Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın dəyişən beynəlxalq sistemdə özünü necə təqdim etdiyini, hansı geosiyasi identiklik qurduğunu və hansı “yumşaq güc” strategiyasını həyata keçirdiyini göstərən mühüm siyasi hadisədir
182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçının Bakıya gəlməsi artıq forumun bir neçə mühüm siyasi reallığın indikatoru olduğunun təsdiqidir. Birincisi, urbanizasiya XXI əsrdə qlobal siyasətin əsas istiqamətlərindən birinə çevrilib; ikincisi, dövlətlərin beynəlxalq nüfuzu artıq yalnız hərbi və iqtisadi güclə ölçülmür; üçüncüsü isə Azərbaycan özünü regional dövlət statusundan daha genişmiqyaslı qlobal platforma aktoruna transformasiya etdirməyə çalışır.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbir” ifadəsində mühüm strateji xətt görünür: Azərbaycan ardıcıl şəkildə qlobal problemlərin müzakirə olunduğu beynəlxalq mərkəz obrazı formalaşdırır. Əgər COP29 iqlim diplomatiyası kontekstində Azərbaycanın qlobal enerji keçidində rolunu ön plana çıxarırdısa, WUF13 urban transformasiya, dayanıqlı inkişaf və şəhər diplomatiyası üzərindən yeni siyasi legitimlik istehsal edir.
XXI əsrin beynəlxalq münasibətlər sistemində şəhərlər müasir dünya siyasətində şəhərlər dövlətlərin iqtisadi gücünün, texnoloji potensialının, siyasi legitimliyinin və hətta geosiyasi nüfuzunun əsas göstəricilərindən birinə çevrilib. Bakının son illər keçdiyi urban transformasiya prosesi də bu kontekstdə xüsusi diqqət çəkir. Müasir dövlətlərdə memarlıq və şəhər estetikasının geosiyasi kommunikasiya funksiyası getdikcə artır. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın “Şərqlə Qərbin qovuşduğu məkan” olması ilə bağlı vurğusu da məhz bu geosiyasi identiklik strategiyasının tərkib hissəsidir.
Bakının memarlıq siması bu narrativin vizual ifadəsinə çevrilib. İçərişəhərin tarixi irsi ilə futuristik göydələnlərin eyni şəhər məkanında paralel mövcudluğu Azərbaycanın dünyaya siyasi mesajını əks etdirir. Azərbaycan özünü bir tərəfdən qədim sivilizasiya və tarixi İpək Yolunun davamçısı, digər tərəfdən isə modern texnoloji və urban transformasiya modelinə açıq dövlət kimi təqdim etməyə çalışır. Belə bir yanaşma, əslində, postsovet məkanında yeni legitimlik modelinin formalaşması ilə də bağlıdır. Çünki müasir dövrdə dövlətlərin legitimliyi şəhərlərin yaşanabilirliyi, ictimai məkanların keyfiyyəti, ekoloji dayanıqlılıq və texnoloji imkanlarla ölçülür.
Son ilyarım ərzində Azərbaycanın ardıcıl şəkildə COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi iki nəhəng beynəlxalq tədbirə ev sahibliyi etməsi Bakının beynəlxalq sistemdə öz rolunu yenidən müəyyənləşdirməyə yönəlmiş uzunmüddətli xarici siyasət strategiyasının tərkib hissəsi kimi görünür. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan qlobal idarəetmə, iqlim siyasəti, urbanizasiya və dayanıqlı inkişaf kimi beynəlxalq gündəliyin əsas mövzularına daxil olmağa çalışır. Qloballaşmanın yeni mərhələsində beynəlxalq tədbirlərə ev sahibliyi etmək özü ayrıca siyasi kapital formasıdır. Olimpiya Oyunları, EXPO sərgiləri, COP sammitləri, Davos Forumu və digər beynəlxalq platformalar dövlətlər üçün yumşaq güc istehsalı və beynəlxalq legitimlik mexanizmləridir.
COP29 və WUF13 kimi forumların Azərbaycana verdiyi ən mühüm siyasi dividendlərdən biri beynəlxalq legitimliyin genişlənməsidir. Beynəlxalq legitimlik müasir siyasətdə beynəlxalq sistem tərəfindən “etibarlı və məsuliyyətli aktor” kimi qəbul olunmaq deməkdir. Minlərlə nümayəndənin, beynəlxalq təşkilatların, ekspertlərin və siyasi liderlərin Bakıya gəlməsi Azərbaycanın qlobal diplomatik xəritədə çəkisini artırır. Çünki müasir informasiya müharibələri dövründə dövlətlərin beynəlxalq reputasiyası ən azı iqtisadi və hərbi resurslar qədər vacibdir. Azərbaycan da, beynəlxalq tədbirlər vasitəsilə özünün “yumşaq geosiyasi brendini” formalaşdırmağa çalışır.
