“Qara şəhər”i “Ağ şəhər”ə çevirən çağdaş memarlıq

post-img

Bakının tarixi təkcə köhnə binalardan və neft buruqlarından ibarət deyil. Bu şəhər həm də Azərbaycanın güclü iqtisadiyyatını və müasir inkişafını nümayiş etdirir. Bunun ən bariz nümunəsi keçmiş “Qara şəhər”dir. Bir vaxtlar tüstü və mazut qoxuyan bu çirkli sənaye zonası indi ekoloji cəhətdən təmiz müasir yaşayış sahəsinə – “Ağ şəhər”ə çevrilib.

Yada salaq ki, XIX əsrin sonlarında Bakıda başlayan neft bumu şəhərin simasını tamamilə dəyişdi. Dünyanın diqqəti Xəzər sahilindəki bu şəhərə yönəldi və Bakı qısa müddətdə neft mərkəzinə çevrildi. Həmin dövrdə şəhərin şərq hissəsində yaranan “Qara şəhər” sənayenin ürəyi hesab olunurdu. Burada neft emalı zavodları fəaliyyət göstərir, hasil olunan neft Avropa və Rusiya bazarlarına daşınırdı.

Sürətli sənayeləşmənin ağır nəticələri də oldu. Zavodların qatı tüstüsü, torpağa hopan neft tullantıları və güclü çirklənmə zamanla bu ərazini yaşamaq üçün əlverişsiz məkana çevirdi. Elə “Qara şəhər” adı da məhz buradan yarandı. Sənaye inkişafı iqtisadi yüksəliş gətirsə də, ekoloji və sosial baxımdan çox ağır bir mənzərə formalaşdırmışdı. Sovet dövründə də “Qara şəhər” əsas sənaye mərkəzlərindən biri idi. Neft emalı və kimya sənayesinin genişlənməsi ekoloji vəziyyəti ağırlaşdırdı. Şəhərsalma qaydalarının düzgün tətbiq edilməməsi, nizamsız tikinti və yaşıllıq sahələrinin azlığı bu zonanı Bakının ən problemli yerinə çevirdi. Uzun illər “Qara şəhər” Bakının çirkli sənaye keçmişinin simvolu kimi qaldı. Müstəqillik dövründə isə Azərbaycanın inkişaf strategiyası insan həyatının keyfiyyətini və ekoloji təhlükəsizliyi ön plana çıxardı. Nəhəng infrastruktur layihələri dövlət siyasətinin ana xətti insanların daha rahat, təhlükəsiz və sağlam şəhər mühitində yaşamasını təmin etməyə yönəldi. Bu məqsədlə Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks plan çərçivəsində köhnə zavodların şəhərdən köçürülməsi və torpaqların təmizlənməsi prosesinə start verildi. Artıq 2010-cu ildən etibarən paytaxtın mərkəzində yerləşən sənaye ərazisinin dirçəldilməsi üçün “Bakı Ağ şəhər” layihəsinin icrasına başlanıldı.

...İndi bu müasir məkanda inşa edilən modern binalar, salınan geniş küçələr, piyada zonaları, yaşıl istirahət parkları və canlı ictimai sahələr şəhər sakinlərinə xidmət edir. İnsanların sərbəst hərəkətini təmin edən müasir nəqliyyat infrastrukturu, ekoloji standartlara söykənən tikinti texnologiyaları ilə birləşərək paytaxtda tamamilə sağlam mühit formalaşdırdı. Tarixi transformasiyanın ən mühüm və heyrətamiz məqamlarından biri isə onilliklər boyu zəhərli neft tullantıları ilə zədələnmiş torpaqların xüsusi elmi-texnoloji üsullarla təmizlənməsidir.

Bu unikal layihə sübut etdi ki, dövlətin əsas hədəfi, sadəcə, yeni binalar ucaltmaq deyil, insanlara daha keyfiyyətli və rahat həyat mühiti bəxş etməkdir. “Qara şəhər”in bu cür yenidən qurulması həm də ağır sənaye irsinin müasir memarlıq modelinə uğurlu inteqrasiyası idi.

