Kiçik oxucuların böyük dünyası

post-img

Çağdaş uşaq ədəbiyyatının yaradıcılıq və nəşr qayğıları

Gəl, gəl, a yaz günləri!
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları...

Böyük Mirzə Ələkbər Sabirin bu misraları uşaqlıq illərimizin doğma sədası kimi yaddaşımızın ən munis guşəsində ruhumuzu ana dilinin sehri ilə fəth edib. Baharın gəlişi ilə təbiətin dirçəlişi necə mütləq həqiqətdirsə, bu sətirlərin ruhumuza hakim kəsilməsi də bir o qədər qaçılmazdır. Lakin Beynəlxalq Uşaq Kitabı Günü ərəfəsində müasir ədəbi mühitə nəzər saldıqda insanı sükuta qərq edən təzadla üzləşirik: kainatın baharı hər il öz əzəli vədinə sadiq qalıb torpağa can versə də, uşaq ədəbiyyatımızın baharı, sanki, bir əsr əvvəl yazılmış o müdrik kəlamların kölgəsində qalıb.

Axı biz Mirzə Cəlil səmimiyyətinin, Sabir üslubunun, Abdulla Şaiq şəfqətinin yaratdığı maarifçilik amalının varisləriyik və bundan fəxrlə söz açırıq.

“Varisik” demək asandır, çünki bu, heç bir məsuliyyət tələb etmir, sadəcə, əcdadın şöhrəti ilə qürurlandırır bizi. Amma həqiqi varislik o dahilərin qoyduğu prinsipləri bu günün reallığında yaşatmaq, onların tənqid atəşinə tutduğu mənfilikləri məhv etməkdir.

Elm fədailərinin qan-tər bahasına ucaltdıqları sarsılmaz irfan qalası bir vaxtlar ədəbiyyatımızın yüksəliş nöqtəsi, indi isə ətalətimizi gizlətdiyimiz sığınacaqdır. Nə üçün hələ də o təfəkkür xəzinəsinin zənginliyinə möhtac qalmışıq və yeni nəslin qəlbinə nüfuz edəcək, onların dünyasını işıqlandıracaq şah əsərlər yaratmaqda acizik?

Acı həqiqət budur ki, gənc nəsil məhz uzaq üfüqlərin parıltısı ilə qidalanır, yad ellərin tanınmış simalarını əzbər bilir. Lakin öz doğma torpağının səsini duyan yazarlarımızdan demək olar ki, bixəbərdir. Sanki öz bağçamızın barını dadmaqdan məhrum qalıb, uzaq bağların meyvəsinə həsrət kəsilmişik. Uşağı maraqlandırmayan, ona macəra və həqiqət vəd etməyən ədəbiyyatın gələcəyə vəsiqəsi yoxdur. Biz hələ də Sabirin əritdiyi qarlarla təşnəliyimizi yatırırıq, lakin müasir uşaq ruhundakı buzu “əritməyə” nə bədii cəsarətimiz çatır, nə də səmimiyyətimiz.

Bəs görəsən yeniyetmələrin kitablara marağı necədir?

Ayxan Məmmədov,
3-cü sinif şagirdi:

– Mən ancaq dərslikdəki kiçik hekayələri oxuyuram, çünki müəllimimiz onları soruşur. Abbas Səhhətin “Vətən” şeirini əzbərləmişəm. Əzbər bildiyim başqa şeirlər də var. Amma dərsdən əlavə, hələ ki, heç bir hekayə və ya şeir oxumamışam. Çünki əlimdə başqa kitabım yoxdur.

Lalə Kərimova,
4-cü sinif şagirdi:

– Dərslərimi yaxşı oxuyuram, müəllimin verdiyi tapşırıqları yerinə yetirirəm. Mirmehdi Seyidzadənin “Uçan quşlar” şerini çox sevirəm. Dərsdən əlavə hər hansı kitab oxumağa isə həvəsim yoxdur.

