Bayram tətilinin son günü – martın 30-da Səməndər müəllimin amansız xəstəliklə mübarizədə qalib gələ bilməməsi xəbəri qısa müddətdə yaxın-uzaq ellərə yayıldı. Uzun illər təhsil sahəsində çalışan bacarıqlı maarif təşkilatçısı, “Qabaqcıl təhsil işçisi” Səməndər Məmmədovun vaxtsız ölümü təkcə doğmaları, dostları üçün yox, həm də ölkəmizin pedaqoji ictimaiyyəti üçün ağır itkidir.
1954-cü il fevralın 8-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olan Səməndər Eyvaz oğlu Məmmədov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirib. Tələbəlik dostu, mərhum Arif Əmrahoğlunun dediyi kimi: “Elm sahəsində qalmağa hər cür imkanı vardı, qalsaydı, bəlkə də, indi elmlər doktoru, professor idi. Qalmaq istəmədi. Bəlkə, ona görə ki, Səməndərin yarımçıqlıqdan heç vaxt xoşu gəlməyib, həmişə üzüağ, alnıaçıq yaşayıb”.
Təyinatla Lerik rayonunun Vistən kəndində pedaqoji fəaliyyətə başlayıb. 1982-ci ildən Bakıda DİN-in tərbiyə müəssisəsindəki orta məktəbdə işləyib, 1987-ci ildən isə həmin məktəbə rəhbərlik edib.
2002-ci ilin yanvar ayından 2020-ci ilin yayınadək Sabunçu rayonundakı 271 saylı orta məktəbin direktoru olub.
Pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Səməndər Məmmədov istedadlı publisist, folklor araşdırıcısı, şair və bir çox aktual yazıların müəllifi kimi də tanınıb. Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü olub. “Abdulla Şaiq”, “Qızıl qələm”, “Vətən” fəxri media və “Araz” ali ədəbi mükafatlarının laureatı olub. Prezident təqaüdünə, eyni zamanda, “İlin ən yaxşı məktəb direktoru” adına layiq görülüb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
İlk şeiri orta məktəbdə oxuyarkən Gürcüstanda nəşr olunan “Qələbə bayrağı” və “Gürcüstan” qəzetlərində işıq üzü görən Səməndər Məmmədov 15-dək kitabın müəllifidir. Tanınmış media qurucusu, Əməkdar jurnalist Əflatun Amaşovun da dediyi kimi: “Səməndər müəllim yaradıcı insandır və doğma yurda məhəbbət onun yaradıcılığında da öz əksini tapıb. Borçalıda – Faxralıda keçən yüzilliklərdə yaşamış neçə-neçə el şairlərinin, aşıqların yaradıcılıq nümunələri məhz onun axtarışları sayəsində üzə çıxarılaraq nəşr olunmuşdur”.
Bizi bir-birimizə uzun illərin sınağından çıxmış dostluq telləri bağlayıb. Mənim tanıdığım Səməndər müəllim, hər şeydən əvvəl, sözü ilə əməli bir olan bütöv şəxsiyyət, böyük ziyalı, əqidəsinə sadiq, dostluqda etibarlı, saf bir insan, zəngin təcrübəyə malik müəllim, maarif təşkilatçısı, tədqiqatçı, şair-publisist idi.
Rəhmətlik professor Şamil Qurbanovun təbirincə desək, “Azərbaycanın ən müqəddəs və sağlam yerlərindən biri Borçalının” ağır ellərindən olan Faxralı kəndində dünyaya gələn Səməndər müəllim bu yerlərin gözyaşı kimi dumduru çeşmələrindən saflıq, duruluq, Qızılıqayadan sərtlik, mətinlik, qoca “Səngər”dən çətinliklərə mətanətlə sinə gərməyi öyrənib, ağır-batman Qarapapaq kişilərdən kişilik dərsi alıb.
Səməndər müəllim böyük yolu gözləyən, qədir-qiymət bilən, yaxşılığı unutmayan insan kimi tanınıb. Borçalının ağır-batman kişilərinin öyüd-nəsihətlərindən, ağbirçəklərin nağıllı-bayatılı dünyasından, folklorumuzdan, sazımızdan, sözümüzdən həyat dərsi alıb. Qurub-yaratmaq eşqi, tez qaynayıb-qarışa bilməsi ilə fərqlənib hər zaman.
Səməndəri özünün gəzən kitabxanası adlandıran Xalq şairi Zəlimxan Yaqub onun barəsində deyirdi: “Belə adamların olması cəmiyyətin, xalqın, insanlığın xeyrinədir. Səməndər ağsaqqaldır, ağır oturub batman gələndir, öz yerini biləndir. Bir insan kimi, ürəyi böyükdür, sinəsi genişdir, içində xılt yoxdur, başdan-başa nurdur, işıqdır, şeiriyyətdir, poeziyadır”.
Səməndər müəllim qüruru, mənliyi, ləyaqəti hər şeydən üstün tutub, kimsənin heysiyyətinə toxunmayıb və heç zaman da yol verməyib ki, kimsə onun heysiyyətinə toxunsun. Onu heç vaxt özündən çıxaraq hay-küylə danışan görmədim. Ən qanqaraldıcı məqamda belə fikrini səbirlə, dözümlə izah edir, qarşısındakını özünün haqlı olduğuna inandırırdı. Adamları tanıya bilirdi, çünki özünü tanıyırdı.
Səməndər müəllimin dostu olmaq həm asan idi, həm də çətin və məsuliyyətli. Asan, ona görə ki, təmənnasız, dəqiq, düzgünlüyü sevən və qiymətləndirən, dost üçün lazım olsa, varından, canından belə keçməyə hazır idi. Yarımçıq söz danışmaz, yarımçıq iş görməzdi. Söz verdisə, mütləq yerinə yetirərdi. Çətin idi ona görə ki, üzdə bir, arxada başqa cür danışanlarla arası olmaz, saxta pafosu, yalançı vədləri sevməzdi, yalan danışan adam onun ən böyük düşməni idi.
Sözün əsl mənasında pedaqoq idi. Uzun illik təcrübəsinə əsaslanaraq deyirdi ki, kənardan çoxlarına asan görünsə də, müəllimlik olduqca çətin peşədir. Savaddan da öncə etikanı müəllim üçün ən vacib keyfiyyət hesab edirdi. Deyirdi, mərifəti olmayan, şəxsi nümunəsi ilə şagirdləri həyatda düzgün istqamətləndirməyən biri nə qədər savadlı olursa-olsun, əsl müəllim ola bilməz. Müəllim hər şeydən əvvəl ziyalı, yolgöstərən tərbiyəçi, öyrədəndir.
Səməndər müəllim bilik və bacarığını xalqın, elin-obanın yolunda sərf edib, dövlətə, dövlətçiliyə, müstəqil Azərbaycanımıza sədaqətlə xidmət edib. Təkcə vəzifə borcundan irəli gələn işləri görməklə kifayətlənməyib, vicdanının səsi ilə xeyirxah addımlar atıb.
Tacik xalq misalında deyilir ki, insanın ömrü – onun dünyaya baxması və dünyanın onu görməsi ilə deyil, xalqın onu yadda saxlaması ilə ölçülür. Bu mənada, inanıram ki, Səməndər müəllim cismən aramızda olmasa da, əziz xatirəsi pedaqoji ictimaiyyətin, saz-söz adamlarının, dostlarının, doğmalarının və dərs dediyi minlərlə yetirməsinin qəlbində daim yaşayacaqdır.
Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

