Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 107-ci ildönümü respublikamızda qürur hissi ilə qeyd olunur. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin şamil olduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin suverenliyin əsas prinsipləri öz əksini tapmışdır.
İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğu elan edildi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. Tarixdə Azərbaycan adında ilk müstəqil dövlət – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı.
Milli Şura Azərbaycan hökumətinin təşkilini bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman Sosialist Bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar iyunun 17-də Gəncədə Fətəli xanın rəhbərlik etdiyi II hökumət təşkil olundu. İyunun 19-da isə Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verildi. Daha sonra isə Osmanlı dövlətinin 5-ci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu yaradıldı. Nuru paşanın rəhbərlik etdiyi bu orduya osmanlı və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi. Nəhayət, sentyabrın 15-də Qafqaz-İslam Ordusu Bakını azad etdi və Azərbaycan hökuməti öz hakimiyyətini bütün ölkəyə yaya bildi,
Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında ən parlaq dövrlərdən biri kimi qalacaqdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.
AXC tərəfindən dövlətin iqtisadi müstəqilliyinin təmin edilməsi üçün gömrük xidmətinin mühüm əhəmiyyəti nəzərə alınaraq bu sahədə də bir sıra qanunlar işlənib hazırlanmışdır. AXC məhsuldar işlədiyi dövrdə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına da xüsusi diqqət yetirmişdir. Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabrın 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti formalaşmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Burada Azərbaycan Məhkəmə Palatası yanında prokuror və onun müavinləri vəzifələri təsis edilmişdir.
Mürəkkəb beynəlxalq şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, eləcə də səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif məktəblər, gimnaziyalar, qız məktəbləri, kitabxanalar və xəstəxanaların... açılması o dövrdə sosial-iqtisadi yönümlü islahatların həyata keçirilməsi istiqamətində atılan mühüm addımlar idi. Bu baxımdan Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun Cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən AXC hökuməti və parlamenti bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman hökumətin təklifinə əsasən Azərbaycan Parlamentinin 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etməsi, heç şübhəsiz, elm və təhsilə göstərilən böyük diqqət idi.
Ümumiyyətlə, Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumilikdə, 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may -19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur. Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919 və 1920-ci il martın 31-i iki dəfə Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin hüzn günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. 1918-ci ildə Azərbaycan və Ermənistan respublikaları yaranan kimi Qarabağın dağlıq hissəsinə XIX əsrdə köçürülmüş ermənilər Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda keçirilən birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistan (Ararat) Respublikasının tərkibinə daxil olmaq məsələsi hələ qaldırılmamışdı. Lakin ermənilərin ən böyük iddiası Qarabağı və Zəngəzuru ələ keçirmək idi. Ermənistan hökuməti işğal planlarını həyata keçirmək məqsədilə oraya silahlı qüvvələr göndərdi. Nəticədə Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərlə yaşayış məntəqəsini dağıtmış, minlərlə dinc azərbaycanlı əhalini qəddarcasına məhv etmişdilər. 1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane oldu. Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının təhlükəsizliyin təminatını özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Respublikasının ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan Parlamenti Qarabağ məsələsini müzakirə edərək separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb, mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunu yaratdı və Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Azərbaycan hökuməti ona tapşırdı ki, orada qayda-qanun yaratsın və yerli hakimiyyət təşkil etsin.
AXC 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın demokratik respublikalarından daha irəli getmişdi.
