Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunları ilə bağlı geniş tərkibli görüş təşkil olunub. Görüş Naftalan Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilib.
Toplantıda şəhər icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyinin regional idarələrinin rəhbərləri, eləcə də hotel, müalicə-istirahət mərkəzləri və digər xidmət sahələrini təmsil edən qurumların nümayəndələri iştirak ediblər.
ŞİH başçısı Vüqar Novruzov Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq bu beynəlxalq tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, III MDB Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Görüşdə qonaqların yerləşdirilməsi, onlara göstəriləcək xidmətlərin səviyyəsi, sanitar-gigiyenik tələblər, təhlükəsizlik və digər təşkilati məsələlər ətrafında geniş müzakirələr aparılıb. Aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və operativ əlaqələndirmənin təmin olunması üçün konkret tədbirlər planı müəyyənləşdirilib.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci ilin sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək. Yarışlar “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan olunmuş Gəncə şəhəri ilə yanaşı, Azərbaycanın daha 6 şəhərində təşkil olunacaq. İdman oyunları, ümumilikdə, 23 idman növünü əhatə edəcək.
Q.HAMLET,
XQ-nin bölgə müxbiri