Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən XQ-yə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, ekokönüllülərin iştirakı ilə keçirilən tədbir zamanı ərazinin torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib, onların küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırmaya xüsusi diqqət yetirilir, bu istiqamətdə irimiqyaslı tədbirlər həyata keçirilir.
Maliyyə Nazirliyinin kollektivi də hər il könüllü şəkildə ağacəkmə kampaniyalarında fəal iştirak etməklə bu təşəbbüslərə öz töhfəsini verir, eyni zamanda Ulu Öndər Heydər Əliyevin təbiətə və ekologiyaya qayğı ənənələrini yaşadır.