Tarix təkcə yarandığı günlərdə yox, sonrakı fəaliyyəti dövründə də Cümhuriyyəti ağır beynəlxalq sınaqlarla üz-üzə qoydu. Yenə qurucu babaların diplomatik fəhmi köməyə çatdı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin təbii və demək olar ki, yeganə müttəfiqi olan Osmanlı dövləti 1918-ci ilin sonlarında başa çatan I Dünya müharibəsində, təəssüf ki, məğlub tərəfdə yer aldı. Bununla da imzalanan Mudros müqaviləsinə əsasən bütün digər bölgələrdən olduğu kimi, Osmanlı dövləti Cənubi Qafqazdan da çıxdı. Yerinə qalib dövlətlərdən gələnlər isə Xalq Cümhuriyyətini tanımaq istəmədilər. Bu mərhələdə Fətəli xan Xoyski başda olmaqla, Cümhuriyyət qurucularının müstəsna səyləri və diplomatik xidmətləri nəticəsində konsensus əldə edildi və dövlətin mövcudluğunu qorumaq mümkün oldu. Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət məhz güclü və uğurlu diplomatiyası sayəsində ayaqda qala bildi. Zamanla bir çox dövlətlə münasibətlər quran Azərbaycan həm xaricdə səfirliklər açdı, həm də xarici ölkələr Bakıda diplomatik nümayəndəliklər təsis etdilər.
Paris Sülh Konfransında – dünyanın taleyinin həll olunduğu mühüm tarixi tədbirdə təmsil olunmaq haqqı qazanan Azərbaycanın çətinliklərlə də olsa, nümayəndə heyətinin Fransaya gedib çatması, orada böyük siyasi və diplomatik fəaliyyəti də Xalq Cümhuriyyətinin xarici siyasətinin aktivinə yazılmalıdır. Təsadüfi deyil ki, məhz bu siyasətin nəticəsində 1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəliyi artıq fəaliyyət göstərirdi. Azərbaycan həqiqətləri ingilis, fransız, rus, alman və sair dillərə çevrilərək çap olunub yayılırdı.
Xalq Cümhuriyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də vardı. Məhz Rusiya Xarici İşlər komissarı Çiçerinin 1920-ci il yanvarın əvvəllərində Fətəli xana göndərdiyi teleqramda belə bir məqsəd güdülürdü. O, Azərbaycanı – ağqvardiyaçı general Denikinlə müharibəyə çağırırdı. Azərbaycan hökuməti isə sülh danışıqlarının aparılması üçün səy göstərirdi. Buna baxmayaraq, Rusiya işğalçı XI ordunu göndərərək 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etdi. Milli dövlətin yaradıcıları ölkəni tərk etmək məcburiyyətində qaldılar.
Azərbaycan 70 il imperiya əsarətində qaldı. Lakin Azərbaycan xalqının milli ruhu qırılmadı. Siyasi münbit şərait yaranan kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyi bərpa olundu. Əsrin əvvəllərində olduğu kimi, sonunda da müstəqil Azərbaycanın başı üstünü yenidən qara buludlar aldı. Vilsonun, Tomsonun həyata keçirə bilmədiyi və gözündə qalmış arzularını onların nəvə və nəticələri həyata keçirməyə cəhd etdilər. Məqsəd Azərbaycanda vətəndaş müharibəsi törədib bu ölkəni parçalamaq idi. Bu gərgin tarixi məqamda xalqın istəyi və tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xalqın xilaskarlıq missiyasını öz üzərinə götürdü.
Ulu öndərin söylədiyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir. Heydər Əliyevin güclü siyasi iradəsi, əzmi sayəsində, eyni zamanda, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız müstəqilliyini bir dəfəlik möhkəmləndirə bildi.
İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq aləmin vacib aktorlarından biridir. Lakin həyat ulu öndərə vəfasızlıq etdi: o, dünyasını bir nisgillə başa vurdu – Qarabağ problemi həll olunmadı. Amma onun “Mənim yarımçıq qalmış işlərimi İlham Əliyev tamamlayacaq” inamı xalq etimadı ilə özünü doğrultdu. Belə ki, 30 il ərzində düşmənin işğal altında saxladığı Qarabağ əsarətdən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xilas edildi. 34 ilə yaxındır ki, respublikamız yaşayır, yaradır və dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”Artıq beş ildir ki, Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bundan böyük səadət, xoşbəxtlik ola bilməz.
Ali Baş Komandanımızın uzaqgörən və cəsarətli siyasəti, şəhidlərimizin qanı hesabına suverenliyini bərpa etdiyimiz Azərbaycan daim yaşayacaq, inkişaf edəcək!
Müstəqillik Günümüz mübarək!
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı, professor