Heç şübhəsiz, “Ağ şəhər” Bakının təkcə ekologiyasını deyil, həm də beynəlxalq simasını və nüfuzunu dəyişdirdi. Avropa memarlıq məktəbi ilə milli üslubun vəhdətini əks etdirən planlı şəhərsalma konsepsiyası bu ərazini regionun ən cəlbedici urbanistik layihələrindən birinə çevirdi. Burada formalaşan yeni biznes mərkəzləri, inkişaf edən xidmət sektoru və xarici investorların artan diqqəti paytaxtın iqtisadi dinamikasına böyük bir canlılıq qatıb.

Bu gün “Ağ şəhər” Bakının postindustrial, yəni sənaye sonrası inkişaf modelidir. Şübhəsiz ki, bu dəyişikliklər sadəcə memarlıq yenilənməsi deyil, o, həm də insan amilini hər şeydən uca tutan yeni şəhər mədəniyyətinin fəlsəfəsidir. Bu fəlsəfə, keçmişin sənaye çirkliliyini gələcəyin təmiz və dayanıqlı ekosisteminə çevirən Azərbaycanın yenilməz quruculuq əzminin təzahürüdür.

***

Azərbaycan Prezidenti İlham Əliyev də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkərək bildirib: “Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının “Qara şəhər”, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya fotoşəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi”.

Habitat Peşəkarları Forumunun həmsədri, Dayanıqlı Urbanizasiya Konsorsiumunun təsisçilərindən biri Lans Braun qeyd edib ki, Bakının “Ağ şəhər” layihəsini xüsusi qeyd edərək, ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılmasını urbanizasiya baxımından mühüm addım kimi qiymətləndirib, Azərbaycanın mədəni infrastrukturu, ictimai məkanları və şəhərsalma yanaşmasından müsbət təəssürat aldığını bildirib.

Onu da qeyd edək ki, bu layihəyə paralel olaraq Bibiheybətin 500 hektardan çox çirklənmiş mədən sahəsi təmizləndi. Bakının bu giriş qapısı sənaye inkişafının, iqtisadi qüdrətinin rəmzi idisə, eyni zamanda, ekoloji baxımdan tamamilə iflic olmuş fəlakət zonası idi. Mövzu ilə bağlı ekspert Gülxar Rzayeva XQ-yə bildirdi ki, torpaq uzun illər ərzində neft quyularından sızan lay suları və ağır neft qalıqları ilə zəhərlənmişdi: “Torpaq qatı xüsusi aqrotexniki və mühəndislik üsulları ilə tamamilə təmizləndi, neft lilindən təmizlənmiş ərazilərə minlərlə ton münbit torpaq qatı daşındı. Çox keçmədən bu boz və cansız relyefin yerində Abşeronun quraq iqliminə dözümlü olan, həm şəhərin ekoloji havasını yeniləyən, həm də estetik görünüşünü dəyişən meşə zolaqları salındı. Yalnız Bibiheybətdə deyil, həm də ətraf dağ massivlərində böyük püstə və zeytun bağları salınaraq onilliklərlə yığılıb qalmış sənaye çirki tamamilə neytrallaşdırıldı”.

Xarici mediada dərc olunan məqalələrdə də vurğulanırdı ki, neft hasilatının mərkəzi olan bir ərazinin qısa müddətdə dayanıqlı ekosistemə inteqrasiya edilməsi və orada beynəlxalq standartlara cavab verən yaşayış və istirahət infrastrukturunun qurulması qlobal miqyasda böyük şəhərlər üçün nümunəvi şəhərsalma modelidir.

Beləliklə, “Qara şəhər”dən “Ağ şəhər”ə, Bibiheybət və Böyükşor gölünə uzanan inkişaf yolu Azərbaycanın keçmişdən gələcəyə doğru keçdiyi mürəkkəb, amma uğurlu modernləşmə prosesinin parlaq nümunəsidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət