Azərbaycan güləşində yeni bir ulduz parlayır. Onun adı Ayxan Cavadovdur, 18 yaşı hələ gələn ay tamam olacaq.
Yunan-Roma güləşçisi son 2 ildə ard-arda qazandığı qızıl medallarlahamımızı sevindirib. Ötən həftəsonu Bolqarıstanın Samokov şəhərində başa çatan güləş üzrə U-20 Dünya çempionatında Azərbaycan adına yeganə çempionluğa da məhz o, imza atıb.
Ayxanın yüksəlişi 2024-cü ildə Serbiyada keçirilən U-17 Avropa çempionatı ilə başlayıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Ermənistan təmsilçisi Aleks Marqaryana 9:4 hesabı ilə qalib gəlib. Qarşılaşmanın gedişində hesabda geri olsa da (1:4), fasilədə məşqçilərinin verdiyi tapşırıqları uğurla yerinə yetirərək geridönüş etməyi bacarıb. Bu qələbə onun təkcə texniki deyil, eyni zamanda, psixoloji üstünlüyünün də sübutu idi.
“Məşqçilərimin dəstəyi və inam hissi məni çempion etdi”, – deyə Ayxan görüşdən sonra bildirmişdi.
Avropa titulundan sonra qarşıda İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən U-17 dünya çempionatı vardı. Bu dəfə də final, bu dəfə də qələbə! Həlledici qarşılaşmada gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabı ilə qalib gələn Ayxan karyerasında ilk dəfə dünya çempionu adını da qazandı.
O, fəxrlə deyir: “Bu titulu əldə etmək üçün aylardır məşqçilərimlə birlikdə əzmlə çalışırıq. Əziyyətimiz yerdə qalmadı, bəhrəsini gördük”.
Ayxan sübut etdi ki, bunlar yalnız başlanğıcdır. 2025-ci ildə güləş aləmi onu U-20 yaş qrupunda izləməyə başladı. İtaliyanın Kaorle şəhərində keçirilən Avropa çempionatında o, isveçli Adam Silverinə qarşı çətin final görüşündə 1:1 hesabına rəğmən, keyfiyyətli xal üstünlüyü hesabına fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Ardınca Bolqarıstanın Samokov şəhərində baş tutan U-20 dünya çempionatında hamıdan güclü oldu. Bu dəfə finaldakı rəqib ermənistanlı Yurik Mxitaryan idi. Ayxan 12:5 hesabı ilə əzmkar qələbə qazanaraq yenə Azərbaycan bayrağını ən uca zirvədə dalğalandırdı.
Finaldan öncə həyəcanın olduğunu etiraf edən gənc idmançı hisslərini belə ifadə etməyə çalışıb: “Bu hissləri sözlə bildirmək çətindir. Ermənistan idmançılarına qarşı hər zaman görüşlərimiz prinsipial əhəmiyyət daşıyıb. Rəqibə qalib gələrək Azərbaycan bayrağını ən yüksəyə qaldırdığım üçün fəxr edirəm”.
Abşeron güləş məktəbinin yetirməsi olan Ayxan Cavadov Azərbaycan güləş tarixində həm U-17, həm də U20 yaş qruplarında Avropa və Dünya çempionu olan sayca üçüncü yunan-Roma güləşçisidir. Ondan əvvəl bu uğura yalnız Murad Məmmədov və İslam Abbasov imza atıblar.
Dörd böyük turnir – 4 qızıl medal. Ayxan güləşdə daha böyük uğurları hədəfləyib. Özünə də inanır: “Heç nə mümkünsüz deyil. Bunun üçün sadəcə, inanmaq və sona kimi mübarizə aparmaq lazımdır”.
Hələ ki, 60 kq-da güləşməyi, fiziki hazırlığını daha da gücləndirməyi düşünür. Daim öz üzərində işləmək onun əsas prioritetidir. Güləşdə Olimpiya və ikiqat dünya çempionu Keniçiro Fumitanı özünə kumir seçib. Ayxan onun səviyyəsinə çatmağı qarşısına məqsəd qoyub.
Onun uğurları minlərlə gəncə nümunə olacaq, güləş tariximizin yeni səhifələrini yazacaq. Qarşıda isə hələ çox sınaqlar var – Olimpiya Oyunları, böyüklər arasında dünya və Avropa çempionatları...
Rasim MÖVSÜMOV