BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda təqdimat keçirilib.
Əvvəlcə Xankəndi şəhəri, Şuşa, Ağdərə və Xocalı rayonlarında görülən bərpa-quruculuq işlərinə dair videoçarx nümayiş olunub.
Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov işğaldan azad olunduqdan dərhal sonra rayonda quruculuq işlərinin başladığına diqqət çəkib. Onun sözlərinə görə, bu proses son bir neçə il ərzində çox sürətlə inkişaf edib. Xüsusi nümayəndə bildirib ki, Şuşada 200-ə yaxın tarixi və mədəniyyət abidəsi mövcuddur, onların əksəriyyəti işğal dövründə dağıdılaraq zərər görüb. Tut bağında yerləşən 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası daxil olmaqla ümumilikdə 27 abidə bərpa edilib.
A.Kərimov əlavə edib ki, 2024-cü il mayın 10-dan etibarən Şuşaya 1411 nəfər, yəni 377 ailə köçürülüb. Birinci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina istifadəyə verilib. Artıq Şuşada Müalicə-Diaqnostika və Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Qızlar Gimnaziyası Məktəbinin də bərpa işləri davam etdirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov isə vurğulayıb ki, Xankəndi, Ağdərə və Xocalıda minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri ən çətin proseslərdən biri idi. “Xankəndidə 1456 hektar, Ağdərədə 10 min 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib”, - deyə xüsusi nümayəndə əlavə edib.
E.Yusubov məlumat verib ki, işğaldan azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə (4510 nəfər) qayıdıb: “Dəmir yolu və avtobus terminal layihəsi çərçivəsində, 28 kilometr uzunluğundakı Ağdam-Xankəndi dəmir yolu xəttinin dizayn işləri 90 faiz, tikintisi isə 51,1 faiz tamamlanıb. Eyni layihə çərçivəsində yer alan Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin də dizayn işlərinin 90 faizi, tikinti işlərinin isə 40 faizi yekunlaşıb”.
Qeyd edək ki, tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
***
Həmin gün “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiya da təşkil olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yeni nəqliyyat dəhlizlərinin, dəmir yollarının, avtomobil magistrallarının, enerji infrastrukturunun və rəqəmsal şəbəkələrin yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya etdiyini vurğulayıb. Deyib ki, bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir.
Energetika naziri Pərviz Şahbazov çıxışında bildirib ki, gələcəyin şəhərləri artıq ölçüləri ilə deyil, enerji səmərəliliyi, texnoloji inkişafı və regional bağlantıları ilə dəyərləndiriləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib. O deyib ki, Azərbaycan son 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub.
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev diqqətə çatdırıb ki, Azərbaycan son beş ildən artıq müddətdə regionun yaxın tarixində ən geniş və əhatəli yenidənqurma proqramlarından birini həyata keçirir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vurğulayıb ki, Azərbaycan Avrasiya məkanında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Nazirin sözlərinə görə, ötən il Azərbaycan ərazisindən 17 milyon ton yük daşınıb.
***
Dünən WUF13 çərçivəsində “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya da keçirilib.
Müzakirəni UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi birgə təşkil edib.
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin (UCCN) katibi Denise Bax bildirib ki, mədəniyyət bütün proseslərin tərkib hissəsidir. O deyib ki, UNESCO bu sahədə hər zaman innovativ ev modellərinin qurulması, icmaların və yerli iqtisadiyyatın dəstəklənməsi sahəsinə öz dəstəyini verməyə hazırdır. O bildirib ki, mədəniyyət qlobal məşğulluğun 3.55 faizini təşkil edir ki, bunun da əksəriyyəti şəhərlər üzrə göstəriciyə əsaslanır.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsinin Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində artan beynəlxalq rolunun aydın göstəricisi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan zəngin şəhərsalma və memarlıq ənənələrinə malikdir.
Nazir müavini deyib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr - İçərişəhəri, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, həmçinin Şəkinin tarixi mərkəzi və Xan Sarayı ölkənin zəngin mədəni irsini əks etdirir. Müasir dövrdə isə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və “Ağ Şəhər” layihəsi Azərbaycanın innovasiya və dayanıqlı inkişaf baxışını nümayiş etdirir.
