ABŞ milyardlarla milçəyi təyyarələrdən niyə yerə atacaq?

post-img

Qeyri-adi, lakin effektiv ekoloji mübarizə üsulu

ABŞ Kənd Təsərrüfatı Nazirliyi ölkəni təhlükəli zərərvericidən — Amerika tropik ət milçəyindən (Cochliomyia hominivorax) qorumaq üçün genişmiqyaslı və qeyri-adi mübarizə proqramına start verib. Bu plan çərçivəsində hər həftə milyonlarla sterilizə olunmuş milçək təyyarələrdən xüsusi riskli ərazilərə buraxılacaq.

Bu milçəklər kənd təsərrüfatı heyvanları və vəhşi təbiət üçün son dərəcə təhlükəlidir. Onlar yumurtalarını açıq yaralara və selikli qişalara qoyur, oradan çıxan sürfələr isə diri toxumaları yeyərək heyvanın ölümünə səbəb ola bilir.

Nazirliyin təşəbbüsü ilə entomoloqlar bu növə məxsus yetkin erkək milçəkləri süni şəkildə yetişdirərək şüalanma ilə sterilizə edir. Daha sonra bu milçəklər təyyarələrlə problemli ərazilərə səpələnir. Steril erkəklər vəhşi dişilərlə cütləşsə də, onların qoyduğu yumurtalardan sürfə çıxmır. Bu isə tədricən populyasiyanın azalmasına və nəhayətdə tam yox olmasına gətirib çıxarır. Üstəlik, bu üsul pestisidlərdən fərqli olaraq, ətraf mühitə zərər vurmur və artıq öz effektivliyini sübut edib.

Xatırladaq ki, 1962–1974-cü illərdə ABŞ və Meksika ərazisində 94 milyarddan çox steril milçək buraxılmışdı. Bu tədbirlər nəticəsində 2000-ci ilə qədər zərərverici yalnız Panama zonasında məhdudlaşdırılmış və orada nəzarət mərkəzi yaradılmışdı. Lakin arada bu milçəklər yenidən ABŞ ərazisinə sızma hallarına səbəb olub — xüsusilə 2017-ci ildə Floridada müşahidə olunan aktivlik buna sübutdur.

Bu yaz Meksikada milçək populyasiyası yenidən aşkarlanıb. Bu səbəbdən ABŞ sərhəddən iri buynuzlu mal-qara, at və bizonların idxalını müvəqqəti dayandırıb. Eyni zamanda yeni əks-hücum planı hazırlanıb.

Hazırda Texasda 8,5 milyon dollarlıq sterilizasiya mərkəzinin tikintisi aparılır. Belə mərkəzlər artıq Panama və Meksikada da fəaliyyət göstərir və onların hamısı ABŞ Kənd Təsərrüfatı Nazirliyinin nəzarətindədir.

Yeni obyektin istifadəyə verilməsi ilə hər həftə 300 milyon steril milçək yetişdiriləcək. Hazırda bu rəqəm təxminən 100 milyondur. İstehsal olunan partiyalar əsasən Meksika ərazisinə səpələnir və artıq heyvanları yoluxduran sürfələrin sayı sabitləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, bu yanaşma yalnız zərərvericiyə qarşı deyil, həm də ümumilikdə ətraf mühit və kənd təsərrüfatı sisteminin sabitliyi baxımından uzunmüddətli və ekoloji cəhətdən dayanıqlı həll yoludur. ABŞ bu sahədə əldə etdiyi təcrübəni region ölkələri ilə də bölüşməyə hazır olduğunu bildirib.

S.ELAY

XQ

 

Maraqlı