UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı (ITWEC 2026) keçirilib

post-img

UNEC-də Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə süni intellekt və rəqəmsal transformasiya kontekstində II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı (ITWEC 2026) keçirilib.

Bu barədə XQ-yə UNEC-dən məlumat verilib.

Bildirilib ki, “Ortaq Gələcək: Sosial-iqtisadi İnnovasiyalar” mövzusuna həsr olunan konfrans Türk Dünyasının iqtisadi və sosial gələcəyini formalaşdıracaq innovativ ideya və layihələrin müzakirəsi məqsədilə təşkil olunub.

Konfransın açılışında çıxış edən UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev mövzunun aktuallığını vurğulayaraq süni intellektin təhsildə tətbiqi, bu sahə üzrə tədris proqramlarının hazırlanması və UNEC-də tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan çıxış edərək UNEC-in ənənəvi olaraq keçirdiyi konfransın Türk Dünyası ölkələrinin ali təhsil müəssisələrini bir araya gətirməsinin əhəmiyyətini vurğulayıb və tədbirin işinə uğurlar arzulayıb.

Türk Dünyası İqtisad Fakültəsinin dekanı Dr. Yusif Alıyev konfrans barədə ətraflı məlumat verərək bildirib ki, builki tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edirlər. O qeyd edib ki, konfransa təqdim olunan 120 müraciətdən elmi qiymətləndirmə nəticəsində 90 məruzə qəbul olunub. Dekan həmçinin vurğulayıb ki, konfrans çərçivəsində 4 panel, 2 əyani və 14 onlayn sessiyanın keçirilməsi nəzərdə tutulub.

Qazaxıstan Respublikası Beynəlxalq Turizm və Otelçilik Universitetinin dosenti Sabit Baymaganbetov isə Türk Dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində universitetlərarası əməkdaşlığın genişləndirilməsi və birgə elmi təşəbbüslərin əhəmiyyətindən danışıb. Bildirib ki, süni intellekt və innovativ texnologiyalar region ölkələrinin dayanıqlı inkişafında mühüm rol oynayır.

Açılış nitqlərindən sonra çıxışçılara plaketlər təqdim olunub.

Tədbir “Türk Dünyası və inkişaf etməkdə olan regional iqtisadiyyatda rəqəmsal transformasiya” mövzusunda panel çıxışlarla davam edib.

UNEC-in dosenti Elşən Bağırzadənin moderatorluğu ilə keçirilən paneldə Türkiyə Respublikasının Daşkənddəki səfirliyinin müşaviri, professor Mehmet Yüce, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İRİA-nın şöbə müdiri Cavid Süleymanlı və qırğızıstanlı alim Davran Yoldaşev rəqəmsal transformasiyanın regional iqtisadiyyatlara təsiri, Türk Dünyasında texnologiya əsaslı əməkdaşlıq imkanları və dayanıqlı inkişaf proseslərində süni intellektin rolu barədə fikirlərini bölüşüblər.

Konfrans “Birinci Türkoloji Qurultayın dərsləri və Türkologiyanın aktual vəzifələri”, “Biliklərin idarə olunması və süni intellekt”, “Gənclər və inkişaf: Süni intellekt yenilikləri” mövzularında panel müzakirələrlə davam etdirilib.









Təhsil