Mayın 17-dən etibarən Bakı Birləşmiş Millətlər Təşkilatının 13-cü Şəhərsalma Forumuna ev sahibliyi edir. Bu mühüm beynəlxalq müzakirə ölkəmiz üçün bir sıra strateji imkanlar yaradır.
Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibədə bildirib ki, Bakı forumu Azərbaycan üçün indiyədək görülən işləri, gələcək planları auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək baxımından, eyni zamanda, tərəfdaşların təcrübəsindən yararlanmaq üçün bir fürsətdir: “İştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”.
Qeyd edək ki, dünyanın 182 ölkəsindən qeydiyyatdan keçmiş 45 mindən artıq iştirakçı Azərbaycanın həyata keçirdiyi müasir şəhərsalma modeli ilə yaxından tanış olmaq imkanı əldə edəcək. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur 30 il ərzində Ermənistanın işğalı altında qalıb və həmin müddətdə genişmiqyaslı dağıntılara məruz qalaraq demək olar ki, tamamilə məhv edilib. Erməni vandalizminin izlərini ən çox öz üzərində hiss etdirən şəhərlərdən biri də Ağdamdır. Bu şəhər dağıntıların miqyasına görə “Qafqazın Xirosiması” adlandırılır. İşğal dövründə yaşayış evləri, tarixi və mədəni irs nümunələri, ictimai binalar və infrastruktur məqsədli şəkildə sökülərək yerlə-yeksan edilib.
Bu baxımdan xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Məhz bu bölgələrdə həyata keçirilən layihələr Azərbaycanın dayanıqlı və innovativ şəhərsalma yanaşmasının əsas nümunələrindən biri hesab olunur. Belə ki, azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin icrası yeni urbanizasiya modelinin formalaşmasına xidmət edir. Bu təşəbbüslər təkcə ölkə daxilində deyil, qlobal şəhər innovasiyaları baxımından da mühüm töhfə kimi qiymətləndirilə bilər. Eyni zamanda, rəsmi Bakının postmünaqişə dövründə əldə etdiyi bərpa və quruculuq təcrübəsi oxşar problemlərlə üzləşmiş ölkələr üçün nümunəvi model kimi çıxış edir.
Prezident İlham Əliyev həmin müsahibədə bu məsələyə də xüsusi diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, ölkəmiz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırıb: “Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik. İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib”.
Ölkə başçısı əlavə edib ki, dəmir yollarının, məktəblərin, xəstəxanaların və digər zəruri infrastrukturun qurulması paralel şəkildə həyata keçirilir. Dövlət başçısının sözlərinə görə, yenidənqurmanın ilk illərində əsas sərmayə infrastrukturun yaradılmasına yönəldilmişdisə, hazırda prioritet yaşayış sahələrinin tikintisinə verilir. Bu çərçivədə şəhərlərin baş planları əsasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun layihələr icra olunur, hər bir yaşayış məntəqəsi üzrə müəyyən edilmiş planlar mərhələli şəkildə həyata keçirilir. Prezident vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bu təcrübə bənzər problemlərlə üzləşmiş ölkələr üçün yenidənqurma sahəsində nümunəvi model ola bilər.
***
Bakıda keçirilən və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 qlobal mənzil çağırışlarını ön plana çıxarmaqla mənzil təminatını inklüzivlik və dayanıqlılığın əsas amillərindən biri kimi müzakirə edir, eyni zamanda, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Yeni Şəhər Gündəliyinin icrasına töhfə verməyi hədəfləyir. Bu baxımdan forumun əsas mövzusu Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma prosesi ilə xüsusi uyğunluq təşkil edir. Belə ki, uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz doğma torpaqlarına qayıdışı və onların müasir, təhlükəsiz yaşayış məskənləri ilə təmin olunması ölkənin sosial ədalət və yaşayış hüququnun bərpası istiqamətində atdığı mühüm addımlardan biridir. Eyni zamanda, bölgədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yeni urbanizasiya modelinin qurulması Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində formalaşdırdığı nümunəvi yanaşmanı beynəlxalq ictimaiyyətə nümayiş etdirmək üçün mühüm imkan yaradır.
Nəzərə çatdıraq ki, məcburi köçkünlərin mənzil təminatı uzun illər ərzində Azərbaycanın sosial siyasətinin əsas prioritet istiqamətlərindən biri olub. Ermənistanın işğal siyasəti nəticəsində doğma yurdlarını tərk etməyə məcbur qalan yüz minlərlə insanın sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə işğal dövründə ölkənin müxtəlif bölgələrində məcburi köçkünlər üçün yeni qəsəbələr və müvəqqəti yaşayış məskənləri salınıb, onların mənzil, təhsil, səhiyyə və digər sosial ehtiyaclarının qarşılanması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Lakin dövlət siyasətinin əsas məqsədi onların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək olub. İllər öncə Cocuq Mərcanlıya həyatın yenidən dönməsi Böyük Qayıdışın başlanğıc nöqtəsinə çevrildi.
M.FİRİDUNOĞLU
XQ