Tural Əliyev,
6-cı sinif şagirdi:

– Nizami Gəncəvini, Abdulla Şaiqi, Mirzə Ələkbər Sabiri tanıyıram. Amma müasir yazıçılarımız haqqında heç bir məlumatım yoxdur.

Uşaqların belə “səmimi etiraflar”ı, əslində, bu sahədə mövcud boşluqlardan xəbər verir. Bu ətalətdən qurtulmaq, uşaq ədəbiyyatının problemlərini işıqlandırmaq məqsədilə ziyalılarımızla həmsöhbət olduq.

Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, şair Zahid Xəlil bildirdi ki, əsl uşaq ədəbiyyatı səmimiyyət üzərində bərqərar olur:

– Uşaqlar saxtalığı və süni müdrikliyi dərhal hiss edirlər. Ən yaxşı uşaq kitabları elə olmalıdır ki, onları hətta yetkin yaşda oxuduqda insan özü üçün yeni mənalar, fəlsəfi qatlar kəşf etsin. Çünki uşaq ədəbiyyatı vicdanın, ədalətin və mərhəmətin ilk dərsliyidir. Bu əsərlər xeyir və şər arasındakı mübarizəni bəsit qəliblərlə deyil, həyatın reallığına uyğun, lakin ümid dolu işıqla vəsf etməlidir.

Zəmanə yalnız uşaq ədəbiyyatının bədii məhsulunu yaradanların deyil, onu tədqiq edənlərin də qarşısında mühüm vəzifələr qoyur. Yəni bu iki qanad – yaradıcılar və o yaradıcıların əsərlərini tədqiq edən alimlər arasında qarşılıqlı əlaqə olmalıdır.

Bilirsiniz, keçmiş dövrlə indiki dövrün uşaq ədəbiyyatı arasında çox böyük fərq var. Əvvəla, o zaman mühit başqa idi. Hətta 1969-cu ildə uşaq ədəbiyyatı haqqında xüsusi qərar çıxarmışdılar. Daim nəzarətdə saxlayırdılar ki, ədəbiyyat nümunələri necə çap olunsun, nə qədər tirajla buraxılsın. Diqqəti demək olar ki, uşaq ədəbiyyatına yönəlmişdi.

Amma bu gün belə deyil. İndi uşaq yazıçısı özüylə tək qalıb. Mən yazıçılarımızın heç birini təqsirləndirmək niyyətində deyiləm. Dəfələrlə demişəm ki, bu gün ədəbiyyata gələn insan çox cəsur adamdır. Əgər yazıçı bütün ömrünü, həyatını, güzəranını, rahatlığını ədəbiyyata sərf edirsə, əməyinin nəticəsini görməlidir. Amma nəticə yoxdur, çünki maraq azdır. Müasir dövrün uşağı artıq vərəqlərin qoxusunda və cümlələrin ahəngində deyil, saniyələr içində dəyişən videoların sürətində özünü tapır. Kitab oxumaq səbir, təfəkkür və daxili mühakimə tələb etdiyi halda, sosial media hazır, çeynənmiş və heç bir zehni zəhmət tələb etməyən məhsullar təqdim edir. Bu isə uşağın bədii təfəkkürünü, dilimizin zəngin ifadə imkanlarını duymaq qabiliyyətini kölgədə qoyur.

Ədəbiyyatın səmimi səsi telefon ekranlarından gələn süni küyə uduzur. Əvvəllər uşağın dünyasında diqqəti cəlb edəcək, onu xəyallar aləminə aparacaq rəngarəng oyuncaqlar, texnoloji vasitələr və ya sonsuz sayda vizual əyləncələr yox dərəcəsində idi. Məhz bu məhrumiyyət və sadəlik ədəbiyyatı zərurətə çevirirdi. Nağıllar və hekayələr uşağın dünyanı dərk etmək üçün yeganə pəncərəsi, ən böyük oyun meydançası idi. O dövrün uşağı kitab səhifələrindəki kəlmələrdən özü üçün bütöv kainat qurur, oyuncağı olmayan qəhrəmanı öz xəyal gücü ilə dilləndirirdi. İndi isə mənzərə tamamilə başqadır. Müasir dövrdə uşaq diqqəti saniyələr içində oğurlayan parlaq ekranlar, səsli və hərəkətli oyuncaqlar, hər addımda qarşısına çıxan interaktiv vasitələrlə əhatə olunub. Belə bir mühitdə klassik mütaliənin, dərin və sakit təfəkkürün rəqibi çoxdur.

