəllif və qəhrəman tandemi” və filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli “Səməd Vurğunun dördlükləri” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələdə şairin həyat və fəlaiyyətinə aid maraqlı faktlar arxiv materialları əsasında təqdim edilib.
Tədbirdə görkəmli şairin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda Səməd Vurğunun ev muzeyinin direktoru Vurğun Vəkilova professor Asif Rüstəmlinin arxivdən aşkar etdiyi şairə məxsus əlyazmanın surəti təqdim olunub. Vurğun Vəkilov göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
XQ