Tədbir panel müzakirələri ilə davam edib.
Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov bildirib ki, yaradıcı şəhərlər şəbəkəsi təxminən 10 il əvvəl formalaşmağa başlasa da, son 3 ildə bu istiqamətdə inkişaf daha sürətli olub. Hazırda yaradıcı sənayelərin dəstəklənməsi üçün yeni alətlər kimi qiymətləndirilən geniş layihələr şəbəkəsi mövcuddur.
Sonra Buxara şəhər merinin müavini və Şəhər İnvestisiya, Sənaye və Ticarət İdarəsinin rəhbəri Şarofiddin Xusenov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər Yenilənməsi və İctimai Məkan üzrə rəhbəri Xose Çonq və digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.
Çıxışlarda şəhərlərin davamlı inkişafında yaradıcı yanaşmaların və mədəni resursların rolunun getdikcə artdığı vurğulanıb.
***
Forum çərçivəsində “Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyası”nın yüksəksəviyyəli iclası da keçirilib.
İclas COP29 zamanı yaradılmış Bakı Davamlılıq Koalisiyasının (BCC) fəaliyyətinin genişləndirilməsinə və şəhər iqlim idarəçiliyində davamlılığın təmin olunmasına həsr edilib.
Məclisin açılışında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış ediblər.
Bildirilib ki, koalisiyanın əsas məqsədi şəhər iqlim siyasətində mövcud boşluqları aradan qaldırmaq, müxtəlif maraqlı tərəflər arasında davamlı əməkdaşlığı təmin etmək və beynəlxalq forumlararası dövrlərdə ardıcıllığı qorumaqdır.
İclasda Azərbaycan, Türkiyə, Misir və Braziliya da daxil olmaqla bir sıra ölkələrin nümayəndələri ilə yanaşı, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da iştirak edib. Bundan əlavə, Keniya, İspaniya, Kanada, Çin, İtaliya, Kolumbiya, Ekvador, Malayziya, Polşa və Efiopiya kimi ölkələrin də prosesə qoşulduğu qeyd olunub.
Panel müzakirələrdə Birləşmiş Ərəb Əmirlikləri Energetika və İnfrastruktur Nazirliyinin infrastruktur və nəqliyyat işləri üzrə nazir müavini Məhəmməd İbrahim Əl-Mənsuri, Braziliya Şəhərlər Nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Antonio da Kosta e Silva, Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri Alis Vahome, Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maimuna Mohd Şərif və başqaları çıxış ediblər.
***
Forumda BMT-nin Məskunlaşma Proqramının “World Cities Report 2026” hesabatının təqdimatı keçirilib.
Mərasimə UN Habitatın nümayəndəsi Edlam Yemeru moderatorluq edib.
Sonra BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax dəyirmi masada videoformat şəklində çıxış edib. Bildirib ki, dünyada baş verən bir sıra proseslər məskunlaşma kasadlığına gətirib çıxarır: "Qlobal məskunlaşma onilliklər ərzində yaranan problemdir. Milyonlarla insan qeyri-təhlükəsiz şəraitdə yaşayır. Onların ən elementar xidmətlərə belə əlçatanlılığı yoxdur. Hazırda 123 milyon insan qaçqın və məcburi köçkün halına düşüb. Bu da yerli əhalinin yoxsulluğuna gətirib çıxarır".
UN-Habitatın bölmə rəhbəri Benedikt Arimah bildirib ki, hazırlanmış hesabat qlobal məskunlaşma böhranına həsr olunub və burada əsas diqqət konkret həll yollarına yönəldilib: "Hesabatda qlobal məskunlaşma sahəsində mövcud olan böhran, problemlər və çətinliklər, eləcə də bu prosesə uyğun tərəfdaşların və əməkdaşların necə cəlb olunmalı olduğu ətraflı şəkildə təhlil edilir. Biz hesabat çərçivəsində beş əsas meyar üzərində dayanmışıq. Bunlar mənzil əlçatanlığı, qeyri-formal məskunlaşma, iqlim riskləri və dayanıqlılıq, iqlim dəyişikliklərinin təsiri, həmçinin inklüziv şəhərlərin formalaşdırılmasıdır.
