Liderlərin və qonaqların foruma hazırlıq və müzakirələr barədə təəssüratı yüksəkdir
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu – WUF13 təkcə urbanizasiya, dayanıqlı şəhərlər və gələcəyin yaşayış modelləri haqqında müzakirələrin aparıldığı beynəlxalq platforma kimi deyil, həm də Azərbaycanın təşkilatçılıq imkanlarının, müasir inkişaf konsepsiyasının və qlobal əməkdaşlığa açıq yanaşmasının nümayişi kimi yaddaşlara həkk olunur.
Forumun açılış mərasimində çıxış edən dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, şəhərsalma üzrə ekspertlər sessiyanın təşkilinin səviyyəsini xüsusi vurğulayır, Bakı haqqında təəssüratlarının yüksək olduğunu bildirir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolunu nümunə kimi dəyərləndirir və ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi uğurlar barədə müsbət fikirlər səsləndirirlər.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq açılış mərasimindəki çıxışında, ilk növbədə, Azərbaycan dövlətinə və xalqına təşəkkürünü ifadə etdi. O, Bakını “qədim İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşən şəhər” kimi xarakterizə edərək forum iştirakçılarına göstərilən səmimi qonaqpərvərliyə və tədbirin keçirilməsinə görə minnətdarlığını bildirdi.
Nqa Kor Minq xüsusi vurğuladı ki, Bakı WUF13 günlərində dünyanın paytaxtına çevrilir. Bu fikir forumun miqyasını və Azərbaycanın qlobal şəhərsalma gündəliyində oynadığı rolu açıq şəkildə ifadə edirdi. Çıxış boyunca Azərbaycanın ev sahibi kimi rolu bir neçə dəfə xüsusi vurğulandı. O, Azərbaycan xalqına məxsus “Hər kəsin öz evi öz qibləsidir” ifadəsini xatırladaraq bunun şəhərsalma fəlsəfəsinin mərkəzində dayandığını bildirdi.
UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbaxın çıxışı həm forumun beynəlxalq əhəmiyyətini, həm də Azərbaycanın ev sahibi kimi rolunu ön plana çıxaran əsas çıxışlardan biri oldu. Onun mesajlarında Bakının qlobal şəhərsalma gündəliyinin mərkəzinə çevrilməsi, Azərbaycanın təşkilatçılıq imkanları və forumun yaratdığı beynəlxalq həmrəylik xüsusi vurğulandı. İcraçı direktor forumun təşkilati səviyyəsinə ayrıca toxunaraq Azərbaycana təşəkkürünü bildirdi. O vurğuladı ki, son günlər ölkənin bəzi bölgələrində müşahidə olunan əlverişsiz hava şəraitinə baxmayaraq, Bakıda forum yüksək səviyyədə təşkil olunub və burada komanda işi, sürətli reaksiya və ortaq məqsəd hissi nümayiş etdirilib. Onun sözlərinə görə, iştirakçıların bu gözəl məkanda bir araya gətirilməsi Azərbaycanın peşəkar təşkilatçılıq imkanlarının göstəricisidir. Rossbax xüsusi olaraq qeyd etdi ki, WUF13 indiyədək keçirilən forumlar arasında ən geniş və müxtəlif beynəlxalq auditoriyanı bir araya gətirib.
Rəsmi hissədən sonra WUF tarixində ilk dəfə olaraq keçirilən Liderlər Sammitində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib: “Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib”.
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib: “Möhtəşəm qonaqpərvərliyə, Bakıda gözəl qəbula və unudulmaz bir tədbirə bizi qəbul etdiyinizə görə Prezident İlham Əliyevə, mənim əziz dostuma təşəkkür edirəm. Mən hər dəfə Bakıya gələndə böyük dəyişikliklərin və tərəqqinin, Azərbaycan xalqının, Prezident İlham Əliyevin birlikdə öz ölkələri üçün etdiklərinin şahidi oluram. Sizin əzminiz, qətiyyətiniz və Prezident İlham Əliyevin xalqına bağlılığı bu inanılmaz tərəqqinin təminatçısıdır”. O vurğulayıb ki, bu, həqiqətən Ümumdünya Şəhərsalma Forumunun tam potensialının reallaşmasına xidmət edir: “Xəzər dənizinin sahilində yerləşən bu mükəmməl ölkənin məhz urbanizasiya, şəhərsalma problemlərinin həllinə yönələn foruma ev sahibliyi etməyi də təsadüfi deyil”.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov WUF13-ü urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platforma adlandırıb: “Bu mühüm forumun ən yüksək səviyyədə təşkilinə, həmçinin səmimi qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “mənəvi, isti qonaqpərvərliyinə və olduqca önəmli qlobal tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə görə” Azərbaycana təşəkkür edib. Qeyd edib çünki bu, qlobal çağırışdır və iqlim dəyişikliyi, mənzillə bağlı olan problemlər, həmçinin sosial vəhdət məsələlərini müzakirə etmək imkanı yaradır.
Liderlər Sammitində çıxış edən Keniya Prezidenti Uillyam Samoei Ruto, Bolqarıstan Prezidenti İliyana Yotova, Qazaxıstan Baş naziri Oljas Bektenov, Esvatini Kralı III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini, Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov, Kamboca Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniya Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif sessiyanın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib. Çıxışçılar WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğunu vurğulayıb, bu tədbirin mühüm əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, mayın 17-22-də Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakıda keçirilir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan beynəlxalq tədbir UN-Habitat tərəfindən təşkil edilib və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.
Səxavət HƏMİD
XQ