Problem tək bu da deyil. İndi uşaq yazıçısı öz əsərini nəşriyyatda çap etdirə bilmir. Təsəvvür edin ki, yazıçı hökmən başqa bir işlə məşğul olmalı, pul toplamalı, həm də əsərini çap etdirməlidir. Bu əziyyətə qatlaşmaq asandırmı? Sözsüz ki, yox. Bir insanın həm gündəlik məişət qayğılarını həll etmək üçün ağır iş qrafikində çalışması, həm də topladığı qəpik-quruşu nəşriyyat xərclərinə sərf etməsi mənəvi yükdür.

Bu vəziyyət uşaq ədəbiyyatının keyfiyyətinə də birbaşa təsir göstərir. Yazıçı öz maliyyə imkanları hesabına kitab çap etdirəndə, o artıq sadəcə sənətkar deyil, həm də texniki icraçıya çevrilir. Əsərin üzərində ciddi redaktor və korrektor nəzarətinin olmaması, peşəkar rəssam tərtibatından məhrum qalması çox vaxt kitabın vizual və dil baxımından zəifliyinə səbəb olur. Öz vəsaiti ilə kitab çap edən müəllif, təbii olaraq, bazarın tələblərinə uyğunlaşmağa, daha tez satılacaq və daha az xərc tələb edən qəliblərə müraciət edir. Bu isə dərin fəlsəfi qatları olan, uşağın dilini və ruhunu zənginləşdirən klassik üslublu əsərlərin arxa plana keçməsi ilə nəticələnir.

Dilimizin saflığını qoruyan, həm də müasir gəncliyin sürətli ritmi ilə ayaqlaşan ədəbiyyatın mövcudluğu günümüzün ən önəmli qayğılarındandır. Bütün bunlara baxmayaraq, müjdə verə bilərəm ki, bu dirçəliş artıq xəyal deyil. Azərbaycanda uşaq ədəbiyyatı yenidən çiçəkləməyə başlayır. Bəlkə bu çiçəklər hələ bütün bağçanı bürüməyib, hələlik kiçik bir talada, bir neçə kitabın vərəqlərində, bir neçə fədakar yazıçının yaradıcılığında özünü göstərir, amma mən o işığı görürəm.

Prosesin canlı şahidi və iştirakçısı olduğum üçün bu faktı bölüşmək yerinə düşər: mənim “Şəkərabad şəhərinin uşaqları” kitabım “Libra” nəşriyyatında bir il ərzində altı dəfə təkrar çap olundu. Deməli, doğru dili, doğru ritmi tapanda hətta müasir dövrün uşaqlarını da kitab oxumağa cəlb etmək olur.

Artıq püxtələşmiş, müasir gəncliyin dilini tapan gənc və istedadlı qələm dostlarımız da var. Məsələn, Eyvaz Zeynalov adlı gənc yazarımızın iki kitabı işıq üzü görüb. Onun yanaşması o qədər maraqlı və müasirdir ki, canlandırdığı qəhrəmanların başına gələn hadisələri nağıl və fantastikanın dili ilə elə nümayiş etdirir ki, uşaq həm əylənir, həm də həyatın bəzi sirlərini, mənəvi dəyərlərini fərqinə varmadan öyrənir. Bu kitabın da qısa müddətdə ikinci dəfə çap olunması azyaşlıların yeni nəfəsə nə qədər ehtiyacı olduğunun sübutudur.

