Soyqırımı qurbanları yad edilib

post-img

Mingəçevir

31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə bağlı Mingəçevir Şəhidlər xiyabanında şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə anım mərasimi keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək 108 il bundan qabaq Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, ayrı-ayrı dövrlərdə, 1988-1994-cü illərdə separatçı ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, törədilən qətliamlardan, işğalçılıq əməllərindən söz açıb. Yaxın tariximizdə baş verən hadisələrdən, minlərlə soydaşımızın doğma yurd yerlərindən didərgin salınmasından bəhs edərək bildirib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il mart ayının 26-da imzaladığı müvafiq sərəncamla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib. Bu siyasi xəttin uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin siyasi səriştəsi, qətiyyəti, Milli Ordumuzun cəsur əsgər və zabitlərinin, şəhidlərimizin qəhrəmanlığı sayəsində uzun illərdən sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni faşistlərinin cavabı qətiyyətlə verilmiş, işğal altında qalan torpaqlarımız azad edilmişdir.

Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi Mayıl İsmayılov, Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün müəllim Sevil Əlişova, 14 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev çıxış edərək Soyqırımı Günü ilə əlaqədar fikirlərini bölüşüblər. Şəhidlərimiz yad olunub, qazilərə cansağlığı arzulanıb.

Zaqatala

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Zaqatala şəhərində keçirilən toplantıda rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Anar Seyidovun “Tariximizi unutmayaq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə geniş məlumat verilib.

Qeyd olunub ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən müharibədə əzəli Qarabağ torpaqlarımızın birdəfəlik erməni faşizmindən azad edilməsinə nail olub. Bu şanlı Qələbə sayəsində soyqırımı qurbanlarının da qanı yerdə qalmayıb, onların qisası döyüş meydanlarında alınıb.

Toplantıda çıxış edənlər erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.

Qax

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəhidlər xiyabanında Qax rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları və YAP rayon təşkilatının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilat kollektivlərinin, rayon ictimaiyətinin nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.

Toplantıda Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masa ilə davam edib. Qax Rayon İcra Hakimiyyətinin başçısının müavini, ərazi-idarəetmə və ictimai məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki xəsarətlər yetirilmiş və öz torpaqlarından qovmuşlar.

Təəssüf ki, bu hadisələrə uzun illər ərzində obyektiv hüquqi-siyasi qiymət verilməyib. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində yanaşma formalaşıb. Məhz ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan olundu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

Çıxış edənlər erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların, faciələrin xalqımızın qan yaddaşında dərin izlər buraxdığını və heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırıblar.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri





Sosial həyat