Birlik daxilində çoxtərəfli əməkdaşlıq uğurlu nəticələr verir
Oktyabrın 7-də Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının XII Zirvə görüşünün mövzusu “Regional sülh və təhlükəsizlik” olaraq açıqlanıb. Toplantıda TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları, nümayəndə heyətləri iştirak edəcəklər. Gündəliyə bölgədə və beynəlxalq aləmdə aktual məsələlərin müzakirəsi, üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, birlik, sülh və rifahı irəli aparmaq məqsədilə mühüm sənədlərin qəbul edilməsi daxildir. Görüşdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bu əlamətdar tədbirin həm tarixi, həm də müasirliyi simvollaşdıran Qəbələdə təşkil olunması türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi mövqeyini əks etdirir. Zirvə görüşü təşkilata üzv ölkələr üçün prioritet sahələrdə qabaqcıl layihələr müzakirə etməsinə imkan yaradacaq. Təşkilatın əvvəllər keçirilən toplantılarında üzv ölkələr arasında ticarət, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin mədəni və təhsil proqramlarının təşkili kimi məsələlər müzakirə edilib.
Keçən il noyabrında “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusunda Bişkekdə keçirilən TDT Dövlət Başçılarının XI Zirvə görüşündə iqtisadi inteqrasiya, rəqəmsallaşma və təhlükəsizlik yenilikləri kimi geniş spektrli mövzulara dair qərarlar qəbul olundu. Bu il ilk dəfə hökumət başçıları toplantısının təşkil olunması ticarət, enerji və texnologiya sahəsində birgə platformaların yaradılmasına təkan verib. Sentyabrın 18-də Bişkekdə baş tutan üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qəbələ sammitində də oxşar dinamika gözlənilir. Burada yeni yol xəritələri, strateji sazişlər və əməkdaşlıq mexanizmlərinin imzalanması planlaşdırılır.
Hər il oktyabrın 3-ü Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd edilir. Bu tarix türk dünyasının birliyinin ifadəsidir. Çünki məhz 2009-cu ilin həmin günündə Naxçıvan Sazişi imzalanaraq Türk Dövlətləri Təşkilatının (o zamankı adı Türk Şurası) əsası qoyuldu. Son 16 ildə TDT qlobal siyasi gündəliyin mühüm aktoruna çevrilib, Türk dövlətlərinin iqtisadi, mədəni, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığını daha geniş müstəviyə daşıyıb. Azərbaycan XİN bu münasibətlə paylaşımında ölkəmizin təşkilat çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiq olduğunu qeyd edib: “Təşkilatımızın təməlinin qoyulduğu Naxçıvan Sazişinin imzalandığı bu əlamətdar gün ortaq tarix, dil və mədəniyyətə əsaslanan Türk dünyasının həmrəyliyinin və birliyinin təntənəsidir. Azərbaycan qardaş ölkələrlə birgə TDT çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyimizin qurulmasına sadiqdir. Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir!”.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın tamhüquqlu üzv olduğu, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), Macarıstan və Türkmənistanın müşahidəçi statusunda yer aldığı, 16 yaşını qeyd edən təşkilatın əsas strateji məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı gücləndirmək, ortaq mədəni irs və dəyərləri canlandırmaq və iqtisadi- ticari əlaqələri dərinləşdirməkdir. Üzv dövlətlər TDT-ni sadəcə mədəni birlik deyil, eyni zamanda regional güc qovşağı kimi formalaşdırmaq niyyətindədirlər. Türk dövlətlərinin “Türk Dünyası 2040 – Gələcək Vizyonu” sənədi isə uzunmüddətli məqsədləri müəyyənləşdirir. Burada siyasi həmrəylik, iqtisadi inteqrasiya və beynəlxalq nüfuzun artırılması kimi strateji hədəflər əks olunub.
TDT-nin fövqəladə vizyonu çərçivəsində 4.25 milyon kvadratkilometrə yaxın ərazidə 160 milyon insanı əhatə edən birgə potensialdan istifadə etmək planlaşdırılır. Təşkilatın 30-dan çox sahədə əməkdaşlıq mexanizmləri mövcuddur. Bunlar arasında siyasi dialoq, iqtisadi və ticarət ittifaqları, nəqliyyat və energetika infrastruktur layihələri, rəqəmsal texnologiyalar, elm və təhsil istiqamətləri yer alır. Bu strategiyada üzv dövlətlərin iqtisadi həcmi təqribən 1 trilyon dollardan 2.1 trilyon dollara qədər artmışdır.
***
Qarşıdakı illərdə TDT-nin əsas missiyalarından biri üzv dövlətlər arasında nəqliyyat-logistika xətlərini (məsələn, Bakı–Tbilisi–Qars dəmiryolu, Orta Dəhliz, yəni, Trans-Xəzər marşrutu) və energetika əlaqələrini inkişaf etdirmək, ortaq enerji layihələrinin icrasıdır. Həmçinin TDT daxilində elmi-tədqiqat, innovasiya və təhsil sahəsində birgə təşəbbüslər (məsələn, Türk Universitetlər Birliyi və Orxun Mübadilə Proqramı) həyata keçirilir. Strateji baxımdan Azərbaycan, Türkiyə, Qazaxıstan kimi üzv ölkələr özlərini türk dünyasının qovşağı hesab edirlər. Baş katibin müavini Ömər Kocaman qeyd edir ki, Azərbaycan nəqliyyat və ticarət baxımından türk regionunda körpü rolunu oynayır. Bütün bu amillər Qəbələ zirvəsinin əhəmiyyətini daha da artırır.
“Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində keçiriləcək zirvə görüşünün geosiyasi konteksti olduqca aktualdır. Azərbaycan–Ermənistan münasibətlərində əldə edilən sülh sazişinin paraflanması (Vaşinqton razılaşması) Cənubi Qafqazda vəziyyəti sakitləşdirmiş, Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına yol açmışdır. TDT-yə üzv ölkələrin əksəriyyəti Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa istiqamətində coğrafi baxımdan Rusiya–Ukrayna münaqişəsinə yaxın olduğundan bu mövzu zirvənin müzakirə predmetlərindən biri olacaq. Xüsusilə Türkiyənin hər iki tərəflə münasibəti nisbətən xoşdur və bu mövqeyi vasitəçilikdə istifadə edir. TDT daxilində təhlükəsizlik əməkdaşlığını möhkəmlətmək məqsədilə hərbi-siyasi formatda yeni mexanizmlər yaratmaq fikri də formalaşır. Gələcəkdə TDT regional güc mərkəzinə çevrilə, hərbi-siyasi blok xüsusiyyətləri qazana bilər.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il fevralın 24-də andiçmə mərasimində çıxışı zamanı qətiyyətlə bildirdi ki, “Türk dövlətləri təşkilatı bizim ailəmizdir”. Praktiki olaraq bu ideya həqiqətə çevrilməkdədir. Bu bəyanat strateji istiqaməti ifadə edən aydın mesaj idi. Çünki Azərbaycan türk dövlətləri arasında həm tarixi-mədəni bağların, həm də iqtisadi-strateji körpülərin ən mühüm həlqələrindən biri kimi çıxış edir. Azərbaycan liderinin bu sözləri TDT məkanında qarşılıqlı etimadın, ortaq dəyərlərin və birgə inkişaf yolunun təməl prinsiplərinə çevrilməkdədir. Bugünkü regional reallıqlar, iqtisadi əməkdaşlıq layihələri, nəqliyyat-logistika dəhlizləri, enerji təhlükəsizliyi təşəbbüsləri və mədəni-humanitar inteqrasiya prosesləri göstərir ki, İlham Əliyevin təsbit etdiyi bu konsepsiya artıq praktik məzmun qazanır və türk dövlətlərinin həmrəylik platformasına çevrilir.
TDT-nin ortaq dəyərlər üzərində qurulan mədəni inteqrasiya fəaliyyəti təşkilatın önəmli tərəfidir. Üzv dövlətlər ümumi dil, tarix və mədəni irsə əsaslanır ki, bu, TDT-nin regional əməkdaşlığını unikal edir. Türk dünyasının zəngin folkloru, ədəbiyyatı, milli ənənələri mədəni diplomatiya vasitəsilə qorunur və təbliğ olunur. Təşkilat çərçivəsində TDT Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası və Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə İnvestisiya Fondu, Türk Mədəniyyəti və İrsi Vəqfi kimi strukturlar yaradılıb və illik mədəniyyət proqramları həyata keçirilir. Hər il “Türk dünyası mədəniyyət paytaxtı”, gənclər üçün “Türk dünyası gənclik paytaxtı” layihəsi həyata keçirilir, Novruz kimi ortaq bayramlar böyük tədbirlərlə qeyd olunur. Epik miras (məs. “Manas”, “Koroğlu” kimi dastanlar) və sənət nümunələri (atüstü yarışlar, xalçaçılıq və s.) birlikdə yaşadılır və UNESCO-nun siyahısına salınır. Bu tədbirlər insanlar arasında bağları möhkəmləndirir, ortaq kimliyi inkişaf etdirir.
Türk dövlətləri arasında keçirilən tematik toplantılar yeni ideyaların müzakirə olunduğu mühüm platformalara çevrilib. Cari ilin iyununda Çolpon-Atada təşkil edilən görüş zamanı kənd təsərrüfatı nazirləri bir sıra strateji sənədlərə imza ataraq əməkdaşlığın gələcək xəritəsini müəyyənləşdirdilər. Qəbul olunan Strateji Yol Xəritəsi aqrar sahədə texnoloji yeniliklərin tətbiqi, ərzaq təhlükəsizliyinin təmin olunması və ortaq bazar imkanlarının genişləndirilməsi istiqamətində konkret addımları özündə ehtiva edir. Həmin məclisdə Çolpon-Ata şəhəri 2025–2026- cı illər üzrə “Türk Dünyasının Kənd Təsərrüfatı Paytaxtı” elan olundu. Paralel keçirilən Aqroforum isə dövlət rəsmilərini, iş adamlarını və investorları bir masa arxasında toplayaraq aqrar istehsalın modernləşdirilməsi, ixrac potensialının artırılması və birgə investisiya layihələrinin reallaşdırılması ilə bağlı geniş fikir mübadiləsinə şərait yaratdı.
Nəticə olaraq, Qəbələ Zirvə görüşü türk dünyasının bütün əsas sahələrdə müştərək əməkdaşlığın müzakirə olunduğu platformaya çevrilə bilər. TDT üzvü olan dövlətlər qarşıdakı illərdə siyasi dialoqu, iqtisadi əlaqələri, mədəni-təhsil inteqrasiyasını daha da dərinləşdirəcək ki, bu da öz növbəsində regional sülh, sabitlik və rifahı gücləndirəcək.
Tacir SADIQOV
XQ