Sevinirəm ki, ölkəmizdə uşaq kitabı sərgiləri keçirilir və bu sərgilərə çoxlu uşaqlar gəlir. İlk dəfə beynəlxalq sərgi keçiriləndə mən də qonaq oldum. Doğrudan heyran qaldım ki, ölkəmizdə belə nəşriyyatların sayı artır. Eyni zamanda, təəssüfləndim. Çünki bu nəşriyyatlar bədii əsərlər çap etmir, oyuncaqlar, məktəb ləvazimatları kimi əşyalar satırlar. Məqsəd, sadəcə pul qazanmaqdır. Yəni burada uşaq ədəbiyyatının təbliğatı yox, uşaq ədəbiyyatının adından, uşaq ruhundan istifadə ilə öz şəxsi mənfəətləri uğruna çalışırlar.

Uşaq ədəbiyyatına lazımi diqqət yetirilsə, istedadlı qələm sahibləri bu sahəyə cəlb edilsə, nəşriyyatlar həm böyük nailiyyətlər qazanar, həm də ədəbiyyatımız bundan bəhrələnər. Klassik ədəbiyyatımız isə zaval bilməyən, ölməz bir xəzinədir. Zaman keçsə, yeni və gözəl əsərlər yaransa belə, klassiklərimiz öz dəyərini heç vaxt itirməyəcək.

Abdulla Şaiqin cəmi 4 misradan və 5 hecadan ibarət olan “Çöllərindir şən, hər yerin gülşən, sən nə gözəlsən, ey ana Vətən!” bəndi bütöv Azərbaycan mənzərəsini özündə ehtiva edir. Cəlil Məmmədquluzadə və Abbas Səhhətin nəsr əsərləri, Süleyman Sani Axundovun “Qaraca qız”ı kimi monumental nümunələr uşaq ədəbiyyatımızın misilsiz nailiyyətləridir. Bu əsərlər bu gün də, sabah da uşaqlarımız tərəfindən oxunmalıdır.

Çünki bu nümunələrdə tarixin dar çərçivələri yox, əbədi mövzular – insanın daxili aləminin gözəlliyi, inam və duyğu zənginliyi var. Məsələn, Mir Cəlalın “Bir gəncin manifesti” əsəri mənim daim xatirimdə olan, hətta gənclərə misal çəkdiyim sənət nümunəsidir. Sözsüz ki, yaddaşlara həkk olunan belə dəyərli əsərlər bu gün də təkrar-təkrar nəşr edilməli və yeni nəsil oxuculara çatdırılmalıdır.

Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli vurğuladı ki, ölkəmizin gələcəyi, inkişafı, elmi tərəqqisi, mədəniyyəti birbaşa böyüməkdə olan nəslin mütaliə səviyyəsindən asılıdır:

– Bu, hər kəsə aydın, lakin mahiyyəti olduqca dərin həqiqətdir. İnsanın dünyagörüşünün və oxu mədəniyyətinin formalaşması, ilk növbədə, ailədən və məktəbdən başlayır. Uşaq ilkin tərbiyəsini ailədə aldığı üçün övlad böyüdən hər bir valideyn onun təhsilinə, təlim-tərbiyəsinə xüsusi həssaslıqla yanaşmalı, hələ məktəb yaşına çatmamış ona mütaliə vərdişləri aşılamalıdır.

Azərbaycanda uşaqların oxu səviyyəsinin kritik durumda olduğunu söyləmək doğru olmazdı, lakin bu sahədə səylərin artırılmasına, xüsusilə məktəblərdə şagirdlərin intellektual inkişafı yönündə daha aktiv iş aparılmasına böyük ehtiyac var. Çünki orta təhsil məhz erkən yaşlarda qazanılan təməl biliklərin üzərində qurulur. Bünövrəsi möhkəm olmayan bir binanın üzərinə yük qoyduqda, o, dayanıqlı olmayacaq. Məktəbdə bu missiyanı pedaqoqlar yerinə yetirməlidir.

Son illər ölkəmizdə keçirilən kitab sərgiləri və festivalları sübut edir ki, cəmiyyətimizdə, istər ziyalılar, istərsə də sadə ailələr arasında mütaliəyə maraq xeyli artıb. Kitab təqdimatlarında və imza saatlarında valideynlərin övladları ilə birgə kitab köşkləri arasında gəzməsi, uşaqları üçün maraqlı ədəbiyyat axtarması qürurverici mənzərədir. Gənc valideynlərin uşaqları ilə birgə sərgilərə gəlib keyfiyyətli nəşrlər soraqlaması gələcəyə olan ümidləri artırır.