Bundan əlavə, hesabat daha yeddi əlavə göstəricini də özündə ehtiva edir. Hesabatın birinci bölməsində əsas diqqət mövcud böhranın mahiyyətinə və səbəblərinə yönəlib. İkinci bölmədə bu sahədə qəbul olunmuş siyasətlər və tətbiq edilən yanaşmalar təhlil olunur. Üçüncü bölmədə isə böhranın əsas göstəriciləri, hökumətlərin bu problemlərə hansı yollarla həll tapa biləcəyi, maliyyə mexanizmləri və digər çıxış yolları araşdırılır. Araşdırmaların nəticələrinə görə, hazırda 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur".
Meksikanın Milli Elm və Texnologiya Şurasının tədqiqatçısı Hector Becerril Miranda problemləri həll etmək üçün ilk növbədə, hüquqi tənzimləməyə baxılmalı olduğunu vurğulayıb.
Niderlandın Erasmus Rotterdam Universitetinin Mənzil və Şəhər İnkişafı Araşdırmaları İnstitutunun baş direktoru David Dodman hesabatda məskunlaşma ilə bağlı problemin əhatəli qeyd olunduğunu deyib.
Böyük Britaniyanın Liverpool Universitetinin professoru Taibat Lawanson çıxışı zamanı mənzil təminatının yalnız tikinti prosesi deyil, kompleks yanaşma tələb edən mühüm sosial-iqtisadi məsələ olduğunu bildirib.
Pakistanın Pəncab əyalətinin Əlçatan Mənzil Proqramının direktoru İmran Ali Sultan dünyada mənzil böhranının dərinləşməsinə diqqət çəkib. Məhkəmə və bank sektorunun mənzil böhranı zamanı oynadığı rola toxunub. Qeyd edib ki, bəzən məskunlaşma ilə bağlı qanunun qəbul edilməsi üçün 3 ilə yaxın vaxt tələb olunur.
Çinin Şəhər və Ətraf Mühit Araşdırmaları Mərkəzinin universitet tədqiqatları üzrə direktoru Yunqing Xu qeyd edib ki, hazırlanan qlobal hesabat yalnız qlobal meyilləri əks etdirmir, həmçinin yerli kontekstlərə uyğunlaşdırılması ilə də diqqəti cəlb edir. Onun sözlərinə görə, bu məsələdə əsas məqam düşüncə tərzinin dəyişməsidir.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
***
WUF13 çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq da keçirilib.
Yüksəkvəzifəli dövlət nümayəndələrini, BMT təmsilçilərini, beynəlxalq maliyyə institutlarını və inkişaf tərəfdaşlarını bir araya gətirən məclisdə iqlim maliyyəsinin, tərəfdaşlıqların və innovasiyaların miqyaslanabilən və insan mərkəzli şəhər uyğunlaşmasını necə dəstəkləyə biləcəyi müzakirə edilib.
Açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə iqlim dəyişikliklərinin təsirlərinin hər il daha da kritik xarakter aldığını, artan temperaturun və su ehtiyatlarının azalmasının yeni çağırışlar yaratdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi artıq ciddi problemə çevrilib. Bunun balıqçılıq sahəsindən tutmuş sahilyanı ərazilərdə yaşayan əhalinin həyatına, turizm iqtisadiyyatına və ümumi ekosistemə qədər milyonlarla insanın yaşamına təsir göstərdiyi vurğulanıb.
Dialoq BMT-nin Ətraf Mühit Proqramının Avropa Ofisinin regional koordinatoru Mahir Əliyevin moderatorluğu ilə müzakirələrlə davam edib.
Müzakirələrdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş katibinin köməkçisi və icraçı direktorunun müavini Elizabeth Maruma Mrema, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti Bölməsinin direktoru Rania Sharshr və başqaları iştirak ediblər.
XQ





