Prezident İlham Əliyevin 2026-cı ili Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan etməsi ölkəmizdə hərtərəfli yeniləşmə və tərəqqi prosesinə növbəti töhfədir. Bu, şəhərlərimizin simasına yeni müasir çalarlar gətirəcək, tarixi memarlıq irsimizin qorunub inkişaf etdirilməsində mərhələ olacaq.
May ayında “Dünya Şəhərsalma Forumu”nun Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya gündəliyinin formalaşmasında artıq fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini bir daha təsdiqləyəcək. Sumqayıtda da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Prezident sərəncamından irəli gələn vəzifələr ayrıca tədbirlər planında öz əksini tapıb. Burada il ərzində müvafiq mövzuda müxtəlif konfranslar, forumlar, dəyirmi masalar, seminarlar, müsabiqələr, mədəni-kütləvi tədbirlər və ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulur.
...Doğma şəhərimi gəzə-gəzə düşünürəm ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizin XX əsr şəhərlərindən olan Sumqayıt da xeyli böyüyüb, abadlaşıb, gözəlləşib. Burada müasir yaşayış massivləri salınıb, yeni təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələr tikilərək istifadəyə verilib. Əsl şəhər infrastrukturu yaradılıb. Prezident İlham Əliyev də regionların sürətli inkişafı Dövlət proqramları çərçivəsində Sumqayıtın problemlərinin həllində, şəhərin hərtərəfli yeniləşməsində ciddi dönüşə nail olub. Yeni əsrin ilk illərindən şəhərin coğrafiyası yeni ünvanlar hesabına xeyli genişlənib.
Ev-ev, küçə-küçə böyüyən şəhər
Hələ ötən əsrin 30-cu illərinin əvvəlindən ölkə rəhbərliyi Abşeronda 2-ci böyük sənaye mərkəzinin salınmasını planlaşdırırdı. İlk tikintilərə 1938-ci ildə start verilsə də, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar bu işlər yarımçıq qalıb və yalnız 1944-cü ildə, müharibənin son mərhələsində yenidən bərpa olunub.
Sumqayıtın Baş planı isə daha sonrakı illərdə formalaşdırılıb. 1948-ci ildə Moskvadakı layihə institutlarından birində yeni sənaye mərkəzinin Baş planı təsdiqlənib. Şəhərin yaşayış zonalarının layihələndirilməsi isə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun öhdəsinə düşüb. Bu layihə 1947–1949-cu illərdə işlənib hazırlanıb. İlk qurucularının ürəklərində, arzularında Abşeronun boz çöllüyünə gətirilən şəhər ev-ev, küçə-küçə abidələşib.
...Mərkəzi prospektlərdən birindəki yaraşıqlı binanın divarına vurulmuş xatirə lövhəsini görüb ayaq saxlayıram. Lövhədə Sumqayıtı yaradıb-quranlardan biri olmuş Kərim Axundovun burada yaşadığı qeyd edilib. Bir əsrlik yubileyi ərəfəsində onun mənzilində qonağı olduğumu xatırlayıram. Deyirdi ki, 50-ci illərdə Sumqayıta gələndə şəhər taxta baraklardan və cəmi bir neçə ikimərtəbəli daş binadan ibarət olub.
Bakıdan bir qədər şimalda salınan Sumqayıtda quruculuq işlərinə həvəslə qoşularaq, taleyini ömürlük gənclik şəhəri ilə bağlayıb. Bir sıra inşaat təşkilatlarında çalışıb, sənaye və mülki tikinti trestlərinə rəhbərlik edib, 13 il də şəhər icraiyyə komitəsi sədrinin 1-ci müavini olub. Neçə-neçə orden və medala layiq görülüb. Göz önündəcə artan, ucalan, “göylərə meydan oxuyan” Sumqayıt indi artıq yarım milyona qədər əhalisi olan böyük bir şəhərdir.
Obrazlı şəkildə desək, Sumqayıtı əlləri üstə böyüdənlərdən biri də 50-ci illərdə şəhər partiya komitəsinə rəhbərlik etmiş görkəmli dövlət xadimi Kamran Hüseynov olub. İndi onun qızı Hicran Hüseynova Milli Məclisin Sumqayıtdan seçilmiş deputatıdır. Tanınmış şair Vaqif Bəhmənlinin “Sumqayıtın fəxri vətəndaşı” adına layiq görülmüş Kamran Hüseynov haqqında “İlin beşinci fəsli. Kamran” adlı kitabında həmin dövrdə yeni şəhərdə yaradılan xariqələrdən ətraflı bəhs olunub.