Lakin müasir dövrün reallıqlarını da unutmaq olmaz. İnformasiya texnologiyalarının sürətli inkişafı uşaqların gündəlik həyatına da təsir edib. Tez-tez şahidi oluruq ki, valideynlər, xüsusən də analar məişət işləri ilə rahat məşğul ola bilsinlər deyə uşağın başını qatmaq üçün onun əlinə mobil telefon verirlər. Körpə yaşlarından telefonla vaxt keçirən uşaqlar internetin ucsuz-bucaqsız aləmində öz yaşlarına uyğun olan və ya olmayan müxtəlif görüntülərlə qarşılaşırlar. Halbuki həmin vaxtı daha səmərəli dəyərləndirmək mümkündür. Telefon əvəzinə, uşağın əlinə rəngli, şəkilli bir kitab verib ona təbiətin gözəlliklərindən, bağ-bağatdan, meyvələrdən, ətraf mühiti qorumağın vacibliyindən danışmaq olar. Bu, həm də ekoloji tərbiyədir. Dostluq, xeyirxahlıq haqqında sadə dildə yazılmış hekayələri onlara oxumaq, yorulmadan suallarını cavablandırmaq və onları düzgün istiqamətə yönəltmək lazımdır. Bütün bunlar valideynlərdən və müəllimlərdən böyük həvəs, sevgi və səbir tələb edir. Yalnız bu yolla biz yüksək mütaliə mədəniyyətinə malik, ölkəmizin gələcəyini quracaq intellektual bir nəsil yetişdirə bilərik.

Müasir dövrün rəqəmsal reallıqları fonunda uşaqlarımızı informasiya texnologiyalarından və ya süni intellektdən tamamilə təcrid etmək qeyri-mümkündür. Bu texnologiyalar artıq həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş, ətrafımızı bütövlükdə çulğalamışdır. Əslində, informasiya texnologiyaları inkişafa aparan ən mühüm amillərdən biri və səmərəli vasitədir. Lakin əsas vəzifə böyüməkdə olan nəslə bu texnoloji imkanlardan doğru istifadə etməyi, “lazımlı olandan yapışmağı” öyrətməkdir.

Uşaqları vətənpərvərlik ruhunda böyütməliyik. Qəhrəmanlarımız, qazilərimiz, şəhidlərimiz, şanlı Qarabağ savaşımız və qazanılan böyük zəfər haqqında çəkilmiş filmləri, süjetləri izləmək, bu barədə yazılan məlumatları oxumaq onların milli şüurunun formalaşması üçün vacibdir. Çünki vətən sevgisi həm pedaqogikanın, həm də elmin əsas məğzi, canıdır. Vətəni və yurdu sevmədən kamil vətəndaş yetişdirmək mümkün deyil.

– Müsahibimiz onu da qeyd etdi ki, müasir dövrdə uşaqların intellektual və mənəvi inkişafında bədii ədəbiyyatın rolu əvəzsizdir:

Müasir kitablarda artıq informasiya texnologiyaları, kosmik aləmin sirləri və dünyanın möcüzələri haqqında mövzular geniş yer alır. Uşağın formalaşmasında kitabın rolu hər zaman birinci dərəcəlidir; hətta ən sadə kitabdan belə uşaq nəsə öyrənir, nəsə əxz edir. Bu, isbata ehtiyacı olmayan həqiqətdir. Ona görə də uşaqlar kiçik yaşlarından mütaliəyə cəlb olunmalıdırlar.