Digər mühüm məqam isə postneft imicinin qurulması ilə bağlıdır. Uzun illər Azərbaycan beynəlxalq iqtisadi sistemdə əsasən enerji ixracatçısı və karbohidrogen resurslarına əsaslanan iqtisadi model ilə tanınırdı. Lakin qlobal enerji keçidi, yaşıl transformasiya və dekarbonizasiya prosesləri neft dövlətlərini yeni inkişaf modeli axtarmağa məcbur edir. Azərbaycan da bu transformasiya mərhələsində özünü “yaşıl enerji”, logistika, rəqəmsal iqtisadiyyat və urban innovasiya mərkəzi kimi təqdim etməyə çalışır.
Burada Azərbaycanın son illər formalaşdırmağa çalışdığı “multivektorlu geosiyasi platforma” modeli xüsusi diqqət çəkir. Bakı özünü fərqli geosiyasi mərkəzlər arasında əlaqələndirici məkan kimi təqdim etməyə çalışır. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdəki çıxışlarında tez-tez vurğuladığı “Şərqlə Qərbin qovşağı” tezisi WUF13 kontekstində daha geniş geosiyasi məna qazanır.
Xüsusilə diqqətçəkən məqamlardan biri Azərbaycanın özünü “Qlobal Şimal” ilə “Qlobal Cənub” arasında körpü kimi təqdim etməsidir. Son illərdə beynəlxalq sistemdə bu iki blok arasında siyasi və iqtisadi ziddiyyətlərin artdığı müşahidə olunur. İnkişaf etməkdə olan dövlətlər qlobal idarəetmə institutlarında daha çox təmsilçilik tələb edir, Qərb isə beynəlxalq qaydaların qorunmasını prioritet kimi təqdim edir. Azərbaycan məhz bu boşluğu doldurmağa çalışan aktorlardan biri kimi görünür. Bakı həm Qərb institutları ilə əməkdaşlığı davam etdirir, həm də Türk dünyası, Qoşulmama Hərəkatı, İslam dünyası və inkişaf etməkdə olan ölkələrlə paralel münasibətlər qurur. Bununla paralel olaraq şəhərin rəqəmsal və urban modernizasiya prosesi də Bakının yeni siyasi imicinin formalaşmasında mühüm rol oynayır. Müasir dünyada şəhərlər texnoloji inkişafın vizual göstəricisinə çevrilib. “Ağıllı şəhər” layihələri, rəqəmsal xidmətlər, “yaşıl enerji” infrastrukturu və dayanıqlı urban idarəetmə modelləri artıq dövlətlərin inkişaf səviyyəsinin əsas indikatorları hesab olunur. Bakı son illərdə məhz bu istiqamətdə transformasiya olunan şəhər obrazı yaradır.
Digər mühüm amil təhlükəsizlik və siyasi sabitlik imicidir. Müasir beynəlxalq sistemdə qlobal tədbirlərin keçirilməsi üçün dövlətin təhlükəsizlik imkanları və daxili sabitliyi əsas şərtlərdən biridir. Regional qeyri-sabitlik fonunda Bakının iri beynəlxalq tədbirləri uğurla təşkil etməsi Azərbaycanın özünü “stabil platforma dövləti” kimi təqdim etməsinə imkan yaradır.
Bakının yeni geosiyasi identikliyində multikultural və transregional obraz da xüsusi yer tutur. Azərbaycan uzun illərdir özünü müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin kəsişmə nöqtəsi kimi təqdim edir. WUF13 kimi platformalar isə bu narrativi beynəlxalq səviyyədə daha görünən edir. Şəhərin memarlıq strukturu, tarixi irsi və modern urban məkanı bir arada Azərbaycanın vermək istədiyi siyasi mesajı tamamlayır: Bakı həm Şərqə, həm də Qərbə aid olan, eyni zamanda, heç bir geosiyasi blokun sərt ideoloji çərçivəsinə tam daxil olmayan çevik platformadır.
Son olaraq qeyd edək ki, əslində, dəyişən dövlətin özünü necə təqdim etməsi, hansı siyasi identiklik qurması və beynəlxalq sistemdə hansı funksiyanı üzərinə götürmək istəməsi ilə bağlıdır. Azərbaycan regional təhlükəsizlik gündəliyindən qlobal transformasiya gündəliyinə inteqrasiya olunur; enerji mərkəzi obrazını beynəlxalq dialoq və qlobal kommunikasiya mərkəzi modeli ilə tamamlayır. WUF13 isə bu transformasiyanın ən görünən siyasi simvollarından birinə çevrilir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


