Terrorla mübarizədə “türk strategiyası”: konseptual aspekt

post-img

V MƏQALƏ

Terrorla mübarizənin geosiyasi konteksti

Azərbaycanın terrorla mübarizə strategiyasında daxili risklərin aradan qaldırılmasının aparıcı yer tutması əhəmiyyətli məqamdır. Azərbaycan ərazilərinə müxtəlif bəhanələrlə davam edən iddiaların puç olmasının kökü bu məsələnin həll olunması ilə sıx bağlıdır. O cümlədən, Qarabağın Azərbaycan ərazisi kimi işğaldan azad edilməsi bu prosesdə dönüş nöqtəsidir. Əsas məqam ondan ibarətdir ki, II Qarabağ Müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və 2023-cü ildə 23 saat 41 dəqiqəlik antiterror tədbirləri ilə suverenliyi tam təmin etməsi terrorla mübarizə strategiyasının iki vacib mərhələsi kimi qəbul edilməlidir. Çünki onlar faktiki olaraq Azərbaycanda daxili riskləri praktiki sıfıra endirdi. Bununla terrorla mübarizənin daxili və xarici şərtlərini uyğunlaşdırmaq aspektində Azərbaycan bir nümunə yaratdı.

Doğrudan da terrorla mübarizənin xarici şərtlərinin Vətən müharibəsindən sonra ön plana çıxarılması strateji baxımdan özəl anlamı olan məsələdir. Burada ölkə rəhbərliyinin seçdiyi strateji xəttin iki mühüm cəhətini vurğulamaq lazımdır.

Birincisi, Prezident İlham Əliyev terrorla mübarizə strategiyasında aparıcı rolu təhlükəsizlik, regional əməkdaşlıq, barış, sülh və inkişaf paradiqmasının oynadığını nümayiş etdirdi. 300 il böyük güclər tərəfindən təzyiq hədəfi olmuş və mütəmadi olaraq müxtəlif terror olaylarının meydanına çevrilmiş, son 30 ildə isə ərazisinin bir hissəsi işğal altında qalmış bir dövlət kimi Azərbaycanın inkişaf, əməkdaşlıq və təhlükəsizlik paradiqmasından imtina etməməsi tarixi hadisədir.

Kənardan nə qədər təzyiq, təsir və təxribatlar olsa da, rəsmi Bakı zərrə qədər də öncələr müəyyən edilmiş terrorla mübarizə strategiyasından kənara çıxmadı. Yəni təxribat, şantaj və ədalətsiz təhriklərə belə sülh, barış və əməkdaşlıq paradiqması kontekstində cavab verdi. Bu məqam Azərbaycanın Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, BMT-də, MDB-də və digər təşkilatlardakı fəaliyyətində özünün praktiki təsdiqini tapdı.

Azərbaycan Prezidenti milli təhlükəsizliyin təminini, regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasının yaradılmasını uğurlu şəkildə neokolonializmə və ksenofobiyaya qarşı beynəlxalq miqyasda mübarizə ilə uyğunlaşdıra bildi. Bu anlamda Azərbaycanın terrorla mübarizə strategiyasının çox mühüm bir özəlliyi aydın olur - ərazi bütövlüyümüzə qarşı olan terrorla mübarizə regional təhdidlər və qlobal neomüstəmləkəçilik və ksenofobiya ilə mübarizəylə vahid məntiqi mahiyyətə malikdir.

Belə bir mövqenin geosiyasi anlamı çox dərindir. Azərbaycanın terrorla mübarizə strategiyası yalnız milli sərhədlərlə məhdudlaşmır – Bakı, ümumiyyətlə, terror, müstəmləkəçilik və ksenofobiyanın hər bir təzahürünə qarşı mübarizə düşərgəsindədir! Bu tezisin siyasi izahına ehtiyac vardır!

Lider və dövlət identikliyi

Azərbaycan Prezidenti İlham Əliyevə müxtəlif səviyyələrdə tez-tez sual edirlər: “Necə olur ki, Siz müxtəlif istiqamətlərdə böyük dövlətlərlə strateji sənədlər imzalayırsınız və onlar heç bir ziddiyyət yaratmır?”. Bu sualın başqa forması belədir: “Azərbaycanın xarici siyasətinin əsas prinsipləri hansılardır?”

Prezident İlham Əliyevin bu suallara cavabının daxili məntiqini dərk etmədən Azərbaycan Respublikası dövlətinin terrorla uğurlu mübarizə strategiyasının qayəsini dərk edə bilmərik.

Prezident İlham Əliyevin cavablarını ümumiləşdirməyə çalıacağıq. Hər çeydən öncə, Azərbaycan lideri xalqa doğruları deməyə üstünlük verdiyini ifadə edir. Xalqla yanaşı xarici tərəf müqabillərlə də səmimi, açıq, obyektiv ünsiyyətə üstünlük verdiyini ifadə edir. Bu, lider kimi İlham Əliyevi sözübütöv, kişi kimi verdiyi vədlərə əməl edən, ədalətli və səmimi siyasət yeritdiyinin birbaşa əlamətləridir.