Bu yerdə bəzi nəşriyyatların – “Teas Press”, “Qanun”, “Altun Kitab” və “Zərdabi”nin fəaliyyəti həm də mədəni yaddaşın bərpasıdır. Xüsusilə MİMTA Fondunun və “Füyuzat” jurnalının bu sahədəki rolu misilsizdir. Nizami Gəncəvinin ölməz “Xəmsə”sindən seçilmiş hekayələrin uşaqlar üçün yenidən işlənməsi, o qədim hikmət xəzinəsinin qapılarını kiçik oxucuların üzünə açmaq deməkdir. Bu, böyük bir vətənpərvərlik nümunəsidir, çünki uşaq qəlbinə toxunan hər bir misra gələcəkdə mənəviyyatı bütöv şəxsiyyətin formalaşmasına xidmət edir. “Altun Kitab” nəşriyyatının Azərbaycanın tarixi şəxsiyyətləri və sərkərdələri haqqında silsilə nəşrləri isə gənc nəsildə milli qürur hissini və öz tarixinə bağlılığı gücləndirir. “Məktəblinin kitabxanası” seriyasında işıq üzü görən hər bir kitab əslində valideynlər, nənələr və babalar üçün bir yol xəritəsidir. Bu kitabların təbliği və uşaqlara sevdirilməsi cəmiyyətin mənəvi sağlamlığında həlledici rol oynayır, çünki kitabla böyüyən uşaq hər zaman işıqlı gələcəyə doğru addımlayır.

Qasım bəy Zakir və Seyid Əzim Şirvani kimi nəhəng sənətkarların yaradıcılığındakı təmsillər və nəsihətamiz hekayələr bu gün də aktuallığını itirmir. Bu əsərlər vasitəsilə uşaqlara dürüstlük, dostluq və ədalət kimi dəyərlər aşılamaq, onları milli köklərə bağlamaq ən vacib missiyadır. Klassiklərimizin qoyduğu bu yolu Mirvarid Dilbazi, Teymur Elçin və Zahid Xəlil kimi ustadların davam etdirməsi, müasir dövrdə isə Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Səlim Babullaoğlu və Sevinc Nuruqızı kimi qələm sahiblərinin bu estafeti uğurla aparması ədəbi varislikdir. Onların əsərlərindəki saf uşaq dünyası, səmimi dostluq münasibətləri və müasir həyatın reallıqları ilə yoğrulmuş hekayələr bugünkü nəslin düşüncə tərzinə tam uyğundur.

Tərbiyəni şeir və hekayə dili ilə vermək uşağın dünyagörüşünü genişləndirməklə yanaşı, həm də onda kitaba qarşı sevgi yaradır. Səlim Babullaoğlunun “Oğlumla söhbət” poeması müasir Azərbaycan poeziyasında intellektual dərinliyi və mənəvi saflığı ilə seçilən nadir nümunələrdəndir. Süjet boyu hiss olunan o kədərli sevgi və gələcəyə duyulan nigaran ümid, müəllifin mənəvi irsə və dilin toxunulmazlığına olan sadiqliyini bir daha təsdiqləyir.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun fikrincə, müasir dövrün texnoloji imkanları nə qədər geniş olsa da, kitabın yerini və mahiyyətini tamamilə əvəz etmək iqtidarında deyil:

– Bu səbəbdən klassik kitab mütaliəsi ilə rəqəmsal texnologiyalar arasında balans mütləq qorunmalıdır. Uzun müddət yalnız ekran qarşısında vaxt keçirmək həm fiziki, həm də zehni yorğunluğa səbəb olur. Kitabın verdiyi duyğunu və dərinliyi hiss etmək üçün ənənəvi mütaliəyə qayıtmaq zəruridir. Elektron cihazlar texniki nasazlıqlar və ya elektrik enerjisinin olmaması kimi amillərdən asılı olduğu halda, kitab hər zaman, hər şəraitdə sənə sadiq bir yoldaşdır. Əslində, rəqəmsal texnologiyalar kitabın inkişafına mane olmur, əksinə, ona xidmət edir. Sadəcə, bunu gənc nəslə düzgün aşılamaq lazımdır.

