O zaman kəndin 13 ağsaqqalını erməni-bolşevik quldurları vəhşicəsinə qətlə yetirmişdilər
Erməni daşnaklarının 1918-ci ildə törətdiyi qanlı soyqırımı yurdumuzun cənub bölgəsindən də yan ötməyib. Şıvkunov adlı ermənipərəst quldurun rəhbərliyi ilə Lənkəranda və ətraf rayonlarda 40-dan çox kənd yandırılıb, günahsız insanlar xüsusi amansızlıqla qətlə yetirilib. Təkcə Lənkəran şəhərində, Girdəni, Vilvan, Gərmətük, Mamusta, Kərgəlan, Sütəmurdov, Osakücə və digər kəndlərdə minlərlə dinc sakin soyqırımın qurbanı olub.
Qatı daşnak ünsürü Çepayev, Samsonov kimi cəlladları ətrafına yığmış Şıvkunov şəhərin mərkəzində Mir Əhməd xanın evini ələ keçirərək özünə qərargah yaradır. Şəhəri dənizdən top atəşinə tutur, evləri yandırır, əhalini qorxu içində saxlayırdı. Şəhər sakinləri hücumlardan qorunmaq üçün Osaküçə kəndindəki meşəliyə qaçır, ara sakitləşəndən sonra qayıdırdılar. Evləri isə hərbçilər tərəfindən qarət olunur, sonra yandırılırdı.
Sütəmurdov kəndi şəhərə bitişik olduğundan quldur dəstəsi tərəfindən daim nəzarətdə saxlanılırdı. Qaçaqların kəndlə əlaqəsini bəhanə edərək burada hər gün atışma olurdu. Doğma kəndinin tarixini gözəl bilən axund Hacı Fəxri Sadıqov 1918-ci ildə törədilmiş dəhşətli faciə barədə belə deyir:
– Lənkəran şəhərinə süvari qüvvələrdən ibarət Dikaya diviziya yerləşdirilib. Komandirləri bakılı milyonçu, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd olub. O dövrdə gənclər bəxtlərini sınamaq üçün tapançanı gicgahlarına yaxınlaşdırır və tətiyi çəkirdilər. Məhəmməd də bəxtini sınamaq istəyəndə əlindəki tapança açılır və təsadüfi hadisənin qurbanı olur. Lənkəran xanının davamçısı Əsgər xan və bir neçə hörmətli ağsaqqal cənazəni gəmi ilə Bakıya aparırlar. Bu hadisədən erməni daşnakları məharətlə istifadə edərək Lənkəran şəhərində qırğınlar törədiblər. Mayak ərazisində yüzlərlə adam vəhşicəsinə öldürülüb.
Silahlı quldurların hücumunun qarşısını almaq məqsədilə kəndin 13 hörmətli ağsaqqalı Şıvkunovun yanına gəlib. Ona qaçaqların kənddən çıxdığını deyir, atəşin dayandırılmasını xahiş edirlər. Şıvkunov ağsaqqalları girov saxlayaraq 3 əsgəri kəndə göndərir. Camaata hədə-qorxu gələn əsgərlər geri qayıdarkən təsadüfən qaçaqlarla rastlaşırlar. Atışma zamanı bir əsgər ölür, o birisi yaralanır. Sağ qalan əsgər Şıvkunovun yanına qaçıb vəziyyəti ona danışır.
Qəzəblənən quldurbaşı 13 ağsaqqalın qollarını bağlatdırıb başlarını qılıncla kəsdirir, bədənlərini hissə-hissə doğratdırır. Cəsədlərini taxta yeşiklərə yığıb Lənkərançayın dənizlə birləşdiyi dəhnə adlı ərazidə torpağa basdırırlar. Arabaçı Musa uzaqdan bunları görür və qorxusundan danışmır. Şıvkunovun dəstəsi Lənkərandan gedəndən sonra ağsaqqalların basdırıldığı yeri göstərir. Cəsədlərin birini paltarından, birini barmağındakı üzüyündən, birini üzündəki çapıqdan və digər bədən əlamətlərindən tanıyıb kənd məscidinin həyətində dəfn edirlər. Xüsusi amansızlıqla qətlə yetirilmiş ağsaqqallar üçün 7 gün matəm saxlanılır.
Ağsaqqal şəhid Xəlil Məşhədi Əliqulu oğlunun 90 yaşlı qızı Xeyri xanım, şəhid Şeyx Ənnağının nəvəsi, müəllim Nəcəfəli Nəcəfov və başqalarından bu dəhşətli faciə haqqında eşitmişəm, - deyə Hacı Fəxri Sadıqov bildirir. Qanlı hadisədən 108 il ötsə də yaddaşlardan silinməyib.
Azərbaycanlıların soyqırımı qurbanlarının 90 illiyi ərəfəsində şəhid ağsaqqalların uyuduğu Sütəmurdov kənd qəbiristanlığında onların adları həkk olunmuş xatirə abidəsi ucaldılıb. Hər dəfə soyqrımın ildönümündə abidə ziyarət olunur, ağsaqqalların unudulmaz xatirəsi ehtiramla yad olunur.
Qonşu Gərmətük kəndində də quldur dəstəsi axtarış apararkən Balağa İsmayıl oğlu Lələyevin kömək üçün ona tərəf qaçan həyat yoldaşını və evdə gizlənmiş 7 gənci yerindəcə güllələyiblər.
Kərgəlan kəndində 70 kişini çayın qırağına gətirib vəhşicəsinə qətlə yetiriblər, - deyə tanınmış poliqrafçı, yazıçı-publisist Hacı Mehman Fərzullayev deyir. Cavan gəlini görən əsgər onun ardınca həyətlərinə hücum çəkir. Gəlin qaçıb qaynatasına xəbər verir. Qaynatası onu xalçaya büküb divara söykəyir. Əsgər gəlini axtaranda o, “yerini bilmirəm”, - deyir. Əsgər tüfəngin qundağı ilə kişinin başına zərbələr endirərək onu amansızlıqla öldürür. Bu kişi hazırda kənddə yaşayan Əliyevlərin babası, gəlin isə 1970-ci illərə kimi ömür sürmüş Səriyyə nənə olub.
Veravul kəndində çox nüfuzlu, hörmətli ağsaqqal Mirməhəmmədrza Talışxanov Şıvkunovu atəşi dayandırmağa çağırıb. Cəllad bundan qəzəblənərək onu sürüyə-sürüyə həyətin ortasına gətirib və qılıncla başını kəsərək amansızlıqla öldürüb. Dini kitabları yandırıb. Veravul kəndinin yuxarıbaş və qarağac məhəllələrində 17 nəfər faciənin qurbanı olub.
Xilaskar türk ordusu köməyə gəlməsəydi, kim bilir, qanlı soyqırımı nə qədər davam edəcəkdi. Yerli əhali görkəmli türk sərkərdəsi Camal Paşaya məhəbbətlə qucaq açıb, əsgər və zabitlərini evlərində yerləşdirib. Qardaş köməyi nəticəsində qırğınların qarşısı alınıb, insanların rahatlığı, əmin-amanlığı təmin edilib. Lənkəranlılar tariximizin bu qanlı səhifəsini unutmurlar.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

