Həkimlik, alimlik, analıq: Zərifə xanım Əliyevanın həyat missiyası

post-img

Azərbaycan elminin və səhiyyəsinin inkişafında mühüm rol oynamış, həmçinin özünün yüksək mənəvi xarakteri ilə xalqın yaddaşına həkk olunmuş akademik Zərifə Əziz qızı Əliyeva  həyatını üç əsas sütun üzərində qurmuşdu: həkimlik, alimlik və analıq. Bu üç missiyanı o, təkcə vəzifə kimi deyil, eyni zamanda mənəvi borc, yüksək əxlaqi məsuliyyət kimi qəbul edirdi.

Həkimlik – insanlara şəfa, könüllərə ümid

Zərifə xanımın həyatının hər səhifəsi insanlara kömək etməyə, onların gözlərini, eyni zamanda qəlblərini işıqlandırmağa həsr olunmuşdu. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra oftalmologiya sahəsində fəaliyyətə başlamış və tezliklə bu sahədə nüfuzlu mütəxəssislərdən birinə çevrilmişdi.

XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan mübarizədə onun misilsiz rolu olmuşdur. Müalicə və profilaktik tədbirlərlə yanaşı, bölgələrə səfərlər edərək həkimlərə mühazirələr oxuması, uşaqlara və sosial cəhətdən həssas qruplara xüsusi diqqət göstərməsi onun bir həkim kimi yalnız biliklə deyil, həm də böyük bir ürəklə çalışdığını göstərirdi.

Onun traxoma ilə mübarizədə tətbiq etdiyi sintomisinlə müalicə metodu, bütün respublikada yayılmış və xəstəliyin kökünün kəsilməsində əsas rol oynamışdı. Bu uğurlar nəticəsində Zərifə xanımın adı yalnız elmi mühitdə deyil, sadə insanların da qəlbində dərin hörmət qazanmağa başlamışdı.

Alimlik – elmin işığında sabaha doğru

Zərifə xanımın elmi fəaliyyəti müasir Azərbaycan oftalmologiyasının inkişafına güclü təkan vermişdir. Onun diqqətini yalnız bir neçə sahə deyil, oftalmologiyanın ən aktual və az araşdırılmış mövzuları cəlb etmişdi. Peşə patologiyası, virus mənşəli göz xəstəlikləri, qlaukoma və göz sulanması kimi sahələrdə apardığı tədqiqatlar bu gün də öz aktuallığını qoruyur.

Zərifə xanım “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı doktorluq dissertasiyası ilə sənaye oftalmologiyası sahəsinə yeni baxış gətirmiş, bu sahədə fundamental əsaslar qoymuşdu. Onun Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi dissertasiya, oftalmologiya dünyasında yüksək qiymətləndirilmiş və nümunəvi elmi iş kimi dəyərləndirilmişdi.

150-yə yaxın elmi əsər, 12 monoqrafiya, dərsliklər, ixtiralar və səmərələşdirici təkliflər onun məhsuldar elmi fəaliyyətinin göstəricisidir. “Terapevtik oftalmologiya” adlı fundamental dərs vəsaiti bu gün də oftalmoloqların stolüstü kitabı olaraq istifadə olunur.

Elmdə qazandığı uğurlar təkcə şəxsi nailiyyət kimi qalmamış, yüzlərlə gənc həkimin yetişməsinə təkan vermişdir. Onun pedaqoji fəaliyyəti, mühazirələri, elmi rəhbərlik etdiyi dissertasiya işləri Azərbaycan səhiyyəsində elmi ənənələrin formalaşmasında böyük rol oynamışdır.

Analıq – ailəyə məhəbbət, vətənə xidmət

Zərifə xanımın analıq obrazı onun ictimai və elmi fəaliyyətindən heç də az təsirli deyildi. Ulu Öndər Heydər Əliyev onun haqqında deyirdi:

“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”

Bu sözlər Zərifə xanımın ailədə necə bir qadın, necə bir ana olduğunu aydın şəkildə göstərir. O, dövlət rəhbəri olan həyat yoldaşına güclü mənəvi dayaq olmuş, övladlarını yüksək dəyərlərlə tərbiyə etmiş, ailədə sabitlik və məhəbbət mühiti yaratmışdır. Prezident İlham Əliyevin sözləri ilə desək:

“Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”.

Analıq onun üçün sadəcə bioloji vəzifə deyil, həm də bir məktəb idi – məhəbbət, şəfqət, məsuliyyət və mərifət məktəbi. O, elmi və ictimai fəaliyyətlə paralel olaraq, ailəsinə vaxt ayırmağı bacarır, qadınlıq və analıq missiyasını layiqincə yerinə yetirirdi.

Bütöv bir şəxsiyyətin təcəssümü

Zərifə xanım Əliyeva təkcə oftalmologiyanın deyil, Azərbaycan ziyalılığının əsas simvolu idi. O, qadın zərifliyi ilə alim ciddiyyətini, ana nəvazişi ilə ictimai fəallığı vətəndaş məsuliyyətində birləşdirə bilmiş nadir şəxsiyyətlərdən biri idi. Elmdə, ailədə və cəmiyyətdə oynadığı rollar bir-birindən ayrılmayan, biri digərini tamamlayan bir missiyaya çevrilmişdi.

Bu gün onun vəfatının 40-cı ildönümü qeyd olunarkən yalnız bir həkimin və alimin yox, bütöv bir insanlıq simvolunun xatirəsi yad edilir. 

Zərifə xanımın ömür yolu sübut edir ki, insan elmlə zirvəyə yüksəlir, mərhəmətlə yadda qalır və ailəsinə, vətəninə sədaqətlə əbədiyyət qazanır.

Əziz QASIMOV

Naxçıvan MR Ali Məclisinin deputatı

 

 

 

 

 

Sosial həyat