Bu gün ana dilimizdə həm məzmunu, həm də vizual tərtibatı və rəngarəngliyi ilə seçilən, uşaqların maraq dairəsinə uyğun xeyli sayda kitab tapmaq mümkündür. Lakin bu inkişafa rəğmən, cəmiyyətdə, xüsusən də valideynlər arasında kitab alma mədəniyyəti hələ də arzuolunan səviyyədə deyil. Kitab almaq hər bir ailənin gündəlik həyat tərzinin ayrılmaz hissəsinə çevrilməlidir. Məsələn, ailəvi gəzintilərin marşrutuna mütləq kitab dükanları da daxil edilməli, kitaba sadəcə əşya deyil, mənəvi ehtiyac kimi yanaşılmalıdır.

Uşağa alınan oyuncağın və ya hədiyyənin yanında mütləq bir kitabın da olması vacibdir və o da dərk etməlidir ki, oyuna ayırdığı vaxt qədər, kitab oxumağa da zaman ayırmaq gündəlik rejimin bir hissəsidir. Vaxtın düzgün idarə olunması isə insandan həm yüksək daxili intizam, həm də sarsılmaz iradə tələb edir.

Çağdaş ədəbi mühitimizdə yerli müəlliflərin yetişməsi və uşaq ədəbiyyatına yeni nəfəs gətirməsi qaçılmazdır. Hazırda bu sahədə yeni imzalar parlasa da, inanıram ki, yaxın illərdə Azərbaycan uşaq ədəbiyyatı intibah dövrünü yaşayacaq və çox güclü, peşəkar yazıçı nəsli formalaşacaq.

Etiraf etmək lazımdır ki, hazırda oxucu rəğbəti və satış göstəriciləri baxımından xarici uşaq ədəbiyyatı hələ də dominant mövqedədir. Xüsusilə dünya miqyasında fenomenə çevrilmiş “Harri Potter” seriyası mütaliə siyahılarında ilk pillədə qərarlaşır. Bununla yanaşı, “Persi Cekson” və “Molli Mun” kimi fantastik və macəra dolu əsərlər uşaqların ən çox müraciət etdiyi kitablardandır. Bu nümunələr göstərir ki, müasir uşaq oxucusu daha çox dinamik süjetlərə və sirli qəhrəmanlara meyillidir.

İstənilən sahəyə yatırılan sərmayə özlüyündə müəyyən risklər daşıdığı kimi, nəşriyyat işi də bu baxımdan istisna deyil. Bəzən böyük uğur qazanacağını gözlədiyimiz bir kitabın satış göstəriciləri gözləntiləri doğrultmaya bilir. Lakin kitab nəşri sadəcə biznes fəaliyyəti deyil, həm də mənəvi missiya, mədəniyyət quruculuğudur.

Bu missiya bizdən tələb edir ki, bəzi hallarda kommersiya baxımından böyük uğur vəd etməyən əsərlərin də nəşrinə yer ayıraq. Çünki elə fundamental biliklər və dəyərlər var ki, uşaqlar gələcəkdə daha rahat, asan və xoşbəxt həyat sürmək üçün onlarla mütləq tanış olmalıdırlar. Bu bilgilər onlara həm maddi rifah qazanmağın yollarını öyrətməli, həm də heç nəyə ehtiyac duymadan bəşəriyyətə və insanlığa faydalı şəxsiyyət kimi yetişmələrinə zəmin hazırlamalıdır.

Faydalı insan, ilk növbədə, sağlam məlumatlarla qidalanmalıdır. Düzgün informasiya və keyfiyyətli ədəbiyyatla bəslənməyən fərddən gələcəkdə cəmiyyət üçün xeyirli işlər gözləmək olmaz.

Lakin yaradıcılıq potensialımızın bu rəqabətə tab gətirəcəyinə və mütləq şəkildə öz layiqli yerini tutacağına böyük ümidlər var. Yerli müəlliflərimiz qlobal ədəbi tendensiyaları milli koloriti qorumaq şərtilə mənimsədikcə, Azərbaycan uşaq ədəbiyyatı da geniş oxucu kütləsi qazanacaq.

Hazırladı:
Fidan ƏLİYEVA
XQ







Mədəniyyət