Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində qlobal çağırışlara cavab
Prezident İlham Əliyev mayın 18-də “Euronews” telekanalına müsahibəsində bir sıra maraqlı fikirlər səsləndirdi ki, həmin fikirlərə əsasən, dünya üçün Azərbaycan formulu üzərində dayanmaq mümkündür. Elə bir formul ki, diplomatiyadan ustalıqla istifadəyə əsaslanır. Bu əsaslanma isə, öz növbəsində, ümummilli fayda və mənfəəti yüksək tutur, habelə, onu digər dövlətlərin maraqlarına uyğunlaşdırmaqla, balans və paritet formalaşdırır.
Dövlətimizin başçısı bildirir ki, “diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın”.
Tam əminliklə deyə bilərik ki, Azərbaycan son onilliklərdə yalnız enerji ehtiyatlarına malik ölkə yox, həm də mürəkkəb geosiyasi şəraitdə çoxtərəfli əməkdaşlıq qurmağı bacaran etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu göstərir ki, enerji siyasətində uğurun əsas şərtlərindən biri təkcə təbii resursların mövcudluğu deyil, həmçinin qarşılıqlı etimada əsaslanan münasibətlər və regional əməkdaşlıqdır. Söhbət güclü, proqmatik və rasional ruhlu diplomatiya sayəsində qurulmuş əməkdaşlıqdan gedir. Əlbəttə ki, bütün bu kimi fəaliyyətin çoxsaylı çətinliklərin aşılaraq həyata keçirildiyi məlumdur. Məşhur misaldakı kimi ifadə etsək, Moskva birdən-birə qurulmayıb.
Nəzərə alaq ki, müasir dünyada enerji ehtiyatlarının bazarlara çıxarılması artıq yalnız iqtisadi məsələ prizmasından uzaqdır. Bu proses, eyni zamanda, siyasi iradədən asılıdır. O iradədən ki, xalqın və dövlətin maraq və mənafelərini rəhbər tutsa da, dünyada sərvətindən və imkanlarından yararlanmağı bacarmayan, hətta müstəmləkə rəftarı ilə üzləşən xalqlar var. Yeri gəlmişkən, ölkəmizi də məhz bu yararsız ampluada təsəvvürə gətirən qüvvələrin mövcudluğundan xəbərdarıq və müstəqillik illərində belə mənfi meyillərə çox sinə gərmişik.
Azərbaycan öz enerji strategiyasını məhz bərabərtərəfli prinsiplər üzərində quraraq böyük uğurlar əldə edib. Uğur isə çoxvektorludur. Bu gün Xəzər hövzəsində yerləşən enerji resurslarının dünya bazarına çıxarılması üçün müxtəlif ölkələrin ərazilərindən keçən nəqliyyat və enerji marşrutları yaradılıb. Bu isə qonşu dövlətlərlə etibarlı münasibətlər və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını zəruriləşdirib. Müvafiq olaraq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri dərin məzmun daşımaqla, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı fayda prinsipi əsasında qurulub. Belə yanaşma regionda etimad mühitinin güclənməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə imkan yaradıb. Bu baxımdan Azərbaycan diplomatiyasının mühüm qolunu təşkil edən enerji diplomatiyası beynəlxalq münasibətlərdə uğurlu əməkdaşlıq nümunəsi olaraq qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada baş verən böhranlar və geosiyasi dəyişikliklər enerji siyasətinə ciddi təsir göstərir. Amma, necə deyərlər, bu günün sabahı da var: “Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq”, - deyən dövlətimizin başçısı əminlik yaradır.
Bəli, müxtəlif regionlarda yaranan münaqişələr dövlətləri yeni enerji mənbələri və alternativ marşrutlar axtarmağa vadar edir. Mövcud şəraitdə enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşır. Bir çox ölkələr öz enerji siyasətlərini yenidən nəzərdən keçirərək, daha etibarlı tərəfdaşlarla əməkdaşlığa üstünlük verirlər. Məhz belə bir dövrdə Azərbaycanın strateji əhəmiyyəti daha da artır.
Ölkəmizin strateji əhəmiyyəti həm də ona görə artır ki, rəsmi Bakının gördüyü işlər məqsədyönlüdür və konkret nəticələr var. Belə ki, dövlətimizin əlverişli coğrafi mövqeyi, zəngin enerji ehtiyatları ilə yanaşı, formalaşdırdığı nəqliyyat infrastrukturu Azərbaycanın regionun əsas enerji mərkəzlərindən birinə çevirib. Ölkəmiz həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında mühüm bağlantı rolunu oynayır və bu amil beynəlxalq enerji bazarındakı mövqeyimizin daha da güclənməsini şərtləndirir.
Azərbaycanın təcrübəsi göstərir ki, uzunmüddətli uğurun əsasında dayanan qarşılıqlı hörmətə və ortaq maraqlara söykənən diplomatiya enerji layihələrinin davamlılığını yalnız iqtisadi gəlirlə deyil, tərəfdaş ölkələr arasında formalaşan etibar mühitlə şərtləndirir. Bu səbəbdən Azərbaycan modeli gələcəkdə bir çox ölkələr üçün nümunə ola bilər.
Sonda ümumiləşdirmə apararaq deyək ki, Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsindəki fikirləri müasir dövrdə diplomatiyanın enerji siyasətində oynadığı mühüm rolu aydın şəkildə ifadə edir. Azərbaycanın həyata keçirdiyi enerji strategiyası isə onu göstərir ki, düzgün diplomatik xətt, regional əməkdaşlıq və qarşılıqlı fayda prinsipi həm iqtisadi inkişafın, həm də beynəlxalq sabitliyin əsas təminatlarından biridir.
Ə.RÜSTƏMOV
XQ