Elə buradaca yaşlı sumqayıtlıların minnətdarlıq duyğuları ilə xatırladıqları digər bir tanınmış – “Azərdövlətlayihə” institutunun memarı Nəsrulla Kəngərli də yada düşür. Sumqayıtın ilk Baş planı və bu şəhərdəki bir neçə nadir tikili Nəsrulla Kəngərlinin zəkasının məhsuludur. Həkim dostumuz Aqşin Kəngərlinin atası, “Əməkdar inşaatçı” Nəsrulla Kəngərli 1968–1985-ci illərdə şəhərdə salınmış yaşayış məhəllələri, ictimai və digər təyinatlı binaların layihə müəlliflərindən olub. Bu kompleks və yaradıcı işinə görə o da, elə ilk qurucu Kərim Axundov da SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülüblər.
Sumqayıtı fədakar əməyi ilə ucalda-ucalda özləri də ucalan Sərvər Bədəlbəyli, Kamal Axundov, Zülfi Hacıyev, Məzahir Abdullayev, Aslan Osmanov, Gülbahar və İmamverdi Vəliyevlər burada bir sıra sənaye və tikinti müəssisələri, yaşayış binaları, ictimai obyektlər, C.Cabbarlı, N.Nərimanov, Energetiklər, İnşaatçılar, S.Vurğun adına mədəniyyət saraylarını boya-başa yetirənlərdir. Onların fədakar əməyi ilə layihədən gerçəyə çevirdikləri ilk Baş plan, nəhayət, 70 il sonra yenisi ilə əvəzlənib və modernləşdirmə təmayüllü olması ilə seçilib.
Tarixi yaşadan abidələr
Yeniliklər nə qədər çox olsa da, Sumqayıtın qədim tarix və mədəniyyət abidələri qorunub saxlanır. Ərazidəki Şah Abbas karvansarası, su ovdanları, XVI əsrə aid Corat hamamı, “Kərbəlayi Gülxatun” və “Cümə” məscidləri bu qəbildəndir. Köhnə qəbiristanlıqdakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Tarixi mənbələr göstərir ki, qədim “İpək Yolu” da Coratın yaxınlığından keçib. Deyilənə görə, buradakı “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer olub.
Sumqayıtın müasir memarlıq abidələri arasında N.Nərimanov adına Mədəniyyət Evi (1954), hazırda Dövlət Dram Teatrının fəaliyyət göstərdiyi S.Vurğun adına Mədəniyyət Sarayı (1956), Boru-prokat Zavodunun Mədəniyyət Evi (1952) diqqət çəkir. Bu binaların hər biri özəl memarlıq cəhətləri ilə seçilir. Yeri gəlmişkən, yaşı 70-dən çox olan mədəniyyət ocaqlarının əsaslı təmiri “Şəhərsalma və Memarlıq İli” ilə bağlı nəzərdə tutulan tədbirlər planına daxil edilib.
Gözəlliklər məskəni Sumqayıtın həm də qəhrəmanlığa, şücaətə sayğı ünvanı olduğunu buradakı abidələr də göstərir. İkinci Dünya müharibəsində həlak olanların xatirə-obeliski igid oğulların ruhuna ehtiramın ifadəsidir. 20 Yanvar şəhidlərinin şərəfinə ucaldılmış monument, Vətən müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış “Qalib əsgər” və “Zəfər ağacı” abidələri, Xocalı qurbanlarına həsr olunan monument və s. də ölməz ruhlara sayğı nişanəsidir. Hazırda Sumqayıtdakı Dövlət Bayrağı Meydanı və Bayraq Muzeyi şəhərin gözəlliyini daha da artırır. Yeni parklar, bağlar, arxitektur binalar da əsl mədəniyyət abidələridir. Əlvan mozaik pannolar, monumental və xatirə lövhələri, fəvvarələr abidə-şəhərin çeşidli atributları sayılır.
Son onilliyin memarlıq töhfələri
Sumqayıtda şəhərsalma və memarlıq tədbirləri çərçivəsində yaradılmış park-bulvar kompleksindən ayrıca danışmağa dəyər. Son onilliyə qədər bu şəhərdə axşamdan-səhərə zülmətə qərq olan böyük və baxımsız bir guşə qalırdı. Sumqayıt böyüyüb inkişaf etsə də, dənizkənarı ərazidəki o yerin qaranlığını aydınlatmaq məsələsi, sanki, tilsimə düşmüşdü. Nəhayət, bu şəhərin yetirməsi olan Zakir Fərəcov Sumqayıta icra başçısı təyin ediləndən dərhal sonra bir sıra mühüm tədbirlərlə bərabər, məhz Xəzərin ləpədöyəninin köklü şəkildə abadlaşdırılmasına start verildi. Qısa müddətdə orada Prezident İlham Əliyevin “əsl möcüzə” adlandırdığı möhtəşəm park-bulvar kompleksi yaradıldı. Bu məkan 2017-ci ilin iyulunda İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24-cü Beynəlxalq Üstünlük və Liderlik forumunda “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na layiq görüldü. 100 hektardan artıq ərazisi cəmi 8 aya inşa edilib üzə gülən sahil istirahət məkanı dizayn estetikasına, yüksək xidmət və beynəlxalq standartlara cavab verdiyi üçün həmin şərəfə nail oldu.
Sumqayıt bulvarında gəmi tərsanəsi, hündür estakada tikilib, karusellər, kafelər, kölgəliklər, fəvvarələr, yay estradası yaradılıb. Ayrı-ayrı guşələrdə nağıl qəhrəmanlarının heykəlləri, fauna fiqurları, “Şahmat oynayan babalar”, “Gitaraçı veteran”, “At arabası”, “Marallar”, “Rəqs edən cütlük” göz oxşayır. Milli arxitektura ənənələri üslubunda ucaldılmış Muğam Mərkəzində bayram mərasimləri yaddaqalan olur. Bu ərazidə hər cür infrastrukturu olan “göydələn”lərdən ibarət müasir yaşayış massivi Sahil küçəsinin gözəlliyini tamamlayır.
Nəsimi adına mədəniyyət və istirahət parkı da sakinlərin və qonaqların həvəslə üz tutduqları məkanlarındandır. Buranın əyləncə guşələrində ilin hər fəslində qələbəlik olur. “Yaşıl teatr”, Rəsm qalereyası, “Göyərçin”, “20 Yanvar” və “Xocalı” abidələri də bu parkda yerləşir.
Yeni əsrin əvvəllərindən Sumqayıta bəzən ildə 2-3 dəfə səfər etmiş dövlət başçısı İlham Əliyev ən müasir memarlıq tələblərinə uyğun şəkildə formalaşan gənclik və gözəllik şəhərinin coğrafi relyef baxımından əlverişli məkan olduğunu vurğulayıb. Bu şəhərin dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən birinə çevrildiyini dəfələrlə qeyd edib. “Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq”.
Konkret faktlar da göstərir ki, bu gün Sumqayıt artıq perspektivli turizm şəhəri olmağa iddialıdır. İnfrastrukturunun tam yenilənməsi, müasir dəmir yolu vağzalının, otellərin tikilməsi və digər tədbirlər bu hədəfin tezliklə reallaşacağını göstərir. Yeri gəlmişkən, inişil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçılarından bir qismi Sumqayıt-Novxanı aralığındakı otellərdə qalıb və şəhərlə tanışlıq gəzintilərinə də çıxıblar. Onlar Bakının 30 kilometrliyində “göylərə meydan oxuyan, ayağı torpaqda möhkəm dayanan” müasir şəhərin gözəlliklərinə heyran qaldıqlarını bildiriblər.
Burada teatrlar, konsert zalları, muzeylər və incəsənət mərkəzləri məhsuldar fəaliyyət göstərir. Prezidentin tapşırığı ilə Kimyaçı Mədəniyyət Sarayı və Sumqayıt Dövlət Dram Teatrının binası, Mehdi Hüseynzadə adına şəhər stadionu ən müasir üslubda əsaslı təmir olunaraq istifadəyə verilib. Onu da inamla deyə bilərik ki, Sumqayıt ölkəmizin ən yaşıl şəhəridir. Burada hər sakinə 26 kvadratmetr yaşıllıq düşür. Parklarda, xiyabanlarda saysız-hesabsız, növbənöv ağaclar əkilib, “yaşıl ada”lar salınıb. Şəhərdə 100-ə qədər “Nümunəvi məhəllə” yaradılıb. Abadlıq-quruculuq işləri və iməciliklər davamlı xarakter daşıyır.