Təcrübə göstərir ki, belə keyfiyyətlərə malik siyasətçilərlə strateji sazişi çəkinmədən imzalayırlar. Bir şərtlə: danışıqlarda ortaq mövqeyə gəlinsin! Yəni İlham Əliyevin siyasi fəaliyyətinin təməlində gördüyü milli maraqlar və siyasi varisliyin semantik, siyasi, mənəvi, ideoloji sərhədlərindən kənara çıxmamaq prinsipi bərqərar olmuşdur. Bu da İlham Əliyevin məqsədyönlü, praqmatik və ortaq razılaşmalara tam açıq lider olduğunu təsdiq edir.

İkincisi, İlham Əliyev etibarlı siyasətçidir. Liderin etibarı isə dövlətə etimad yaradır. Azərbaycan Prezidenti məharətlə bu keyfiyyətini fəaliyyəti dövründə hər anda uğurla sübut etmişdir və indi də etməkdədir.

Üçüncüsü, İlham Əliyev suallara cavabından aydın hiss olunur ki, ədalətə, humanitarlığa və əməkdaşlığa prinsipial olaraq üstünlük verir. Yəni Azərbaycan Prezidentinin siyasi fəaliyyətində fəzilətlilik aparıcı yer tutur. Bu kursun kökləri çox dərindir və onun müxtəlif aspektləri vardır, ümumi olaraq, dövlətçilik və liderlik ənənəsinin milli özəlliklərinə gedib çıxır.

Dördüncüsü, bütün bu keyfiyyətlər yekunda bir ümumi müddəada sintez olunur və lider haqqında ortaq bir fikir yaranır. Müasir dövlətlərarası münasibətlərdə çox ciddi rol oynayan həmin xüsusiyyət belədir: liderin identikliyi ilə onun təmsil etdiyi ölkənin dövləti identikliyi bir-birini tamamlamalıdır. Heydər Əliyev keçən əsrin 90-cı illərində dövlət identikliyinin başlıca əlamətlərini BMT tribunasından bəyan etmişdir. Onlar hüquqilik, demokratiklik, sülhsevərlik, humanitarlıq, multikulturallıq və ədalətlilikdir

Azərbaycan Respublikası dövlətinin identikliyinin məhz vurğulanan faktorlarla bağlı olduğunun sübutunu onun lideri edə bilər. Bu isə liderin praktikada demokratik, ədalətli, etibarlı, beynəlxalq hüquq və ədalətliliyə əsaslanan fəzilətli şəxsiyyət olması deməkdir. İlham Əliyev məhz çox fərqli istiqamətlərdə ona görə uğurludur ki, dövlətin identikliyini hər zaman təsdiq edən siyasi fəaliyyət identikliyinə malikdir! Azərbaycan dövlətinin başçısı ilə təmsil etdiyi dövlətin identikliyi bir-birini tamamlayır.

Bizcə, bu fəzilətli liderlik özəlliyi Azərbaycanın terrorla mübarizədə strateji uğur əldə etməsində ciddi rol oynamışdır. Dünya İlham Əliyevin ədalətli, haqlı və sülhsevər olduğunu qəbul edir! Buna görə də II Qarabağ müharibəsi və 23 saat 41 dəqiqəlik antiterror tədbirlərinin nəticələrini qəbul edirlər!

Belə alınır ki, Azərbaycanın terrorla mübarizə strategiyasında siyasətçiyə xas sırf peşə məharəti ilə yanaşı. humanitarlıq, sülhsevərlik, əməkdaşlıq və ədalətlilik kimi fəzilətlərin yer alması böyük rol oynamaqdadır!

İndi bu keyfiyyətlərin fonunda Türkiyənin terrorla mübarizə strategiyasına nəzər salaq.

Türkiyə: qardaşla çiyin-çiyinə

Türkiyənin terrorla mübarizə təcrübəsi çox böyükdür. Əsrlərdir ki, müstəqil dövlət kimi (öncə imperiya, sonra isə Cümhuriyyət olaraq) müxtəlif istiqamətlərdən süni yaradılan terror dalğaları ilə yorulmadan mübarizə aparır. Bu prosesin bir sıra özəlliklərinə öncəki məqalələrdə toxunmuşuq.

Son 40 ildə Türkiyə üçün isə əsas olaraq PKK terroru ilə mübarizə ön sırada olmuşdur. 2003-cü ildən başlayaraq Türkiyə əvvəlcə daxildə terrorun kökünü kəsdi. Bu. asan olmadı və fərqli yerlərdən qaynaqlanan təxribatları aşaraq Ankara nəhayət ki, terrorun daxili bazasını darmadağın etdi.

