XX əsrin əvvəlləri, xüsusilə 1918-ci ilin mart-apreli erməni silahlı dəstələrinin Azərbaycan əhalisinə qarşı genişmiqyaslı qətliamları və dağıntılarla müşayiət olunub. Bu hadisələr təkcə ayrı-ayrı yaşayış məntəqələrinə deyil, bütövlükdə, regionun demoqrafik və sosial strukturuna ağır zərbə vurub.
Qəbələnin kəndlərində də bu faciələr dəhşətli izlər qoyub, əhali amansız təhlükə qarşısında köməksiz qalaraq qurbanlar verib. Əmirvan, Vəng və digər yaşayış məntəqələrində baş verən hadisələr həmin dövrün müdhiş mənzərəsini əks etdirir. Xüsusilə Əmirvan erməniləri də 1918-ci illərdə törədilən soyqırımında fəal olublar və qonşu kəndlərdəki müsəlmanları öldürüb, var dövlətlərini talan ediblər. Onlar silahdan korluq çəkməyiblər, artıq silahlanmış vəziyyətdə idilər. Bu, erməni kilsəsinin sayəsində olub. İri kilsələrin zirzəmilərindəki silah cəbbəxanalarından ermənilərin yaşadığı kəndlərə gizli yolla silah göndərilib. Müsəlmanlarda isə silah varlı, imkanlı adamlarda olub. Bu səbəbdən də ilk dövrlərdə ciddi müqavimət göstərilməyib.
Məsələn, Əmirvan və Vəng kəndlərində mövqe tutan ermənilər tez-tez Məmmədağalı kəndinə hücum edib, “Yürüş yeri” adlanan ərazidə qətllər törədib, Dursun adlı kənd sakininin əl-qolunu bağlayaraq Qızılqayadan atıblar.
Erməni terror dəstəsi Tüntül kəndinin yaxınlığında “Yeddi qardaş” adlanan yerdə yerli sakinlərə qarşı ağlasığmaz vəhşiliklər törədiblər. Girdabul, Bılıx və Əmirvandakı erməni-daşnak terror dəstələri Vəndam kəndinə, xüsusilə Sırxabul ərazisinə dəfələrlə hücum edib, Qızıldərə, Qızılqaya və Qılqıldərədə müsəlmanları öldürüblər. Xancan yüzbaşının rəhbərliyi ilə ayağa qalxan əhali isə könüllü dəstə yaradaraq Vəndama hücum edən 64 erməni yaraqlısını tərk-silah edib əsir götürüb.
Sonrakı günlər də erməni hücumları davam edib. Bu hücumların qarşısını almaq üçün Qutqaşen (Qəbələ) əhalisi Gəncəyə nümayəndə yollayıb. Qədir əfəndi isə kəndlərin silahlandırılması kimi məsuliyyətli missiyanı öz üzərinə götürərək Bığır və Qarabaqqal kəndlərinə gedib. Onun bu səfəri xalqın özünümüdafiə qabiliyyətini artırmaq məqsədi daşıyırdı.
Çox keçmədən bu çağırışlara cavab olaraq Gəncədən və Nuxadan (Şəki) bölgəyə peşəkar türk zabitləri və təlim görmüş silahlı şəxslər gəldi. Onların gəlişi yerli əhalinin mübarizə əzmini daha da alovlandırdı. Türk zabitlərinin hərbi təcrübəsi və rəhbərliyi altında qısa müddətdə mülki sakinlərdən ibarət könüllü müqavimət dəstələri yenidən formalaşdırıldı. Bu dəstələr silahlanaraq, strateji əhəmiyyətli yüksəkliklərdə və keçidlərdə möhkəmləndilər. Beləliklə, Qəbələ dərələrində düşmənə qarşı aşılmaz bir sədd quruldu və erməni-daşnak yaraqlılarının bölgədə tam hakimlik etmək xülyası boşa çıxarıldı.
Həmin hadisələrin şahidi olan Nəbi Mustafa oğlu öz xatirələrində bildirirdi: “Ermənilərin Sırxabuldakı vəhşilikləri, əhaliyə divan tutmaları, mal-qaranı aparmaları bütün kəndi, o cümlədən, Bunud, Seyidqışlaq, Həzrə, Məmmədağalı camaatını təşvişə salmışdır. Əmirvan, Ruşan, Vəng ermənilərinə Üçdal kəndinin erməniləri də qoşulur. Qorxu mart-aprel aylarında daha da artdı. Biz dəstələr təşkil etdik, əhalinin mal-qarasını, ev əşyalarını Taxtacüvənə, Şəhərgə düzünə köçürdük, dağ keçidlərində keşikçilər qoyduq, əli silah tutanlar Calal, Qarabulaq, Məmmədağalı meşələrində pusquda dayandılar. Seyidqışlaq, Bunud, Məmmədağalı, Həzrə camaatı da dərələrdə yerləşdirildi. Bizim hazırlığımızı görən ermənilər hücuma keçməyə cəsarət etmirdilər”.
Buna baxmayaraq ermənilər məkrli siyasətlərini davam etdirir, talançılıqla məşğul olurdular. Ermənilər Qutqaşen (Qəbələ) bölgəsində 20-dən artıq kəndi yandırdığına görə Nuru paşa 1918-ci il iyunun 19-da Qafqaz İslam Ordusunun Baş Qərargah rəisi Nazim bəyə müsəlman əhalini qorumaq üçün bölgəyə qoşun hissəsi göndərməyi əmr etdi. Ordu Əmirvan, Sırtyengicə, Bılıx, Çanaqbulaq və başqa kəndləri də terror dəstələrindən azad etdi.
***
Türklər və yerli dəstələr əvvəlcə Əmirvan ermənilərinə silahları təhvil verməyə çağırsa da, qarşı tərəf bundan imtina edib. Bılıxı tutan türklər təpənin üstünə top yerləşdirərək Əmirvanı atəşə tutublar.
Bundan sonra türklərin hücumundan qorxan ermənilər müxtəlif yerlərdə gizləniblər. Kənd sakinlərindən biri – sonralar kolxozda çalışan Rafik (Rapik) Makyan uşaqlıq dövründə baş verənləri belə xatırlayırdı: türk qoşunlarının yaxınlaşması ilə ailəm meşəyə sığınmağa çalışdı, lakin buna tam nail ola bilmədik. Dediyinə görə, onlar yaxınlıqdakı su arxı və kiçik şəlalə ətrafında gizlənərək təhlükədən qurtula bilmişlər. “Erməni milləti çox günaha batıb, günahsız isanların qanını töküb”, – o deyirdi. Bu sözlər törədilən cinayətlərin etirafı idi.
Sonda haqq öz yerini tapdı; silahı yerə qoymaqdan imtina edən və əlləri azərbaycanlı qanına batan canilər Qızılqayada layiq olduqları cəzanı aldılar. Bu gün Qəbələnin hər qarış torpağı həm o günlərin ağrısını, həm də xalqımızın sarsılmaz mübarizə ruhunu özündə yaşadır.
P.ƏFƏNDİ
XQ