Yeni yaşayış kompleksləri
Yuxarıda qeyd etdiyimiz kimi, Sumqayıtın tarixi simasının qorunub saxlanması ilə bərabər, bu şəhərdə, necə deyərlər, qocalıb əldən düşmüş “Fin evləri” və yaşayış üçün əlverişli olmayan digər binalar da tədricən sökülərək yerində hündürmərtəbəli komplekslər tikilir. “Şəhərsalma və Memarlıq İli”ndə bu, daha geniş vüsət almaqdadır. 4, 15, 16, 17, 20 və 21-ci məhəllələrdə, eynilə İnşaatçılar və Kotec massivlərində istismar müddəti başa çatmış, yararsız yaşayış binalarının və qəzalı yataqxanaların sökülməsi və orada yaşayan sakinlərin yeni, təmirli mənzil sahəsi ilə təmin olunması nəzərdə tutulur. Azərbaycanın ən böyük sənaye və mədəniyyət mərkəzlərindən biri olan Sumqayıta çağdaş tələblər səviyyəsində, urbanistik inkişaf yönümündən əsaslandırılaraq əl gəzdirilir.
Bu ayın əvvəlində Sumqayıta səfər etmiş Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepona Sumqayıtın yaranma tarixi, sənaye şəhəri kimi formalaşması, əhalinin məşğulluq səviyyəsi, sosial infrastrukturun inkişafı, eləcə də son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verliib. Sumqayıtın innovativ layihələrin icra olunduğu strateji şəhərlərdən biri olduğu bildirilib. Qonaq gənclik şəhərinə səfərindən məmnunluğunu ifadə edərək, şəhərdə gördüyü dinamik inkişaf prosesini yüksək qiymətləndirib.
Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyevin dedikləri:
– “Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq, doğma Sumqayıtımızın görkəminin daha da yaxşılaşdırılmasına çalışırıq. Artıq bir müddətdir ki, Baş plana əsasən, köhnə məhəllələrdə taxta konstruksiyalı və qəzalı binalar sökülərək yerində müasir yaşayış kompleksləri inşa edilir. Bu da daha çox ailənin yeni və rahat mənzillərlə təmin olunmasına, sosial rifahın yaxşılaşmasına şərait yaradır.
“Şəhərsalma və Memarlıq İli”ndə görüləcək tədbirlər sırasında bir sıra köhnə sosial və mədəni obyekt binalarının əsaslı təmiri də nəzərdə tutulur. Eyni zamanda, əhali sayının artması ilə əlaqədar olaraq, şəhərin yol infrastrukturu da genişləndiriləcək, yaşıllıq zolaqları artırılacaq. Bu sıraya mövcud bulvar kompleksinin “Xəzər bağları” ərazisinədək uzadılması da daxildir.
Hazırlanan strateji memarlıq və şəhərsalma planları şəhərin gələcək inkişaf modelini müəyyənləşdirir və onun daha modern bir şəhərə çevrilməsini hədəfləyir. Nəticədə Sumqayıt daha müasir, rahat və ekoloji baxımdan dayanıqlı bir şəhərə çevriləcək.
Bizcə, “Şəhərsalma və Memarlıq İli”nin töhfələri köhnə məhəllələrin təzələnməsi ilə paralel, “Yaşıldərə”, “Naxalstroy”, “Betonzavod” kimi məskunlaşma sahələrində də zəruri səliqə-sahmana rəvac verə bilər. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər fəallarının toplantılarında və sakinlərlə görüşlərində dəfələrlə bu məsələyə münasibət bildirib, ən ucqar yerlərin belə gözdən – könüldən iraq qalmamasını önə çəkib.
Fərəhli haldır ki, Sumqayıtın memarları, inşaatçıları, abadlaşdırma və kommunal sahə işçiləri təkcə şəhərin bugünkü inkişafına deyil, onun gələcək tərəqqi konsepsiyasının formalaşmasına da nail olmaq əzmindədirlər. Əsas məram odur ki, hər bir sakin ürəklə deyə bilsin: “Mən bu gözəl şəhərdə yaşamağımla fəxr edirəm!”.
Əli NƏCƏFXANLI
XQ