Burada hərbi silahlı qarşıdurma ilə yanaşı, terrorun maliyyə qaynaqlarının qurudulması prinsipial rol oynayırdı. Həmin prosesin gedişində aydın oldu ki, illərlə Türkiyənin müxtəlif hakimiyyət orqanlarına sızmış maskalı adamlar hətta sırf millətçi şüarlarla pərdələnərək əslində ölkənin parçalanması üçün çalışır. Türkiyə təhlükəsizlik orqanları bu əcayib və mürəkkəb separatçı sistemi məharətlə çökdürdü. Böyük qəhrəmanlıqdır!

İkinci mərhələdə beynəlxalq miqyasda terrorun maliyyə, siyasi, ideoloji və təbliğati qaynaqlarını kəsmək lazım gəlirdi. Bu nəhəng və çətin savaşdan Ankara qalib çıxdı! Xatırlayırıq – dünyanın hətta ən güclü dairələri belə Türkiyəyə əngəllər yaratmağa çalışdılar. Lakin türk dövlətçiliyinin müdrikliyi qələbə əldə etdi. Çox geniş geosiyasi arealda özündən razı xüsusi xidmət orqanları ilə kəskin və gərgin mübarizədə Türkiyənin terrorla ədalətli və fəzilətli mübarizəsi öz müsbət nəticəsini verdi.

Onun başlıca əlaməti PKK-nın özünü ləğv etməsi və türklərlə ölkənin qeyri-türk xalqlarının dinc şəraitdə yaşamağa qərar verməsindən ibarətdir. İndi özünü ekspert sayanlar sırasında terrorla mübarizənin türk strategiyasının mahiyyəti və məqsədini anlamaqda çətinlik çəkənlər Azərbaycan-Türkiyə birliyinin bu dünya bəlasına qarşı ortaq mübarizəsinin fəzlilət tərəfini görə bimirlər.

Klassik geosiyasi yanaşma çərçivəsini aşa bilməyənlər yenə də “PKK elə edəcək”, “Məzlum Kobani belə addım atacaq”, “İsrail və ya ABŞ onu edəcək, bunu edəcək”, “İran imkan verməyəcək”, “hələ rus sözünü deməyib” və s. kimi əsassız cümlələr qururlar. Adını “tarixi faktlara əsaslanan yanaşma” qoyurlar.

Bütün bu qondarma fikirlərin əsl cavabını Əlahəzrət Zaman verəcək! Burada sadəcə bir şeyi xatırladaq: Türkiyə bundan dəfələrlə ağır vəziyyətdən çıxaraq yol gəlir, indi deyirsiniz ki, Zəfərin təpəsində məğlub olacaq? Azərbaycanda yaxşı bir atalar sözü var: “əvvəlcə düşün, sonra danış, danışıb sonra niyə belə danışdığını əzab çəkə-çəkə düşünmə”!

Bir həqiqətin etirafı

Türkiyə böyük, güclü və qüdrətli dövlətdir, terrorla mübarizədə zəngin təcrübəsi vardır. Ancaq XXI əsrdə Azərbaycan-Türkiyə birliyinin terrorla mübarizə strategiyasında II Qarabağ müharibəsi həlledici ro oynadı! Məhz Azərbaycan son 300 illik türk tarixində ilk dəfə olaraq Qarabağda terrora elə zərbə vurdu ki, yeni bir epoxanın təməlini qoydu! Azərbaycan Qarabağda əsrlərdir davam edən antitürk (antiAzərbaycan və antiTürkiyə) geosiyasi dalğasnının təcavüzkar ritmini darmadağın etdi, türk dünyası arealında geosiyasi proseslərin ruhunu, ritmini, məzmununu dəyişdi!

Türkiyə müstəqilliyini itirmədi, onun dövlət orqanları həmişə fəal oldu. Buna görə də daxildə terrorla mübarizə kəsintisiz aparıldı. Rəsmi olaraq Türkiyənin ərazisini heç bir dövlət işğal etmədi. Azərbaycan isə öncə 300 il əvvəl parçalandı, sonra bir müddət Çar Rusiyasının tərkibində oldu, daha sonra 70 il sovetlərin tərkibində qaldı. Yalnız bundan sonra müstəqilliyini bütöv ərazisinin yalnız bir hissəsində elan edə bildi. Bu zaman da hər tərəfdən atəş altına alınmışdı. Yəni Azərbaycan dövlət kimi kül olmuşdu və özünü o küldən yenidən yaratdı. Bunu Heydər Əliyev etdi. Bütün bunlardan sonra terrorla mübarizə strategiyasında çox uğurlu olmaq, əlbəttə, möhtəşəm hadisədir!

Qarabağ Savaşı terrorla mübarizənin türk strategiyasının Qəlbidir! O Qəlbin döyüntüsü hər şəhidimizin ruhunda və sükutunun həzinliyindədir! Qəhrəman Azərbaycan xalqı Liderinin başçılığı ilə yenə də tarix yaratmaqdadır – yeni, uğurlu Türk Tarixini! Bu yolda Türkiyə və Azərbaycan əbədi qoşa dayanacaqlar!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət