Süni intellekt XVI əsr Avropasında “cəhənnəm qoxusunu” bərpa edib

post-img

Beynəlxalq ODEUROPA tədqiqat layihəsi Avropanın tarixi qoxularını sənədləşdirmək və qorumaq məqsədilə müxtəlif sahələrdən olan mütəxəssisləri birləşdirib. Niderland, Fransa, Almaniya, İtaliya, Sloveniya və Böyük Britaniyadan olan komanda 2,4 milyondan çox müxtəlif qoxu qeydini əhatə edən unikal tarixi qoxu bazası yaradıb. Alimlər bu böyük arxivdən istifadə edərək XVI–XVII əsrlərdə Avropada təsəvvür edilən “cəhənnəm qoxusunu” bərpa etməyə çalışıblar.

Qoxu digər hisslərdən fərqli olaraq talamusu keçmir (Talamus böyük beynin dərinliyində, xüsusən də, qabığında yerləşir-red.), birbaşa yaddaş və emosiyalarla əlaqəli limbik sistemə yönəlir. Buna görə də qoxular xatirələrə və hisslərə çox güclü təsir edir. Tarixi qoxuların əhəmiyyəti də böyükdür — onlar zamanla dəyişmir. Məsələn, kükürd qoxusu bu gün də üç yüz il əvvəlki kimi qalır.

Layihənin ən diqqətçəkən uğurlarından biri Böyük Britaniyalı tədqiqatçı Uilyam Tülett tərəfindən cəhənnəm qoxusunun bərpası olub. O, York Universitetindən olan alim XVI–XVII əsrlərin vaizlərini araşdıraraq cəhənnəm qoxusunu tarixi təsvirlər əsasında yaradıb — ənənəvi kükürd və qatran qoxusundan tutmuş “milyonlarla ölü it” kimi təsvirlərə qədər.

Bu “cəhənnəm qoxusu” və on bir digər tarixi ətir 2025-ci ildə Yaponiyada keçirilən Ümumdünya Sərgidə Avropa pavilyonunda nümayiş olunub. Eksponatlar arasında büxür (dini ayinlər zamanı yandırılan ətirli qatran), mür (aromatik qətran) və Amsterdam kanallarının qoxusu da olub — hər biri öz mədəni və tarixi konnotasiyalarına (Konnotasiya bir sözün doğma dildə danışanlarda doğurduğu hisslər, assosiasiyalar və məna çalarlarıdır-red.) malikdir.

Layihə göstərib ki, qoxu qavrayışı mədəni kontekstdən asılıdır. Tədqiqat qrupunu koordinasiya edən professor İnqer Lemans bildirib:
“Bəzi avropalılar cəhənnəm qoxusunu qəribə şəkildə cazibədar hesab edirdilər, çünki tüstü qoxusu onlara qızardılmış ət xatırladırdı. Amma Osaka şəhərindəki Yaponiya ziyarətçiləri onu tamamilə iyrənc hesab edirdilər.”

Tarixi sübutları tapmaq üçün komanda süni intellekti istifadə edib. Modellər XVI əsrdən XX əsrin əvvəlinə qədər 43 000 təsvir və 167 000 tarixi mətndə qoxu qeydini tapmaq üçün öyrədilib.

Təsvirlər özlüyündə qoxu daşımır, lakin onlar qoxulu obyektləri göstərir. Süni intellekt alimlərə obyekt və mümkün qoxu arasında əlaqə qurmağa kömək edib.

“Cəhənnəm qoxusunun” əsas teması kükürd və od qoxularıdır — bu, İncil şəhərlərinin, Sodom və Qomorrahın (Sodom və Qomorra İncilin iki məşhur şəhəridir. Müqəddəs kitaba görə, Tanrı tərəfindən sakinlərinin günahlarına, xüsusən də əxlaqsızlıqlarına görə məhv edilib. İncilə görə, Sodom və Homorra ən yüksək dərəcədə günahkarlığın təcəssümüdür və bu, Uca Allahın qəzəbinə səbəb olur-red.) dağıdılmasını təsvir edən çoxsaylı şəkil və təsvirlərlə bağlıdır. Lakin bu, tam mənzərə deyil. "Cəhənnəm qoxusu"na isti qatran, çürük, yaş yun, heyvan təri və “metal və qan notları” da daxildir.

Tədqiqatçılar, həmçinin muzeylər və mədəni obyektlər üçün qoxular vasitəsilə ziyarətçilərin tarixi daha dərin hiss etməsini təmin edən Qoxu İrs Alətləri Dəstini yaradıb. Tülett qeyd edir: “Qoxu insanlara keçmişlə əyani, autentik və real qarşılıqlı əlaqə imkanı verir.”

S.ELAY

XQ

Maraqlı